Məhkəmə qərarları › İş №1(102)-1334/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1334/2024

20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1334/2024 20.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-135/2022 nömrəli, 28 dekabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin h alları

1. Məhkum xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamışdır.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1403/2021 nömrəli, 23 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 23 mart 2021-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

3. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-135/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1403/2021 nömrəli, 23 sentyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-135/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qər arından Məhkum kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət verərək qeyd etmişdir ki, səhhətində müəyyən problemlər olduğundan o, kassasiya şikayətini vaxtında verə bilməmiş və bunun üçün ayrılan prosessual müddəti ötürmüşdür. Buna görə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-135/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qərarından kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-135/2022 nömrəli, 28 dekabr 2023-cü il tarixli qərarı ilə Məhkum kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin edilməmişdir.

7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti veri lmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

8. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-135/2022 nömrəli, 28 dekabr 2023-cü il tarixli qərarının əsassız olduğundan ləğv edilməsi, müddətin buraxılmasının üzrlü hesab edilməsi və kassasiya şikayəti verilmə müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

10. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilm əsi haqqında məhkəmə qərarından - onların çıxarıldığı gündən 12 (on iki) ay müddətində (2020-ci il iyul ayının 15-dək qüvvədə olan redaksiyada 18 (on səkkiz) ay) kassasiya şikayəti verilə bilər.

11. Həmin Məcəllənin 411.2, 411.2.1 və 411.2.2-ci maddələrinin ümumi məzmununa görə, bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə, apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin ver ilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti təmin etmək hüququna malikdir.

12. Cinayət işinin materiallarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-135/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qərarı proses iştirakçılarının, o cümlədən Məhkum və onun müdafiəçilərinin iştirakı ilə 18 yanvar 2022-ci il tarixdə elan edilmiş, həmin tarixli məktubla məhkumun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Qərardan Məhkum tərəfindən 11 yanvar 2023-cü il tarixdə kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilsə də, işinə kassasiya instansiyası məhkəməsində baxılanadək o, ərizə ilə müraciət edib tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavənin geri qa ytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-315/2023 nömrəli, 31 avqust 2023-cü il tarixli qərarı ilə məhkum tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə geri qaytarılmışdır.

13. Bununla belə, Məhkum apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarını qəbul etdiyi vaxtdan 1 il 10 ay 03 gün vaxt keçdikdən sonra 21 noyabr 2023-cü il tarixdə, yəni kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 12 ay müddət keçdikdən sonra yenidən kassasiya şikayəti ilə müraciət etmiş, lakin bunun vaxtlı-vaxtında edilmədiyini ağır xəstəliyə tutulması, fövqəladə hadisə və ya iradəsindən asılı olmayan digər halın baş verməsi ilə əsaslandırmamış, qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasını bəzi sübutların əldə edilməsi üçün ona vaxt təl əb edildiyi ilə izah etməyə çalışmışdır.

14. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum müddətin buraxılması ilə bağlı üzrlü səbəblər göstərə bilmədiyini, qanunla müəyyən edilmiş 12 ay müddəti üzrsüz səbəbdən ötürdüyünü apellyasiya instansiyası məhkəməsi haqlı olaraq əsas götürüb, onun kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatətini təmin etməmişdir ona görə ki, baxılan işdə Azərbaycan Respublikası CPM-nin 411.2-ci maddəsinin təsbit etdiyi hallar, eləcə də məhkumu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən digər hallar müəyyən edilmir.

15. Məhkəmə kollegiyası həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) müddətlərin tətbiqi ilə bağlı hüquqi mövqeyinə istinad edilməsini zəruri hesab edir.

16. Belə ki, Avropa Məhkəməs inin mövqeyinə görə, məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra səbəbləri var. Bunlardan əsası olan işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi ilə yanaşı, hüquqi müəyyənliyin qorunub saxlanılması və məhkəmə çəkişməsi tərəflərinin uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınması daxildir. Bu qayda, eyni zamanda, gələcək şikayətçiyə məhkəməyə müraciət edib etməməsi barədə düşünməyə, şikayət etməsinə qərar verdikdə isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar verməsinə vaxt imkanı verir. Müddət məhdudiyyətinin qoyulması, eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsinə dair imkanlarını genişləndirir, çünki zaman keçdikcə qaldırılan məsələlərin ədalətli şəkildə araşdırması artıq problemli məsələyə çevrilir. Be lə qayda məhkəmə nəzarətinin müəyyən vaxtla məhdudlaşdığını nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət ərzində davam edəcəyinin mümkün olmadığını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olması, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasına üzv dövlətlərin məhkəmələrinin qəbul etdiyi qərarlarının davamlı olaraq şübhə altında saxlanmasının qarşısının alınması arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə prosesi tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsasını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (Səbri Günəş Türkiyəyə qarşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012-ci il).

17. Yuxarıda qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da nəzərə alır ki, cinayət işinin məhkəmə baxışı mərhələsində maddi və prosessual cinayət-hüquqi normaların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları aşkar edilməmişdir.

18. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən, kassasiy a şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-135/2022 nömrəli, 28 dekabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar