Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1341/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Məhkum müdafiəçisi, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Abbasov Elxan Lətif oğlunun iştirakları ilə xx xxxxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Abbasov Elxan Lətif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakim A.F.İbrahimov) Məhkum - Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edi lməklə, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəli müəssisədə qeydiyyata alındığı gündən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən), E.E.Rəhimov və K.H.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti təmin edilərək, Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 14 dekabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum xx.xx.2021-ci il tarixdə, saat 19 radələrində xx.xx.2020-ci il tarixdə atası X10 tərəfindən Bakı şəhəri, 18 saylı notariat kontoru tərəfindən reyestrdə 7E-6367 nömrəsi ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş, ƏN-V 551224 nömrəli etibarnamə və xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin BDYPİ Qİİ tərəfindən verilmiş AD 087081 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi «A zSamand» markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ yolu ilə Bakı şəhəri, Suraxanı qəsəbəsi istiqamətinə 60 km/saat sürətlə hərəkətdə olan zaman, Bakı şəhəri, Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka ziyan vurmamalı olduğu halda, bu tələbləri yerinə yetirməmiş, hadisənin qarşısını almağa texniki imkanı olsa da, həmin maddənin tələblərini pozaraq, yolun döngəli hissəsində əks hərəkət yoluna çıxaraq, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi istiq amətində hərəkətdə olan X3 idarə etdiyi «Kia-Rio» markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan «Kia-Rio» markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs daxili qanitirmə və hemorragik şok ilə müşayiət olunan qarının küt travması, dalağın partlaması, (splenektomiya), iki tərəfli hemopnevmotoraksı kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət almasına, habelə «Kia-Rio» markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 xx.xx.2021-ci il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında ölümünə səbəb olmuş, hər iki ağ ciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin hər iki yarısında qabırğaların çox saylı sınıqları, bədənin çoxsaylı sıyrıqları və ağ ciyərin zədələnməsi nəticəsində baş vermiş çoxsaylı daxili qanitirmə kimi, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməklə, “Kia-Rio” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5.550 manat miqdarında maddi zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2021-ci il tarixli qərarının dəyişdirilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən heç bir əsaslandırma aparmadan birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmiş və təqsirləndirilən şəxs Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) ildən 05 (beş) il 03 (üç) ayadək artırılmışdır. Hal-hazırda zərərçəkmiş şəxslə barışıq əldə olunmuş və ona dəymiş ziyan ödənilmişdir. Ona görə də Məhkum təyin edilmiş cəzanın müddəti azaldılmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi E.Abbasovun və zərərçəkmiş şəxsin hüquqi varisi H.Məmmədovun, kassasiya şikayətinin qismən təmin edilməsinə etiraz etməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qis mən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuş, həmçinin kifayət qədər araşdırılma aparılmadan Məhkum sərt cəza təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydaları nın pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda” cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsid ir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təmina t verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəmə si işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan R espublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında həmçinin qeyd edilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasını n təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərərçəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlar la təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, işin kassasiya instansiya məhkəməsində baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə daxil olmuş notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, o, Məhkumla barışmış, məhkum tərəfindən ona dəymiş ziyan tam ödənilmiş və onun Məhkum qarşı heç bir iddiası və tələbi yoxdur. İş materiallarından görünür ki, Məhkum ilk dəfə olaraq cinayət əməli törətmiş, törətmiş olduğu cinayət əməlini etiraf etmiş və əməlindən peşmandır, cinayət işi üzrə zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş və onların məhkuma qarşı heç bir şikayət və tələbi yoxdur və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah e dilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizml ər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal ları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza yuxarıda qeyd edilən səbəblərdən yüngülləşdirilməli, ona Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2021-ci il tarixli qərarı ilə əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 05 (beş) il 03 (ay) aydan 04 (d örd) il 06 (altı) aya endirilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün – məntəqə tipli cəzaçəkmə müəssisəndə cəzalarının çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tuta raq Qərara alır: Kasassiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikasının CM-in 263.2-ci maddəsi ilə əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 05 (beş) il 03 (üç) aydan 04 (dörd) il 06 (altı) aya endirilsin. Məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Qərar qalan hissədə dəyişdirilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1341/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1341/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver