Məhkəmə qərarları › İş №1(102)-1404/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1404/2023

20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1404/2023 20.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-276/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qərarından dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamışdır. 2. 08 iyul 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o istintaqa məlum olmayan mənbədən 21 aprel 2022-ci il tarixdə satış məqsədilə qanunsuz olaraq külli miqdarda, 2, 363 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, 22 aprel 2022-ci il tarixdə, saat 19 radələrində Nərimanov rayon Polis İdarəsinin 18-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Nərimanov RPİ-nin 18-ci polis şöbəsinə gətirilmiş və üzərinə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 2,363 qram kustar üsulla hazırlanmış, külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. 3. 02 sentyabr 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışın a təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq olan 2,363 qram narkotik vasitə olan heroini 1 (bir) bükümdə əldə edərək saxlayaraq daşımış, 22 aprel 2022-ci il tarixdə, saat 19 radələrində Nərimanov rayon Polis İdarəsinin 18-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 4 ünvanın yaxınlığında saxlanılaraq Nərimanov RPİ-nin 18-ci polis bölməsinə gətirilmiş və üzərinə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 2,363 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1459/2022 nömrəli, 16 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmənin əvvəlinin 22 aprel 2022-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilməsini, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmaqla yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini belə əsaslandırmışdır ki, Məhkum şəxsi istehlak miqdarından 16 dəfə artıq miqdarda narkotik vasitə heroini əldə edərək, bir günlük özünə lazım olacaq dozada deyil, bütövlükdə götürüb üzərində saxlamaqla daşıması satış məqsədinin mövcud olmasını təsdiq edir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-276/2023 nömrəli, 10 fevral 2023-cü tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1325/2022 nömrəli, 16 sentyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti ver ilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya protestində qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi yekun qərarını qəbul edərkən cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirməmiş, sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq etməmiş, bunun nəticəsi olaraq məhkumun əməlinin tövsifində səhvə yol vermişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının 1(103)-276/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilir.

10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başq a sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyy ətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifində səhvə yol verildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPMnin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiya sı dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-276/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il)..

21. Şərh e dilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası dövlət ittihamçısının dövlət ittihamçısının Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

22. Belə ki, Məhkum əməlinin əsassız olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif olunmasının mübahisələndirilməsi üzrə dövlət ittihamçısının hazırda irəli sürdüyü dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən artıq ətraflı yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu və həmin sübutlara əsaslanmaqla müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi mü bahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək müəyyən etmişdir ki, ibtidai istintaq orqanı Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə saxlaması barədə hər hansı bir sübutu əldə etməmiş, cinayət işi üzrə sübutların qiymətləndirməsi qərarında onun narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması qənaətinə gəlməsi barədə nəticəsini heç bir dəlillə əsaslandırmamışdır. İşin halları ilə məhkumun narkotik vasitələrin satışından qazanc əldə etməsi, digər şəxsi marağının olması təsdiqlənmir, Məhkum üzərində aşkar edilmiş heroinin satış məqsədilə qanunsuz əldə edilib üzərində saxlanılması ilə verilən ittiham sübutlara deyil, yalnız şübhələ rə əsaslanmışdır. Nəticədə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Məhkum üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan heroinin çəkisinin külli miqdar təşkil etməsi onun satış məqsədi ilə əldə edilib saxlanılmasını sübut etmir.

24. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələ üzrə gəldiyi nəticə, apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin nəticəsini təkzib edə biləcək dəlil gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhk um törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

25. Qeyd edilən nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

26. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayətprosessual qanunvericiliyində müəyyən edilmiş bu təməl qayda, həmçinin Konstitusiyanın 133-cü maddəsinin İ hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prokurorluğu nun səlahiyyətlərinin mahiyyətindən irəli gəlir. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır, məhkəmədə dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, məhkəmə qərarlarından protest verir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 31 oktyabr 2022-ci il).

27. Tamamilə eyni mövqe İnsan Hüquqları ü zrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).

28. Kassasiya protestinin cinayət işinin mahiyyəti ilə bağlı dəlilərinə gəldikdə, məhkəmə kollegiyası xatırladır ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satış yox, həm də həmin məqsədlə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, g öndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 2, § 9, 4 mart 2011-ci il).

29. A vropa Məhkəməsinin formalaşmış presedent hüququna görə də, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020-ci il). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsinin qərarlarında qeyd edilən, eləcə də bir sıra, o cümlədən Rusiya və Ukrayna kimi dövlətlərin hüquq mühafizə orqanlarının geniş istifadə etdiyi, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununu n 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulmuş, nəzarət qaydasında mal alınması qəbul edilmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021-ci il).

30. Belə, yəni aparılmış istintaq nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, yalnız Məhkum üzərindən aşk ar edilmiş narkotik maddənin hər hansı həddə şəxsi istehlak miqdarından artıq miqdarda olduğuna görə, onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətdiyi əsasla cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı.

31. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, hazırda mübahisələndirilən qərar maddi və prosessual cinayət-hüquqi normalarına, eləc ə də məhkəmə təcrübəsinə uyğundur.

32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

33. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-276/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-276/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar