Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1273/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Tağıyev Azər Məmmədtağı oğlunun iştirakları ilə xx xxxx 1993-cü ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, "xxxx" MMC-nin “MKT – Saatlı” filialında baş energetik işləyən, ünvan1 qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 139-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Tağıyev Azər Məmmədtağı oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Saatlı Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmü ilə (hakim İxtiyar Abuşov) Məhkum Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən ş əxs tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), R.M.Cəfərov və K.S.Bəşirov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi hökmünə görə Məhkum koronavirus (COVİD-19) infeksion xəstəliyinin müayinəsi ilə əlaqədar 09 dekabr 2020-ci il tarixdə Saatlı MRX PHŞin poliklinika şöbəsində koronavirus analizi vermiş, 16 dekabr 2020-ci iİ tarixdə həmin analizin pozitiv olması müəyyən edildikdən sonra, həmin tarixdən başlamaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Koronavirus infeksiyasının idarə olunması üzrə metodik təlimata əsasə n 14 gün müddətində yaşadığı unvan1 evdə ev şəraitində müalicə olunmalı və karantın rejimi qaydalarını pozmayaraq həmin qaydalara əməl etməsi, karantın rejimi qaydalarını pozduğu təqdirdə cinayət məsuliyyətinə cəlb oluna biləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülməsi Qaydaları”nın təsdiq edilməsi barədə 01 may 2020-ci il tarixli qərarın tələblərini qəsdən pozaraq 18 dekabr 2020-ci il tarixdə saat 09 radələrində yaşadığı ünvandan əmisi X2 məxsus VAZ 21074 markalı **LH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək işlədiyi ünvan2 yerləşən "xxxx" MMC-nin “MKT-Saatlı” filialına gedib karantin rejimi qaydalarını pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, Məhkum təqsirli bilindiyi maddədə nəzər də tutulan cinayət əməlini törətməmişdir. Belə ki, Məhkum 09 dekabr 2020-ci ildə verdiyi koronavirus testinin pozitiv olmasına dair cavabı 16 dekabr 2020-ci ildə ona mobil telefon vasitəsi ilə gəlsə də, o özünü yaxşı hiss etmiş və səhhətində heç bir narahatlıq olmamışdır. İşin apelyasiya məhkəməsində baxışından sonra Məhkum qanından analiz vermiş və aldığı cavabdan görünür ki, o, ümumiyyətlə, əvvəllər belə bir xəstəliyi keçirməmişdir. Ona görə də müdafiəçi hesab edir ki, həmin xüsusatın araşdırılması üçün apelyasiya məhkəməsinin qərarı ləğv edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi A.Tağıyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələri nin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə olunur. Azərbaycan Respublikası CM-in 139-1-ci maddəsi Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə cinayət məsuliyyətini nəzərdə tutur. CM-in 139-1.1-ci maddəsinə əsasən “Epidemiya ə leyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetiril məlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edi r. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələri digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü təqsirli bilməsə də, ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi özünün etiraf edici ifadələri ilə yanaşı, şahid1, şahid2, şahid3, şahid4, şahid5 və şahid6-nın ifadələri, 18 dekabr 2020-ci il tarixli protokol, Saatlı MRX PHŞ-nın 18 dekabr 2020-ci il tarixli, 1568 nömrəli məktubu, Saatlı rayon Gigiyena və Epidomologiya Mərkəzinin 13 yanvar 20201-ci il tarixli, 34 nömrəli məktubu, "xxxx" MMC-nin “MKT-Saatlı” filialının 13 yanvar 2021-ci il tarixli məktubu, 08 yanvar 2021-ci il tarixli protokol, işin digər halları və habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövc ud olmadığından məhkuma bəraət verilməsi əsaslı deyildir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirini səmimi etiraf edərək peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, müm künlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2021-ci il tarixl i qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1273/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1273/2021
13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver