Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1266/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi Məmmədov Tahir Əli oğlunun, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-349/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qər arından Məhkum tərəfindən ayrılıqda, məhkum və müdafiəçisi Məmmədov Tahir Əli oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxx 1979-cu il tarixdə Masallı rayonu Gəyəçöl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Gəyəçöl kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 27 noyabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 14 dekabr 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə ünvan 2 ünvanda yerləşən bank olmayan kredit təşkilatı "xxxx" MMC-də “qarşılıqlı əməkdaşlıq və xidmət göstərilməsi barədə” 1 iyun 2014-cü il tarixli müqavilə əsasında həmin tarixdən 2019-cu ilin dekabr ayına qədər olan müddət ərzində qızıl-zinət əşyalarının qiymətləndirilməsi ilə bağlı zərgər-ekspert işlədiyi dövrdə vahid niyyətlə əhatə olunan qəsdlə öz qulluq mövqeyindən istifadə edib tanışlarına "xxxx" MMC-də işlədiyi üçün ona k redit verilməməsinə inandıraraq pula ehtiyacı olduğu üçün onlara qızıl-zinət əşyaları verəcəyinə, bunun müqabilində MMC-уə onun verdiyi qızıl-zinət əşyalarını girov qoyaraq kredit götürməsini və kreditə götürdükləri pulları sonradan ona verməsini xahiş etmiş, həmçinin, ayrı-ayrı şəxslərlə kreditə pul götürülməsi müqabilində girov qoyması üçün qızıl-zinət əşyalarını verəcəyini və bunun müqabilində götürüləcək kreditdən müəyyən məbləğdə pulun ona verilməsini barədə razılığa gəldikdən sonra həmin şəxslərin qızıl olmayan bijuteriya əşyalarını yalandan qızıl məmulatları kimi təqdim edib onlara həmin məmulatları girov qoyaraq MMC-dən kreditə pul götürə biləcəyinə inandırmış, həmin şəxslər MMC-nə gəlib həmin qızıl bildikləri qızıl olmayan bijuteriya əşyalarını təqdim edərək kreditə pul götürmək istəmişlər, o isə öz növbəsində qeyd olunan bijuteriya əşyalarını dəyərli qızıl kimi qiymətləndirib həmin qızıl olmayan əşyaların girov qoyaraq bunun müqabilində MMCdən müxtəlif məbləğdə kreditə pul götürməsinə nail olduqdan sonra pulu götürərək ümumilikdə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin 229.400 (iki yüz iyirmi doqquz min dörd yüz) manat məbləğində pulunu ələ keçirərək zərərçəkmiş hüquqi şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-395/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəz açəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 may 2021-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Məmmədov Tahir Əli oğlu apellyasiya şikayəti verib hökmün ləğv edilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 313-cü maddəsinə tövsif etməklə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-349/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-395/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli hökmünün dəyişdirilməsi, hökmlə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin 07 (yeddi) il 06 (altı) aya endirilməsi qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum özü, eləcə də müdafiəçisi Məmmədov Tahir Əli oğlu ilə birlikdə tərtib etdiyi ayrıca birgə kassasiya şikayətlərini vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
9. Məhkum və müdafiəçi birgə kassasiya şikayətində göstərmişlər ki, məhkum edilmiş şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törədilməsinə dair ittiham verilməsi üçün vahid niyyətin olması ittiham orqan ı tərəfindən sübuta yetirilməli idi, bu isə iş materiallarından görünmür. Əksinə həm zərərçəkmiş şəxs kimi tanınmış "xxxx" MMC, həm də şahidlər məhkum edilmiş şəxsdə hər hansı vahid niyyətin olması ilə bağlı ifadə verməmişlər. Məhkum tərəfindən zərərçəkmiş qismində tanınmış "xxxx" MMC-dən heç bir pul vəsaiti ələ keçirilməmişdir. Məhkum həmin pul vəsaitini şahid qismində cəlb olunmuş şəxslərdən almışdır. Həmin məbləğin zərərçəkmiş şəxs "xxxx" MMC-yə heç bir aidiyyatı yoxdur. Məhkumun etibarından sui-istifadə etdiyi vətəndaşlar iş üzrə prosessual tərəf kimi tanınmamışlar. Belə olanda məhkumun hərəkətləri Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin təsiri altına düşmür. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1( 103)-349/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddəsinə tövsif edilməklə, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişlər.
10. Məhkum özünün verdiyi kassasiya şikayətində müdafiəçisi ilə birgə verilən kassasiya şikayətində göstərilənlərlə eyni dəlillər irəli sürülmüş, törədilən əməlin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 29,178.2.4-cü maddəsinə tövsif edilməsi, həmin maddə üzrə cəza təyin edilməsi xahiş edilmişdir.
11. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunveric iliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdiri lə bilər.
16. Kassasiya şikayətlərində Məhkum törətdiyi cinayət əməlinin səhv tövsif edildiyi iddia edilməklə, kassasiya xahişləri faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.15-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər.
17. Odur ki, məhkəmə kollegiyası hər iki kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-349/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
18. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edə n Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə t əqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərb aycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il). 21.Təsvir edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə kassasiya şikayətlərinin dəlillərini əsassız hesab edir.
22. Belə ki, kassasiya müraciətlərinin ümumi məzmunundan görünür ki, cinayət əməlinin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın külli miqdar təşkil etməsinə baxmayaraq, müraciətlərin müəllifləri əməlin tövsifi ilə bağlı məhkəmələrin səhv nəticəyə gəldiyi iddia edib bu əməllərin vahid qəsdlə əhatə olunmadığı barədə dəlil irəli sürürlər.
23. Lakin sözügedən cinayətin təsvirindən, eləcə də hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında gətirilən əsaslandırmalarla müəyyən edilir ki, Məhkum vahid niyyətlə əhatə olunmuş qəsdlə təqsirli bilindiyi bütün epizodlar üzrə öz qulluq mövqeyindən istifadə edib, ümumilikdə zərərçəkmiş hüquqi şəxsin 229.400 (iki yüz iyirmi doqquz min dörd yüz) manat məbləğində, yəni külli miqdarda əmlakını ələ keçirmişdir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxar ı olan məbləğ başa düşülür.
25. Eləcə də, vahid məhkəmə təcrübəsinin formalaşması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarında məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrıayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərərçəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir (“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 7, §§ 4 və 31, 11 iyun 2015-ci il).
26. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum ibtidai istintaq zamanı verdiyi ifadələrində zərgər işlədiyi "xxxx" MMC-dən kredit götürülməsi üçün bijuteriya verdiyi şəxslərə həmin əşyaların qızıl-zinət əşyaları olduğunu bildirdiyini, sonuncu ların onun verdiyi əşyaların qızıl olmaması barədə məlumatılarının olmadıqlarını, çünki bu barədə kiməsə desə heç kimin kredit götürməyəcəyini bildiyini göstərmişdir.
27. Məhkəmə icraatı zamanı Məhkum özünü təqsirli bilməyib yeni məzmunlu ifadə versə də, həmin ifadə cinayət işinin materiallarında olan sübutlarla təkzib olunduğundan, işin materiallarına və faktiki hallarına uyğun gəlməməklə obyektiv həqiqəti əks etdirmədiyindən, məhkəmələr bu ifadələri özünümüdafiə xarakterli kimi qiymətləndirərək, məhkumun ibtidai istintaq dövründə verdiyi etirafedici ifadələrini daha mötəbər hesab etməkdə düzgün nəticəyə gəlmişlər.
28. Təfsir edilənlərlə yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırda mübahisələndirilən qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutlar ayrı-ayrılıqda və məcmu halında bir daha araşdırılmış, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Məhkum təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, həmin ifadələrlə yanaşı ibtidai istintaq və məhkəmə istintaqı zamanı dindirilmiş çoxsaylı şahidlərin ifadələri, ‘‘qarşılıqlı əməkdaşlıq və xidmət göstərilməsi barədə” müqavilə, kredit və girov müqavilələri, “götürmə aparılması haqqında” protokol, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin proto kolları və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla tam təsdiq olunur.
29. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.
30. Yuxarıda göstərilənlərə əlavə olaraq məhkəmə kollegiy ası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normaların tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
31. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsa sların olmadığını göstərir.
32. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-349/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən ayrılıqda, məhkum və müdafiəçisi Məmmədov Tahir Əli oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-349/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.