Məhkəmə qərarları › İş №1(102)-1309/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1309/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1309/2023 04.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-316/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamışdır. 2. 15 iyun 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o 16 fevral 2022-ci il tarixdə, saat 00:20 dəqiqədə Bakı şəhəri Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 3,565 qram psixotrop maddə - metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami Rayon Polis İdarəsinin CAŞ-in və NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin gün, saat 03:50 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 33 ünvanda yerləşən “Ağ Çiçəyim” gül dükanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Nizami Rayon Polis İdarəsinə gətirilmiş, xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 3,565 qram olan ağ rəngli kristallik maddə - kustar üsulla hazırlanmış külli miq darda həmin psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür 3. 08 iyul 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq 3,565 qram çəkidə psixotrop maddə metamfetamini Bakı şəhəri Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlamaqla daşımış, Nizami RPİ-nin CAŞ-in və NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin gün, saat 03:50 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 33 ünvanda yer ləşən “Ağ Çiçəyim” gül dükanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nə gətirilmiş, xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 3,565 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1325/2022 nömrəli, 16 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi, cəzaçəkmənin əvvəlinin 16 fevral 2022-ci il tarixdən he sablanması hökm edilmiş, hökmlə həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün ləğv edilməsini, Məhkum əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi və həmin maddənin sanksiya həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə yeni hökmün çıxarılmasını xahiş etmişdir. Belə əsaslandırılmışdır ki, Məhkum üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 3,565 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin şəxsi istehlak miqdarından təxminən 24 dəfə artıq miqdarda olmuş, bir günlük özünə lazım olacaq dozada deyil, bütövlükdə götürüb üzərində saxlamaqla daşımas ı satış məqsədinin mövcud olmasını təsdiq edir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-316/2023 nömrəli, 19 yanvar 2023-cü tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1325/2022 nömrəli, 16 sentyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya protestində qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi yekun qərarını qəbul edilərkən cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, s übutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq etməmiş, bunun nəticəsi olaraq məhkumun əməlinin tövsifində səhvə yol vermişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-316/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilir.

10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu təl əbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlinin hüquqi tövsifində səhvə yol verildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-316/2023 nömr əli, 19 yanvar 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmə k üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin d üzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il)..

21. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası dövlət ittihamçısının dövlət ittihamçısının Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəl illərini əsassız hesab edir.

22. Belə ki, Məhkum əməlinin əsassız olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif olunmasının mübahisələndirilməsi üzrə dövlət ittihamçısının hazırda irəli sürdüyü dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən artıq ətraflı yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu və həmin sübutlara əsaslanmaqla müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cin ayət əməlini törətməsi özünün ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə təsdiq olunmuşdur. Nəticədə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Məhkum aşkar edilib götürülən psixotrop maddə - metamfetaminin çəkisinin 3,565 qram olması, özü-özlüyündə həmin psixotrop maddənin məhz satış məqsədilə qanunsuz olaraq əldə edib saxlanılmasının təsdiqi kimi qəbul edilə bilməz.

24. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələ üzrə gəldiyi nəticə, apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin nəticəsini təkzib edə biləcək dəlil gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

25. Qeyd edilən nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

26. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiy a Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdı r. Cinayətprosessual qanunvericiliyində müəyyən edilmiş bu təməl qayda, həmçinin Konstitusiyanın 133-cü maddəsinin İ hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prokurorluğunun səlahiyyətlərinin mahiyyətindən irəli gəlir. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır, məhkəmədə dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, məhkəmə qərarlarından protest verir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci m addələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 31 oktyabr 2022-ci il).

27. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).

28. Kassasiya protestinin cinayət işinin mahiyyəti ilə bağlı dəlilərinə gəldikdə, məhkəmə kollegiyası xatırla dır ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (“Narkotik vasitələrin, psixotrop maddələrin v ə ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 2, § 9, 4 mart 2011-ci il).

29. Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə də, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020-ci il). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsinin qərarlarında qe yd edilən, eləcə də bir sıra, o cümlədən Rusiya və Ukrayna kimi dövlətlərin hüquq mühafizə orqanlarının geniş istifadə etdiyi, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulmuş, nəzarət qaydasında mal alınması qəbul edilmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021-ci il).

30. Belə, yəni aparılmış istintaq nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, yalnız Məhkum üzərindən aşkar edilmiş narkotik maddənin hər hansı həddə şəxsi istehlak miqdarından artıq miqdarda olduğuna görə, onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətdiyi əsasla cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı.

31. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansi yası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, hazırda mübahisələndirilən qərar maddi və prosessual cinayət-hüquqi normalarına, eləcə də məhkəmə təcrübəsinə uyğundur.

32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübah isələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

33. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-316/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-316/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar