Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1246/2022 25.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum müdafiəçisi Müdafiəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2022-ci il tarixli, 1(103)-1100/2019 nömrəli qərarından Məhkum tərəfi ndən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 1(101)463/2019 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 09 oktyabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir.
3. Həmin hökmlə X4 da Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir.
4. Hökmdən Məhkum müdafiəçisi X5 apelyasiya şikayəti verib, hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş etmişdir.
5. Həkmdən həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Papur qızı və Zərərçəkmiş şəxs1 Hüseyn oğlu və digər məhkum X4 da ayrı ayrılıqda apellyasiya şikayətləri vermişdilər.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 oktyabr 2019cu il tarixli, 1(103)-1100/2019 nömrəli qərarı ilə apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyun 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
7. Həmin qərardan Məhkum kassasiya şikayəti və buraxılmış müddətin b ərpasına dair vəsatət verərək göstərmişdir ki, 1984-cü ildən gözdən ömürlük İİ qrup əlildir, korlar cəmiyyətində qeydiyyatdadır. Həbs ediləndən sonra ağır şəkər xəstəliyinə tutulmuş, bir müddət sonra isə görmə qabiliyyətini tam itirmişdir. 2021ci ildə tibbi komissiyanın rəyi ilə ona görmə qabiliyyətini tam itirdiyinə görə birinci qrup gözdən əlillik təyin edilmişdir. Hal-hazırda müalicəsini davam etdirir. Xəstəliyi ilə əlaqədar barəsində çıxarılan qərardan kassasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş müddəti itirmişdir. Qeyd etdiklərini, səmimi peşmançılığını, ailə vəziyyətini, xəstəliyini nəzərə alaraq kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş edir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2022-ci il tarixli, 1(103)-1100/2019 nömrəli qərarı ilə Məhkum kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin edilməmişdir.
9. Həmin qərardan Məhkum kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, müddətin buraxılmasını üzrlü hesab edərək, kassasiya şikayəti verilmə müddətinin bərpa edilməsini və kassasiya şikayətinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətində Məhkum xəstələndiyinə görə vaxtında apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verə bilmədiyi qeyd edilərək, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bər pa edilməsi xahiş edilmişdir. III. Hüquqi məsələlər
11. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı gündən 12 (on iki) ay müddətində (15 iyul 2020-ci il tarixədək qüvvədə olan redaksiyada 18 (on səkkiz) ay) kassasiya şikayəti verilə bilər.
12. Həmin Məcəllənin 411.2, 411.2.1 və 411.2.2-ci maddələrinin ümumi məzmununa görə, bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticə sində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə, apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti təmin etmək hüququna malikdir.
13. Hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərarı 16 oktyabr 2019-cu il tarixdə qəbul edilmiş və həmin qərardan kassasiya şikayəti vermə müddəti 16 aprel 2021-ci il tarixdə bitmişdir.
14. Məhkum Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı qəbul edildiyi vaxtdan 2 il 5 ay 12 gün vaxt keçdikdən sonra, 28 mart 2022-ci il tarixdə, yəni kassasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş 18 ay müddət keçdikdən sonra kassasiya şikayəti vermişdir.
15. Kassasiya şikayətinin müəllifi vaxtında kassasiya şikayətini vermək imkanından məhrum edilməsini xəstəlik keçirməsi ilə izah etsə də, xəstəliyinin qanunla müəyyən edilmiş 18 ay müddəti tam əhatə etdiyini, kifayət qədər uzun müddət və həmin müddət bitdikdən sonra daha təxminən 1 il ərzində kassasiya şikayəti verməyə imkan tapmadığını əsaslandırmaq üçün qeyd etdiyi dəlillər tutarlı hesab edilə bilməz..
16. Bu isə o deməkdir ki, hazırki işdə Azərbaycan Respublikası CPM-nin 411.2-ci maddəsinin təsbit etdiyi hallar, eləcə də məhkumu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən əsas müəyyən edilmir.
17. Belə qərara gələrkən, məhkəmə kollegiyası müddət lərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) prosessual müddətlərə riayət edilməsinə dair formalaşmış hüquqi mövqeyinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin presedent hüququna görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudi yyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkə məyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X6rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012)
18. Yuxarıda qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da nəzərə alır ki, cinayət işinin məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericilik normalarının, eləcə də Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir.
19. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkum Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2019- cu il tarixli, 1(103)1100/2019 nömrəli qərarından qanunda nəzərdə tutulmuş qaydada kassasiya şikayəti verməmiş, kassasiya şikayəti vermə müddətinin üzrlü səbəblərdən buraxıldığı iddia edilsə də, faktiki olaraq bunu təsdiqləyən hər hansı əsaslı və üzrlü səbəblər göstərilməmişdir.
20. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilmədən, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARAALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2019-cu il tarixli, 1(103)-1100/2019 nömrəli qərarından kassasiya şikayəti vermə müddətinin bərpasından imtina barədə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2022-ci il tarixli, 1(103)-1100/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.