Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1230/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 20 22-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin (sədrlik edən hakim Mütəllim İsayev) 19 oktyabr 2021ci il tarixli 1(049)-423/2021 nömrəli hökmü ilə xx xxx 1966-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 31 may 2021-ci ildən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum satış məqsədi ilə istintaqa məlum olmayan vaxta və mənbədən beş ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,261 qram, 0,205 qram, 0,270 qram, 0,251 qram və 0,256 qram, ümumi təmiz çəkisi 1,243 qram olan narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış və 07 may 2021-ci il tarixdə, saat 18 radələrində Lənkəran Şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, Vaqif küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra, polis şöbəsinin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən qeyd olunan bükümlərdə tiryəkdən kustar üsulu ilə hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, əynində olan jiletin sol yan cibindən isə üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd ele ktron tərəzi aşkar olunaraq götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamil Bəşirov (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və İsmayıl Əhmədov) 22 sentyabr 2022-ci il tarixli, 1(106)-778/2022 nömrəli qərarı ilə Lənkəran Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 1(049)-423/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, əməlinin onun təqsirli bilindiyi CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, polis əməkdaşları mənzilinə qanunsuz daxil olan zaman mənzildə və üzərində heç nə aşkar olunmamışdır. O, Polis şöbəsinə gedəndən sonra ona hədə-qorxu ilə üzərində beş bükümdə narkotik vasitə aşkar olunmuşdur. Həmçinin onu həbs etmiş əməliyyatçı DTX-ın keçirdiyi əməliyyat nəticəsində 22 kiloqram narkotik vasitəni satmaq istəyərkən tutulmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protest inə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkumun fikrincə onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əlaqədar hərəkətlərin satış məqsədi ilə törədildiyi halda yaranır. Göründüyü kimi “satış məqsədi” CM-in 234.2-ci maddəsinin cinayət tərkibində zəruri əlamət kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə f aktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum tərəfindən Azərbaycan Respublikası CMin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təsdiq edilmişdir. Belə ki, hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni iş üzrə şahidlərin ifadələrini, “şəxsi axtarış və götürmə haqqında” protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyini, işdə оlаn istintaq hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq etmiş və həmin sübutlara qiymət verərək Məhku m Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. İşə baxan məhkəmələr tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmiş işin hallarını, o cümlədən Məhkum qanunsuz olaraq əldə edilmiş narkotik vasitə olan heroinin xırda bükümlərə ayırması və onları elektron tərəzi ilə üzərində gəzdirməsi həmin narkotik vasitənin satış məqsədi ilə əldə etməsini və saxlamasını təsdiq edən hal kimi qiymətləndirmiş və buna əsasən nəticəyə gəlmişdir ki, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi h aqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitə olan heroini məhz satış məqsədi ilə əldə etmiş və saxlamış, Məhkum ona istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mə nsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir və apellyasiya məhkəməsinin mübahisələndirilə n qərarının qanuni və əsaslı olması barədə nəticəyə gəlir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və onun tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası həmçinin işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələbl ərini nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1230/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1230/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver