Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1229/2022 18.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli, 1(104)-79/2022 nömrəli qərarından Azərbaycan Respubli kası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 4 yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamışdır. 2. 10 iyun 2021-ci il tarixli ittiham aktı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 180.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. İttiham aktına əsasən Məhkum özgənin əmlakını t əkrar açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki o, tamah niyyəti ilə 17 dekabr 2020-ci il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs2 əmlakını açıq talamaqla ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Gəncə şəhəri, Nizami prospekti 734 ünvanının qarşısında sonuncuya yaxınlaşıb xırda pulunun olub-olmamasını bəhanə edib özünə məxsus 233 manat pulu içərisində xırda pul olub-olmamasına baxan zaman sonuncunun əlindən pulu dartıb alaraq həmin yerdən qaçaraq uzaqlaşmış, xx xxxx 1938-ci il təvəllüdlü qoca və köməksiz vəziyyətdə olan zərər çəkmiş şəxsin ümumilikdə 233 manat məbləğində pulunu aşkar surətdə ələ keçirərək soyğunçuluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə 11 mart 2021-ci il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs1 əmlakını açıq talamaqla ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Gəncə şəhəri, Nizami prospektində yerləşən “Oba” marketin qarşısında yaxınlaşıb “Beynəlxalq bank” bankomat kartından pul çıxarmaq üçün Zərərçəkmiş şəxs1 kartı alaraq həmin kartdan 400 manat pul çıxarmaqla həmin puldan 100 manatını Zərərçəkmiş şəxs1 qaytarmasına baxmayaraq 300 manat pulu özündə saxladıqdan sonra sonuncu pulu sayıb pulun əskik olmasını başa düşməsinə görə qaçaraq həmin yerdən uzaqlaşmış, 30 avqust 1948-ci il təvəllüdlü qoca və köməksiz vəziyyətdə olan zərər çəkmiş şəxsin ümumilikdə 300 manat məbləğində pulunu aşkar surətdə ələ keçirərək təkrar soyğunçuluq etmişdir. 3. 06 iyul 2021-ci il tarixdə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinay ət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 1(044)-190/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 16 mart 2021-ci il tarixdən hesablanması hökm edilmişdir.
5. Birinci instansiya məhkəməsinin həmin hökmündən verdiyi apellyasiya şikayətində Məhkum himayəsində 4 azyaşlı uşağının olduğunu bildirib, işinin ədalətli araşdırmasını təmin etməklə cəzasının yüngülləşdirməsini xahiş etmişdir.
6. Cinayət işinin apellyasiya instansiya məhkəməsində baxışı dövründə Məhkum apell yasiya şikayətini dəqiqləşdirmiş və ifadəsini dəyişərək, yalnız Zərərçəkmiş şəxs1 qarşı cinayət əməlini törətdiyini, digər şəxs - Zərərçəkmiş şəxs2 ilə bağlı epizoda aid ittihamın əsassız olaraq verildiyini bildirmiş, bu epizodla bağlı etiraf edici ifadələr verməsini ona müstəntiq tərəfindən edilən hədə-qorxu ilə izah etmişdir.
7. Apellyasiya baxışı nəticəsində müəyyən edilmişdir ki, Məhkum tamah niyyəti ilə 11 mart 2021-ci il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs1 əmlakını açıq talamaqla ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Gəncə şəhəri, Nizami prospektində yerləşən “Oba” marketin qarşısında yaxınlaşıb “Beynəlxalq” bank bankomat kartından pul çıxarmaq üçün Zərərçəkmiş şəxs1 kartı alaraq həmin kartdan 400 manat pul çıxarmaqla həmin puldan 100 manatını Zərərçəkmiş şəxs1 qaytarm asına baxmayaraq 300 manat pulu özündə saxladıqdan sonra sonuncu pulu sayıb pulun əskik olmasını başa düşməsinə görə qaçaraq həmin yerdən uzaqlaşmış, xx.xx.1948-ci il təvəllüdlü qoca və köməksiz vəziyyətdə olan zərər çəkmiş şəxsin ümumilikdə 300 manat məbləğində pulunu aşkar surətdə ələ keçirərək soyğunçuluq etmişdir.
8. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci tarixli, 1(104)-79/2022 nömrəli qərarı ilə Məhkum apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 1(044)-190/2021 nömrəli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilmiş, o, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü hissəsinə əsasən barəsində amnistiya tətbiq edilərək onun cəzası 6 (altı) ay azaldılmış və üzərində qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilməmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli, 1(104)-79/2022 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Zərərçəkmiş şəxs2 qarşı olan cinayət əməlinin Məhkum tərəfindən törədilməsinin sübuta yetirilməməsi barədə qərarını mübahisələndirmişdir. Kassasiya protestinin müəllifinin fikrincə, birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ona qarşı soyğunçuluq cinayətinin törədilməsinə dair ifadəsi, ibtidai istintaq dövründə aparılmış baxış keçirilməsi, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması, şəxsin tanınmaya təqdim edilməsi, üzləşdirmə kimi istintaq hərəkətlərinin protokolları və cinayət işinin digər materialları ilə tam Məhkum ona elan edilmiş ittiham üzrə təqsirliliyini təsdiq etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozunt ular kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli, 1(104)-79/2022 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
11. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutla ra hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apel lyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli, 1(104)-79/2022 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud old uğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hal larının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
21. İstinad edilən maddi və prosessual cinayət hüququ normalarını, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi m övqeyini nəzərə alaraq məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə irəli sürdüyü dəlilləri ilə razılaşmır və apellyasiya instansiyası məhkəməsinin qərarını əsaslı hesab edir.
22. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, əvvəllər verdiyi ifadələri arasında hər hansı bir əhəmiyyətli ziddiyyət mövcud olmadığı halda, 16 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 ilə şübhəli şəxs Məhkum arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmişdir. Üzləşdirmədə Zərərçəkmiş şəxs2 və Məhkum sadəcə ilkin ifadələrində göstərdiklərini bir-birinin üzünə demiş, müstəntiq tərəfindən hər hansı ziddiyyətinin aydınlaşdırılması ilə hər iki şəxsə heç bir sual verilməmişdir. Bununla belə, üzləşdirmə protokolunun mətnində iştirak etmiş şəxslərin ifadələrində müəyyən ziddiyyətlər müşahidə olunsa da, protokol ifadələr arasında işin faktiki halları ilə bağlı mövcud olan ziddiyyətləri həll etmir, bu ziddiyyətlərə dair heç bir münasibət bildirilmir.
23. İş materiallarından həmçinin göründüyü kimi, Zərərçəkmiş şəxs2 ilə şübhəli şəxs Məhkum arasında 16 mart 2021-ci il tarixdə üzləşdirmə istintaq hərəkətinin həyata keçirilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs2 artıq Məhkum görüb, onunla təmasda olub artıq tanıdığına baxmayaraq, bir ay müddət keçdikdən sonra, 15 aprel 2021-ci il tarixdə sonuncunun fotoşəkili iş üzrə cinayət prosesinin iştirakçıları ilə heç bir əlaqəsi olmayan 3 nəfər digər şəxsin fotoşəkili ilə yanaşı Zərərçəkmiş şəxs2 tanınması üçün təqdim edilmişdir. Üstəlik, müstəntiq Azərbaycan Respublikası CPM-nin 239.2- ci maddəsinin tələbləri pozaraq, şəxsin tanınması istintaq hərəkətində təqsirləndirilən və ya şübhəli şəxsin müdafiəçisinin iştirakını təmin etməli olduqda bunu etməmiş, müvafiq protokolda bununla bağlı heç bir qeydi əks etdirməmişdir.
24. Məhkəmə kollegiyasının fikrincə, Zərərçəkmiş şəxs2 qarşı törədilən cinayətlə bağlı istintaq hərəkətlərini yuxarıda qeyd edilən qaydada aparmaqla, müstəntiq Məhkum ittiham edilən müvafiq epizodla bağlı həlledici sübutun - 15 aprel 2021-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokolu ilə bağlı istintaq hərəkətinin və əldə edilmiş nəticələrinin mötəbərliyini pozmuş və həqiqiliyini şübhə altına salmışdır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən hər hansı məlumatların, sənədlərin və dig ər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.
26. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsini rəhbər tutmaqla, 15 aprel 2021-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokolu sübutlar siyahısından xaric etmişdir.
27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müstəntiq tərəfindən yol verilmiş kobud prosessual pozuntular nəticəsində Məhkum ittiham edilən Zərərçəkmiş şəxs2 qarşı törədilən cinayətlə bağlı həlledici əhəmiyyət daşıyan sübutun mötəbərliyi artıq toplanılması mərhələsində pozulduğundan, bununla da həmin epizoda aid digər, yəni üzləşdirmədə və birinci instansiya məhkəməsində verdiyi ifadələr də şübhə altına qoyulduğundan, həmin sübutlarla bağlı şübhələrin Zərərçəkmiş şəxs2 apellyasiya instansiyası məhkəməsində yenidən dindirilməsi ilə aradan qaldırılması qeyri mümkün olmuşdur.
28. Nəticədə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum bilavasitə qarşısında verdiyi ifadələri əsas götürərək təqsirsizliyinə dair şübhələri onun xeyrinə şərh etmiş, Zərərçəkmiş şəxs2 ümumilikdə 233 manat məbləğində pulunu aşkar surətdə ələ keçirərək soyğunçuluq etməsi ilə bağlı hissəni Məhkum qarşı irəli sürülmüş ümumi ittihamdan xaric etmiş və sonuncunun əməlini Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif etmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin Məhkum bilavasitə qarşısında verdiyi ifadələrinə üstünlük verməsi, İns an Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış hüquqi mövqeyinə də uyğun olmuşdur. Belə ki, Avropa Məhkəməsinin presedent hüququna görə, çəkişmə əsasında aparılan ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, ittiham tərəfinin təqdim etdiyi şahidin məhkəməyədək dövrdə aparılmış dindirmə protokolu ilə müqayisədə məhkəmələr daha çox sonuncunun bilavasitə onlar qarşısında iclasda verdiyi ifadəsinə əhəmiyyət versinlər. Digərləri ilə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, ibtidai istintaq dövründə dindirmə nəticəsində əldə edilmiş ifadə ittiham tərəfinin məhkəmədə ittihamı müdafiə etmək üçün toplanılan məlumatların hissəsini təşkil edir, məhkəmə istintaqını aparan tribunalın vəzifəsi isə müttəhimin təqsirinin məhkəmədə faktiki olaraq təqdim edilmi ş bütün sübutların bilavasitə tədqiqinə əsaslanan ədalətli qiymətləndirmə nəticəsində müəyyən edilməsindən ibarətdir (Hüseyn və Digərləri Azərbaycana qarşı, № 35485/05 və s., § 211, 26 iyul 2011-ci il).
30. Apellyasiya instansiyası məhkəməsinin təsvir edilən məsələ üzrə gəldiyi nəticə, apellyasiya protestində irəli sürülmüş iddiaların və işin əlaqəli hallarının obyektiv araşdırılmasına, eləcə də Azərbaycan Respublikası CPM-nin 143-146cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.
31. Qeyd edilən nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 32.Tamamilə eyni mövqe Avropa Məhkəməsinin formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).
33. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPMnin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
34. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli, 1(104)-79/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli, 1(104)-79/2022 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.