Məhkəmə qərarları › İş №1(102)-1223/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1223/2025

03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1223/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxx-cü il tarixdə Cəlilabad rayonu, Ağdaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, əvəllər məhkum olunmamış, X qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya M əhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2024-cü il tarixli, 1(106)-38/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 1(099)-518/2023 nömrəli hökmü ilə (hakim: Ə.A.Əliyev (sədrlik edən) O.Y.Cəlilov və X.A.Nuriyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (alt) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 17 fevral 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər: M.Ə.Bağırov (sədrlik edən) İ.H.Əhmədov və E.İ.Əliyev) verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum 16 fevral 2023-cü il tarixdə, saat 12 radələrində Cəlilabad rayonu, Ağdaş kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətində qaynı Zərərçəkmiş şəxs ilə sonuncunun atası Şahid1 onun ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı təsərrüf at işlərini görmək məqsədi ilə üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını çıxarıb Zərərçəkmiş şəxs yaxın qohumları yəni, atası Şahid1, anası Şahid2 və bacısı Şahid3 onun bu hərəkətlərindən psixoloji sarsıntı keçirərək mənəvi əzab çəkmələrinə məhəl qoymayaraq xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə vuraraq sonuncuya qarının ön divarında qarın boşluğuna keçən və qara ciyəri zədələyən 1 (bir) ədəd deşilmiş- kəsilmiş yarası insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışlar ki, o qanunsuz yollarla əldə edilmiş sübutlar əsasında (zərərçəkmiş şəxsin qərəzli ifadələr i) törətmədiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmışdır. Məhkumun kassasiya şikayətində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasının ziddiyyətli sübutlar əsasında müəyyən edildiyi iddia edilir. Məhkum əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin tərkib əlamətləri olmadığı üçün Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2024-cü il tarixli qərarını dəyişdirərək, onun əməlini CM-nin 129.1 və 130.1-ci maddələrinə tövsif edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhk əmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində əməlinin xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma kimi – Cinayət Məcəlləsininin 126.2.3-ci maddəsi ilə düzgün tövsif olunmadığını iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti k imi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafi q maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum kassasiya şikayətindən görünür ki, o, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs ittihamda qeyd o lunan xüsusi amansızlıqla sağlamlığa ağır zərər vurmadığını, əksinə özünü zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərindən müdafiə etdiyini (CM 130), qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən Zərərçəkmiş şəxs sağlamlığa ağır zərər vurduğunu (CM 129), əməlinin Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə düzgün tövsif olunmadığını iddia edir. Məhkum törətdiyi (sadə tərkibi Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş) qəsdən sağlamlığa ağır zərər vurma cinayəti, qəsdən törədilən cinayət olduğu üçün təqsirkarın öz hərəkətlərinin ictimai-təhlükəli xarakterini dərk etməklə yanaşı zərərçəkmiş şəxsə ağır xəsarət yetirməyi arzu etməsini (CM-in 25.2-ci maddəsində təsvir edilən birbaşa qəsd) və yaxud arzu etməsə də, əməlinin bu ictimai-təhlükəli nəticəni törədə bilə cəyini öncədən görməsini, bununla belə həmin nəticənin baş verməsinə şüurlu surətdə yol verməsini (CM-in 25.3-cü maddəsində təsvir edilən dolayı qəsd) ehtiva edir. Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinə baxdıqda, aydın olur ki, sözügedən əlamətlə cinayətin törədilməsi barədə şəxsə qarşı ittihamın irəli sürülməsi üçün onun qəsdinin zərərçəkmiş şəxsə və yaxud hadisəni görən onun yaxınlarına məhz xüsusi əzab və iztirab verməyə yönəlməsi, yəni onun birbaşa qəsdlə hərəkət edib onlara xüsusi əzab və iztirab verməyi arzu etməsi tələb olunmur. Çünki, Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin məzmununa görə zərərçəkmiş şəxsə və yaxud zərərçəkmişin sağlamlığına ağır zərərin vurulmasına yönələn təqsirkarın hərəkətlərini görən zərərçəkənin yaxınlarına xüsusi əzab, iztirab vermək kimi xüsusi aman sızlığa dəlalət edən hallar maddənin dispozisiyasında təqsirkarın kriminal hərəkətlərinin məqsədi kimi deyil, onları müşayiət edən xüsusatlar kimi ehtiva edilmişlər. Bu səbəbdən təqsirkarın öz hərəkətlərinin həmin şəxslərə xüsusi əzab, iztirab verməsi kimi əlamətlərlə müşayiət olunduğunu dərk edib buna şüurlu surətdə yol verməsi, yəni həmin əlamətlərə münasibətdə Cinayət Məcəlləsinin 25.3-cü maddəsində təsvir edilmiş dolayı qəsdin mövcudluğu kifayətdir ki, onun əməli xüsusi amansızlıqla törədilən qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilsin (təbii ki, cinayət tərkibinin digər əlamətləri də müəyyən edildiyi təqdirdə). Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 saylı qəra rında əksini tapmış hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin Plenum qərarının 8-ci bəndində qeyd olunur ki, “Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər.” Plenum qərarının həmin müddəalarına və Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin mənasına görə qəsdən adam öldürmə cinayətinin zərərçəkmiş şəxsin yaxın adamlarının yanında törədilməsi özü-özlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Vacibdir ki, təqsirkar şəxsin niyyəti seçdiyi üsulla zərərçəkmiş şəxsin sağlamlığına onun özünə və yaxud yaxınlarına xüsusi iztirab yetirməklə ağır zərər vurmaq olsun (xüsusi iztirab yetirməyi arzu etsin) və yaxud bunu arzu etməsə də, seçdiyi üsulun zərərçəkmiş şəxsə, onun yaxınlarına xüsusi iztirab yetirdiyini dərk etsin və şüurlu surətdə buna yol versin, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin, onun yaxınlarının xüsusi əzab çəkməsinə) münasibətdə onun birbaşa və ya dolayı qəsdlə hərəkət etməsi müəyyən olunsun. Hazırki işin şərh edilən məsələ ilə əlaqədar müəyyən olunmuş halları isə ondan ibarətdir ki, Məhkum 16 fevral 2023-cü il tarixdə, saat 12 radələrində X kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətində məişət təyinatlı mətbəx bıçağı ilə qaynı Zərərçəkmiş şəxs yaxın qohumları yəni, atası Şahid1, anası Şahid2 və bacısı Şahid3 gözü qarşısında (bu hərəkətlərindən psixoloji sarsıntı keçirərək mənəvi əzab çəkmələrinə məhəl qoymayaraq xüsusi amansızlıqla) 1 dəfə vuraraq, sonuncunun qarının ön divarında qarın boşluğuna keçən və qara ciyəri zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkum elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi araşdırılmış sübutlarla, o cümlədən Məhkum qismən etirafedici (o, əlində olan bıçağı fırlatmış və bu vaxt X yerə yıxılmışdır. X yerə yıxılandan s onra bilmişdir ki, bıçaq X qarın nahiyəsinə dəymişdir), Zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri və istintaq hərəkətlərinin protokolları ilə tam təsdiq olunur. Zərərçəkmiş şəxs aldığı xəsarətin dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olması isə işdə olan, məhkəmə tibbi ekspertizasının 17 fevral 2023-cü il tarixli, 90 saylı rəyi ilə təsdiq olunur. Hökmdə bu və digər sübutlar təsvir edilib ətraflı şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutlar üzərində qurduğundan, kassasiya şikayətində isə məhkəmələrin yuxarıda şərh olunan məsələlər üzrə çıxardıqları nəticələri təkzib edə və araşdırmanın obyektivliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası nə sübutları yenidən t əsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, məhkəmələrin Məhkum Cinayət Məcəlləsinin 126.2.3-ci maddəsi ilə təqsirli bilinməsinə dair nəticələrini şübhə altına almaq üçün əsas görmür. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində istinad edilmiş onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Həmçinin Məhkum cəza təyin edilərkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, o cümlədən Məhkum könüllü gəlib təqsirini boynuna alması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, ona vurulmuş ziyanı ödəməsi, himayəsində iki azyaşlı uşağının olması kimi onun cəzasını yüngülləşdirən hallar, eyni zamanda cəzanı ağırlaşdıran halın olmaması, cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi və Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər məsələlər üzrə müəyyən edilmiş hallarla, cəzanın məqsədləri ilə birlikdə götürülməklə (tarazlaşdırılmış şəkildə) nəzərə alınmış, Məhkum törətmiş olduğu cinayət əməlinə görə Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipinin tələblərinə cavab verən cəza təyin edilmişdir. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirli bilinməsi ilə bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinin nəticələri qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və yaxud dəyişdirilməsinə əsas ola biləcək, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X2 çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasın ın 09 fevral 2024-cü il tarixli, 1(106)-38/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2024-cü il tarixli, 1(106)-38/2024 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar