Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1395/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və Məhkum müdafiəçisi Müdafiəçi7 iştirakları ilə, Şabran Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2023-cü il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi7 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şabran Rayon Məhkəməsinin (sədrlik edən hakim X3) 30 noyabr 2022-ci il tarixli hökmü ilə xx xxxx 1994-cü il tarixdə Qax rayonu, Aşağı Malax kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmamış, Qax rayonu Aşağı Malax kəndində qeydiyyatda olub yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə aza dlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkum üzərinə cəza çəkdiyi müddətdə Qax rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Qax rayonu Aşağı-Malax kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmuş, hökmün icrasının faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qax rayon İcra və probasiya şöbəsinə həvalə edilmişdir. Cəzaçəkmə müddətinin əvvəlinin yaşayış yeri üzrə Qax rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə digər şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 da məhkum olunmuşlar. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə) 22 fevral 2023 -cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. 177.2.2, 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şabran Rayon Məhkəməsinin 1(031)-58/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti təmin edilməmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə ə sasən, Məhkum 07 sentyabr 2021-ci il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Xaçmaz rayonu Xanlıq-oba kəndinə gəlib tor hasarın üstündən keçməklə həmin kənd sakini Zərərçəkmiş şəxs6 yaşadığı evin həyətinə, daha sonra isə həyətdə olan tövləyə qanunsuz daxil olaraq 1400 manat dəyərində 07 baş qoyunu oğurlamış, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır.. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilir ki, apellyasiya şikayətində aztəminatlı ailənin övladı olaraq yaşadığı ucqar dağ kəndində gəlir əldə edə bilməməsi səbəbindən məcburən Bakı şəhərində inşaat işləri ndə fəhləlik edib qazancının əhəmiyyətli hissəsini yaşlı valideynlərinin saxlanmasına sərf etmək üçün ictimai faydalı əmək məşğul olmağa şərait yaradılmasına dair dəlilləri yoxlanılmamışdır. Hüquqlarının müdafiəsi üçün dövlət hesabına təyin edilmiş Müdafiəçi6 təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün məhkəməyə hər hansı əlavə sübutun təqdim olunmasına təşəbbüs belə göstərməmiş, və nəticə etibari ilə apellyasiya qaydasında şikayəti dövlət ittihamçısının sübyektiv mülahizəsinə əsaslanmışdır. Halbuki, bu kateqoriya işlər üzrə mükəmməl məhkəmə presidentlərini özündə təsbit edən çoxsaylı məhkəmə aktları vardır ki, azadlığın məhdudlaşdırılması cəzası 1 ilədək müəyyən edilir və hətta həmin şəxsə sınaq müddəti tətbiq etməklə cəzadan azad edilir. Hökmə görə digər təqsirləndirilən şəxs,Təqsirl əndirilən şəxs1 ilə birlikdə o, 07 sentyabr 2021-ci il tarixdə, saat 02 radələrində Xaçmaz rayonu Xanlıq-oba kəndinə gəlib, həmin kəndin sakini Zərərçəkmiş şəxs6 həyətindəki tövləyə qanunsuz daxil olub, 1400 manat dəyərində 07 baş qoyunu oğurlamışıq. Cinayət işinin aparıldığı mərhələdə zərərçəkmiş Zərərçəkmiş şəxs6 vurulmuş 1400 manat ziyanı təkbaşına şəxsən özü ödədiyinə görə, zərərçəkmiş ərizə verib, heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. İbtidai və məhkəmə istintaqı zamanı özünü təqsirli bilməklə digər iştirakçı Təqsirləndirilən şəxs1 ifşa olunmasına fəal yardım etməklə hər iki mərhələdə dürüst danışıb əməlindən peşman olduğunu səmimi ifadə etmişdir. Bu barədə verdiyi məlumatlar nəzərə alınmamış, şəxsiyyətini səciyyələndirən digər xüsusatlar, yəni, ilk dəfə cinayət törətməyi, gənc və təcrübəsiz olmağı kimi işin həqiqi hallarına obyektiv qiymət verilməmişdir. Kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində CM-in 177.2.1 və177.2.3-ci maddələri ilə təqsirli bilinib, azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə dair 22 fevral 2023-cı il tarixli qərarını dəyişdirib, üzərində qəti olaraq 1(bir) il azadlığın məhdudlaşdırılmasını müəyyən edərək cəzanın yüngülləşdirilməsi və barəsində CM-in 70.3-cü maddəsini tətbiq etməklə sınaq müddəti müəyyən etməklə cəzadan azad olunmasına dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna ə sas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hə r hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkum və müdafiəçinin birgə verdikləri kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəz a təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin x arakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəric isi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ail əsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göstərilən qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CMnin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayət in xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq norması və qərarın məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbi q edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum münasibətdə cəza təyi ni məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-in 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, həmçinin cəzasını yüngülləşdirilən halları (cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması, törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsi), cəzanı ağırlaşdıran halı olmamasını nəzərə alaraq onun Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Məhkəmə kollegiyası qe yd edir ki, birinci instansiya məhkəməsi məhkuma azadlığın məhdudlaşdırılması cəzası təyin edərkən məhz sosial ədalətin bərpasını və təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini düzgün qiymətləndirmiş, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğunluğunu nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq onun bu mövqeyi ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin cəza təyininə dair mövqeyini əsaslı hesab edərək qeyd edir ki, Məhkum təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının həddinin azaldılması və ya onun barəsində CM-in 70-ci maddəsinini tətbiq edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, cəzanın şərti tətbiq olunmasını müəyyən edən CM-in 70-ci maddəsi azadlığın məhdudlaşdırılması cəzasının şərti tətbiq edilməsini nəzərdə tutmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının həddinin azaldılmasının məqsədəmüvafiq olmadığını qeyd edir və he sab edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum və müdafiəçisi Müdafiəçi7 tərəfindən birgə verilmiş kassasiya şikay əti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1395/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1395/2023
02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver