Məhkəmə qərarları › İş №1(102)-137/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-137/2021

07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-137/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X3, Məhkum və məhkumun müdafiəçisi X5 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 fevral 2019-cu il tarixl i qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Ənvər Seyidov, hakimlər Azad Məcidov və Zeynal Ağayevdən ibarət tərkibdə) 1(101)-1036/2018 nömrəli 29 noyabr 2018-ci il tarixli hökmü ilə 19 avqust 1967-ci il tarixdə Naxçıvan MR-da doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yeni küçə ev 3-də yaşayan, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi ev 92-də qeydiyyatda olan; Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 181.2.5-ci maddəsi ilə təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çək məklə, cəzaçəkmə müddətinin əvvəli 17 iyul 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 16 iyul 2018-ci il tarixdə saat 14 radələrində Sabunçu rayonunda avtobus dayanacağında kirayə ev axtaran Pakistan İslam Respublikasının vətəndaşı İqbal X1 ev vermək adı ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yeni küçə ev 3ə aparmış, burada tamah niyyəti ilə sifət nahiyyəsinə sillə vurmaqla və əlində olan silah qismində istifadə etdiyi mətbəx bıçağı ilə həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın edərək zərərçəkmiş İ.Javedin 550 (beş yüz əlli) manat pulunu və 170 (yüz yetmiş) manat dəyərində “Qmobile” markalı, “İ2 Pover” modeli modelli mobil telefonunu, üm umilikdə 720 (yeddi yüz iyirmi) manat olan özgənin əmlakını ələ keçirməklə quldurluq cinayəti törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elmar Rəhimov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Vaqif Mursaqulovdan ibarət tərkibdə) 1(103)-265/2019 nömrəli, 11 fevral 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum Məhərrrəm oğlu verdiyi kasasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 fevral 2019-cu il tarixli qərarı ləğv edilsin və məhkuma təyin edilmiş cəza müddətinin təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində müəyyən olunması barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Məhkum Əkbərzadə Elmar Xalid oğlu kassasiya şikayətinin dəlilərini onunla əsaslandırır ki, birinci instansiya və apelyasiya məhkəmələrinin müvafiq hökm və qərarı ədalətsizdir. Belə ki, məhkumun törətdiyi əməldən səmimi peşmançılıq hissləri keçirməsi, ailə vəziyyətinin ağır olması, övladının vərəm xəstəliyinin ağır dərəcəsindən əziyyət çəkməsi, ailəyə yeganə qazanc gətirən şəxs olması, zərərçəkmiş şəxslə barışıq əldə olunması müvafiq məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmamış, nəticədə ona təqsirli bilindiyi maddənin sanksiyası ilə ağır cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, pro ses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassa siya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Əkbərzadə Elmar Xalid oğlu əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən ona təyin edilmiş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşıs ını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəaların ın həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən zərərçəkmiş şəxslə barışıq əldə olunmasını yüngülləşdirən hallar kimi nəzərə almış və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona CM-in 181.2.5-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Azərbayc an Respublikası CM-in 181.2.5-ci maddəsinin sanksiyası səkkiz ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi də maddənin sanksiyasının minimum həddində cəza təyin etmişdir. Belə cəzanı heç də ağır hesab etmək mümkün deyildir. Həmçinin, cəza təyin edilərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya şikayətinin bu barədəki dəliləri ilə razılaşmaq olmur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya in stansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəza ların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 fevral 2019-cu il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 fevral 2019-cu il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar