Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1211/2023 06.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, bəraət almış şəxs Məhkum və onun Müdafiəçi2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-801/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Bəraət almış şəxs Məhkum 23 iyun 1971-ci il tarixdə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, Gürcüstan Respublikası, Tbilisi şəhəri, Lamiskana küçəsi, ev 16 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 yaşayır. 2. 20 sentyabr 2021-ci il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 07 oktyabr 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qər arı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və iş açıq məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum xx.xx.2021-ci il tarixdə, saat 20:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, yəni Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə aldıqdan sonra 1 aydan artıq olmayan müddətdə sürücülük vəsiqəsini dəyişdirməməklə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan etibarnamə əsasında idarə etdiyi “X8” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilini Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsindən Zabrat qəsəbəsi istiqamətində hərəkət etdirərkən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsində yerləşən “Kürdəxanı” marketin qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni hərəkəti üçün təhlükənin yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda görməmiş, yolun hərəkət hissəsini sağdan sola doğru keçən piyada X2 nəqliyyat vasitəsinin ön hissəsi ilə vurmaqla sonuncuya alın sümüyünün və boyunun İ, İİ fəqərələrinin qəlpəli sınıqları ilə əlaqədar baş beyin maddəsinin və onurğa beyinin boyun şöbəsinin əzilməsi kimi xəsarətlər yetirərək ehtiyatsızlıqdan X1 ölümünə səbəb olmuş, həmçinin "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələbini pozmaqla, yəni nəqliyyat vasitəsinin sürücüsü yolnəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanı qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkənlərə həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalı, yolun hərəkət hissəsini boşaltmaq və ya zərərçəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir kimi tələbləri pozmaqla yol n əqliyyat hadisəsi yerindən qaçmışdır.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-218/2022 nömrəli, 25 fevral 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3000 (üç) min manat cərimə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 9 (doqquz) ay 4 (dörd) gün müddətin təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 3 (üç) il 2 (iki) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən təyin olunmuş əlavə cəzaların qismən toplamaq və toplanmış əlavə cəzanın əsas cəzaya birləşdirməklə qəti olaraq 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası və 3000 (üç) min manat cərimə cəzasının təyin edilməsi, azadlıqdan məhrum etmə cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, təyin edilmiş cərimə cəzasının müstəqil icra olunması h ökm edilmişdir.
6. Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 apellyasiya şikayəti verib hökmün ləğv edilməsi və bəraət hökmünün çıxarılmasını xahiş edilmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs ifadəsində piyadanın yolun məhz ehtiyat hissəsində dayanmasını vurğulasa da, müstəntiq bu hal ilə razılaşmış və bununla bağlı hər hansı sual verməmişdir. Müstəntiq tərəfindən təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası qərarında əsassız olaraq piyadanın “adi yerişlə” dörd metr məsafə qət edilməsi əks olunmuşdur. Halbuki piyadaların hərəkət sürəti cədvəlində adi yeriş anlayışı mövcud deyildir. Bundan əlavə, qeyd edilmiş adi yeriş sözü hər hansı ifadədə işlənilməməsinə baxmayaraq, müstəntiq tərəfindən bu söz əlavə edilərək ekspertiza təyin edilmişdir. İş materiallarından göründüyü kimi, müstəntiq tərəfindən piyadanın yeriş tempi ilə bağlı hər hansı sual verilməmiş və ya dəqiqləşmə aparılmamışdır. Bundan əlavə piyadanın reaksiya vaxtı 0,6 saniyə göstərilmişdir. Lakin, piyada hərəkət hissəsinin kənarında, ehtiyat hissədə hərəkətsiz dayanmışdırsa, sürücünün reaksiya vaxtı 1 saniyə hesablanmalıdır. Göründüyü kimi, sürücün reaksiya vaxtı əsassız olaraq 0,4 saniyə azaldılmışdır. Bu hal qəsdən edilməmiş səhv olsa belə, nəticədə sürücünün dayanma imkanları süni şəkildə 6,67 metr uzadılmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-801/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəm əsinin 1(101)-218/2022 nömrəli, 25 fevral 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə əsasən ləğv edilmiş, təqsirliliyi sübuta yetirilmədiyindən Məhkum Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə elan olunmuş ittiham üzrə bəraət verilmişdir.
8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri və etirazlar
9. Kassasiya protestində qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qərar çıxarılarkən ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilməmiş, nəticəd ə Məhkum təqsirsizliyi barədə məhkəmə qərarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Bununla yanaşı, kassasiya protestinin müəllifinin fikrincə, apellyasiya instansiyası məhkəməsinin Məhkum ittiham edildiyi Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə bəraət verilməsinə dair nəticəsi əsaslı hesab edilsə belə, zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduğuna görə onun əməli Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinə tövsif edilməli və o, həmin əsasla məhkum edilməli idi. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-801/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.
10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, baş qa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiy yətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Dövlət ittihamçısı kassasiya protestində mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlər inə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-801/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin hökmü qanuni və əsaslı hesab edir.
17. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə Avropa Məhkəməsinin presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
18. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
19. Bu baxımd an məhkəmə kollegiyası nəzərə alır ki, kassasiya protestində cinayət işinin mahiyyətinə aid qaldırılan bütün dəlillərə apellyasiya instansiyası məhkəməsinin hökmündə ətraflı cavablandırma verilmiş, protest müəllifi həmin hökmlə müəyyən edilmiş nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir. Məhkəmə kollegiyası bu halı baxılan kassasiya müraciətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və qeyd edir ki, hazırkı kassasiya protestində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gə ldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas müəyyən edilmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya müraciətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
20. Kassasiya protestinin Məhkum verilən bəraət əsaslı olduğu halda törətdiyi əməlin müvafiq hissədə Azərbaycan Respublikası CM-nin 264-cü maddəsindən həmin Məcəllənin 143-cü maddəsinə tövsif edilməli olduğuna dair dəlilinə gəldikdə isə məhkəmə kollegiyası xatırladır ki, bu məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən artıq münasibət bildirilməklə şərh verilmişdir.
21. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 yanvar 2004-cü il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarında aşağıdakilar qeyd edilmişdir: “CM-nin 264-cü maddəsinin dispozisiyasına görə nəqliyyat vasitəsini idarə edən şəxsin cinayət məsuliyyəti yol-nəqliyyat hadisəsi yerindən qaçması və CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda (yəni zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulduqda, onun ölümünə səbəb olduqda, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) yaranır. CM-nin 263-cü maddəsindən fərqli olaraq CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli subyektiv cəhətdən təqsirin qəsd forması ilə törədilir. Belə ki, təqsirkar baş verməsində təqsirli olduğu və məsuliyyət daşıdığı yol-nəqliyyat hadisəsi yerini qoyub qaçdığını şüurlu sürətdə dərk edir və məhz bu cür hərəkət etməyi arzu edir ki, bu da həmin cinayətlərin fərqli olduğunu bir daha təsdiq edir. Cinayət prosesi üzrə aparılan ibtidai araşdırma nəticəsində nəqliyyat vasitəsini idarə edən şəxsin yol hərəkəti və ya nəqliyyatın istismar qaydalarını pozması, bu pozuntu ilə baş verən nəticə (az ağır və ya ağır xəsarət, ölüm və ya iki və daha çox şəxsin ölümü) arasında səbəbli əlaqənin olub-olmaması aydınlaşdırılır. Əgər əlaqə mövcuddursa, bundan sonra şəxsin əməlinə və nəticəyə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti, yəni təqsiri aydınlaşdırılır. Bu hal mühüm əhəmiyyətə malikdir. Çünki CM-nin 264-cü maddəsi «Yol hərəkəti haqqında» Qanununa uyğun olaraq yol-nəqliyyat hadisəsi zamanı mexaniki nəqliyyat vasitəsinin sürücüsünü zərərçəkmişə ilkin tibbi yardım göstərilməsi üçün bütün mümkün tədbirləri görmək, «Təcili tibbi yardım» maşınını çağırmaq, zərərçəkənlər həyat üçün təhlükəli xəsarətlər aldığı hallarda isə onları səmt üzrə gedən nəqliyyat vasitəsində yaxınlıqdakı tibbi müəssisəyə göndərmək, bu mümükün olmadıqda isə, öz nəqliyyat vasitəsində aparmaq kimi vəzifələri yerinə yetirməyə vadar edir. Bu konteksdən görünür ki, qanunverici nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və y a nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yolnəqliyyat hadisəsi zamanı iştirakçıları təhlükədə qoymağa görə də cinayət məsuliyyəti müəyyən edir. Yəni, CM-nin 264-cü maddəsində nəzərdə tutulan cinayət norması CM-nin 143-cü maddəsində nəzərdə tutulmuş təhlükədə qoymağa dair ümumi normaya münasibətdə xüsusi norma kimi çıxış edir.”
22. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 143-cü maddəsində nəzərdə tutulan təhlükədə qoymağa dair dispozitiv şərt həmin maddəyə münasibətdə xüsusi norma kimi çıxış edən Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə əhatə edildiyindən, öz növbəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin dispozisiyasına görə nəqliyyat vasitəsini idarə edən şəxsin cinayət məsuliyyəti yol-nəql iyyat hadisəsi yerindən qaçması və Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda yarandığından, mövcud maddi cinayət qanunvericiliyinə əsasən şəxsə Azərbaycan Respublikası CM-nin 263-cü maddəsi ilə bəraət verildiyi halda, onun Azərbaycan Respublikası CM-nin 143-cü maddəsində nəzərdə tutulan əməli törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi istisna olunur.
23. Beləliklə, məhkəmə kollegiyası baxılan işdə Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində göstərilən pozuntulara yol verilməməsi haqqında nəticəyə gəlib, kassasiya müraciətində irəli sürülmüş dəlillərə görə mübahisələndirilən məhkəmə hökmünün ləğv edilməsini və həmin müraciətin təmin edilməsini mümkün hesab etmir.
24. Odur ki, məhkəmə kollegiyası çıxışlar ı dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-801/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.