Məhkəmə qərarları › İş №1(102)-1235/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1235/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1235/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2690/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli q ərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum XXXXX il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, X ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 20 oktyabr 2023-cü il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 04 noyabr 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum naməlum vaxtda və naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 996,335 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq bir qismini, yəni təmiz çəkisi 985 qram olan narkotik vasitə qurudulmuş marixuananı cinayətdən məlumatı olmayan tanışının yaşadığı X küçəsində yerləşən nömrəsiz fərdi evin həyətinin giriş hissəsində saxlayıb, şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 11,335 qram olan digər hissəsini üzərində saxlayaraq X-də yerləşən su anbarının yaxınlığınadək daşımış, 19 iyun 2023-cü il tarixdə, saat 19 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ke çirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanda saxlanılaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi 24 ünvanda yerləşən Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gətirilmiş, bölmədə onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sağ yan cibindən 1 ədəd sellofana bükülmüş, təmiz çəkisi 11,335 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş Bağları, Nizami küçəsində yerləşən tanışına məxsus nömrəsiz fərdi yaşayış evinin həyətinədək daşıyaraq saxladığı 1 ədəd sellofan torbada olan külli miqdarda, təmiz çəkisi 985 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana həmin həyətin giriş hissəsinin sağ tərəfindəki tax ta konstruksiyanın arxasından aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-935/2024 nömrəli, 18 oktyabr 2024-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddətin ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 22 dekabr 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələ lər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi, cəzasının daha da yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2690/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-935/2024 nömrəli, 18 oktyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində məhkum səhhətini, ailə vəziyyətini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)2690/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli qərarının dəyişdirilməsi, cəza həddinin azaldılması və ya yüngül növ cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmi r və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya ins tansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum verdiyi kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olduğunu iddia edib xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri bax ımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2690/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı madd ələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları).

18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin maraqlarının müdaf iəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləşmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

22. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə ci nayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

23. Məhkumun ona daha yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini yuxarıda istinad edilənlərlə müqayisədə nəzərdən keçirən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.

24. Belə ki, Məhkumun Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli həmin Məcəllənin 15.4-cü maddəsində ağır cinayətlər kateqoriyasına aid edilmiş, maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

25. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi Məhkuma cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən hal olaraq himayəsində bir azyaşlı uşağının olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasının orta həddində 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.

26. Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsi tərəfindən də eyni əsaslarla təsdiqlənmişdir.

27. Məhkuma daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etməyən məhkəmə kollegiyası məhkəmələrin cəza təyin edilməsinə dair mövqeyi ilə razılaşır və hesab edir ki, onların bu hissədə gəldiyi nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3cü maddələrinin tələblərinə xidmət edir.

28. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etmə si və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

29. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

30. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkumun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2690/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkum tərəfindən verilən kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2690/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar