Məhkəmə qərarları › İş №1(102)-1307/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1307/2023

13.07.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1307/2023 13.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 (103)-1630/2022 saylı, 22 sentyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1977-ci il tarixdə Gədəbəy rayonu, Hacılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gədəbəy rayonu, Hacılar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində nömrəsiz evdə yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum ictimai qaydanı pozaraq silah qismində əşyadan istifadə etməklə xuliqanlıq etmişdir. Belə ki, Məhkum ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək 26 yanvar 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində küçədə yüksək səslə nalayiq ifadələr işlətməsi səbəbindən ona irad bildirmiş qonşusu Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan zor tətbiq edərək qəsdən yumruqla bədəninin müxtəlif nahiyələrinə vurub, silah qismində istifadə etdiyi kəlbətinlə üz nahiyəsinə zərbələr endirib təpə nahiyəsinin əzilmiş yarası, sol almacıq nahiyəsinin, sağ əlin, sol dizin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaqla qərəzli hərəkətlər-xuliqanlıq etmişdir.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (sədrlik edən hakim T.X.Əkbərov) 30 iyun 2022-ci il tarixli, 1(003)-303/2022 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası CM- nin 221.3-cü maddəsində nəzərdə tutulmuş c inayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

4. Hökmdən Məhkum apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və barəsində qanunvericiliyə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim H.H.Əhmədov, hakimlər H.Ç.Məmmədov və İ.M.Murquzovdan ibarət tərkibdə) 22 sentyabr 2022-ci il tarixli, 1(103)-1630/2022 saylı qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri

7. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində iddia irəli sürülmüşdür ki, iş üzrə hökm və apellyasiya məhkəməsinin qərarı ədalətsiz və əsassızdır. Belə ki, zərərçəkmiş şəxs ilkin izahatında Məhkum onu kəlbətinlə vurmasını bildirməmiş, sonrakı ifadəsində taxta ilə, sonra isə kəlbətinlə vurduğunu qeyd etmişdir. Həmçinin, ifadəsində kəlbətinlə əvvəlcə ancaq təpə nahiyəsinə, sonrakı ifadəsində isə müxtəlif nahiyələrinə zərbələr endirildiyini bildirmişdir. Zərərçəkmiş şəxsin bu cür qarışıq məlumatlar verməsi onun ifadələrinin həqiqəti əks etdirmədiyinə dair ciddi şübhələrin yaranmasına səbəb olur. Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş Şahid zərərçəkmiş şəxsin kəlbətinlə vurulduğunu görməmişdir. Bu ndan əlavə, ekspert iş üzrə əsassız və qeyri-obyektiv rəy vermiş, xəsarətin kəlbətinlə yetirilməyə xarakterik olduğunu qeyd etmişdir. Halbuki, iş üzrə kəlbətin maddi sübut kimi yoxdur və kəlbətinin iddia edildiyi kimi hansı formada olması, digər xüsusiyyətləri müəyyən edilmədən kortəbii şəkildə rəy verilmişdir.

8. Kassasiya şikayətinin müəllifi Bakı Apellyasiya Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum əməlinin CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128 və ya 221.1-ci maddəsinə tövsif edilməsini, barəsində azadlıqdan məhrumetmə cəzası deyil, digər yüngül cəza növünün tətbiq edilməsini xahiş etmişdir. III.Hüquqi məsələlər

9. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respubli kası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

10. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

11. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məh kəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

12. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

13. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkum edilmiş şəxsin təqsirlilik məsələsi mübahisələndiri lərək işə baxan məhkəmələr tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilmədiyinə, şəxsin təqsirliyini təsdiq edən və məhkəmələr tərəfindən istinad olunaraq tədqiq olunmuş sübutların mötəbərliyi və mənsubiyyəti baxımından düzgün qiymətləndirilməməsinə, ziddiyyətli sübutlara istinad olunmasına, müdafiə tərəfinin qaldırdığı vəsatətlərə məhkəmələr tərəfindən baxılmamasına, bununla da məhkum barəsində qeyri-qanuni və əsassız ittiham hökmü çıxarılmasına istinad edərək, məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və barəsində Azərbaycan Respublikasının CM-nin 128 və ya 221.1-ci maddəsinə müvafiq şəkildə yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respu blikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 1(103)-1630/2022 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

15. Məhkum ona ittihamla istinad edilən cinayət əməlini törətməsi apellyasiya instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

16. Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin əlamətlərinin olmamasına dair hazırki kassasiya şikayə tinin dəlilləri apellyasiya instansiyası məhkəməsində baxılarkən ətraflı təhlil edilmiş, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə, toplanmış və tədqiq olunmuş digər mötəbər və təkzibedilməz sübutlarla müqayisədə əsassız olması haqqında nəticəyə gəlmişdir.

17. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsin in müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

18. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi qənaəti işin hallarının obyektiv araşdırılmasına, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin Azərbay can Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Sübutlar apellyasiya instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edildiyindən və apellyasiya instansiyası məhkəməsi öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.

19. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclasında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublika sı CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

20. Odur ki, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir.

21. Yuxarıda qe yd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 22 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar