Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-141/2019 29.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin və məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş ka ssasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (sədrlik edən Ələddin Cəfərov) 08 may 2018-ci il tarixli hökmü ilə xx xxxxxxx 1964-cü il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşamış; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimi cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 12 yanvar 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12.01.2018-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, ünvan 2 ünvanda yerləşənyaşayış binasının arxasında yerləşən qadın üçün gödəkçələrin satışı piştaxtası qarşısında X4 üzərindəki açıq əl çantasından içərisində 139 manat nağd pul olan 5 manat dəyərində pul kisəsini çıxarıb oğurlayaraq zərərçəkmiş X6ya cəmi 144 manat ziyan vurmaqla hadisə yerindən qaçıb gizlənmək istəyərkən Bakı şəhər Baş Polis İdarəsinin cibgirlik cinayətlərinə qarşı yaradılmış qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs hadisə yerindən bir qədər kənarda saxlanılıb üzərinə baxış keçirilərkən X6ya məxsus pul kisəsi ilə 139 manat nağd pul aşkar edilib götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əmir Bayramov (sədrlik edən və məruzəçi), Əflatun Qasımov və Na miq Məmmədov ibarət tərkibdə) 24 iyul 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2018-ci il tarixli qərarı cəzanın sərtliyinə və şəxsiyyətinə uyğun olmadığından dəyişdirilməklə ona cərimə cəzası növündə cəza təyin edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum Təqsirləndirilən şəxs onunla əsaslandırır ki, ona təyin olunmuş cəza ağır olduğundan güngülləşdirilə və ya azadlıqdan məhrum etmə cəzası ilə əlaqədar olmayan cəza təyin edilə bilər. Həmçinin üzərində maddi ziyan olmadığından vurulmuş ziyan ödənildiyindən yuxarıda qeyd etdiyi xahişin nəzərə alınmasını istəyir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normal arının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili təyin edilmiş cəzanın sərtliyinə və şəxsiyyətinə uyğun olmaması, azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmayan cəza təyin edilməli olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddə lərində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azər baycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiyası məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin edərkən onun törətmiş olduğu cinayət əməlini səmimi etiraf edərək peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsinin sanksiyasında iki cəza növü, yəni bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıq dan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi ona maddənin sanksiyasının minimum həddində (2 il) olan cəzanı təyin etmişdir. Belə cəzanı heç də ağır hesab etmək olmaz. Digər tərəfdən, təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühi ti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası işə baxan məhkəmələrin Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, cəza təyini zamanı cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün nəzərə alınmışdır və cəza növünün dəyişdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Kas sasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2018-ci il tarixli qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şik ayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2018-ci il tarixli məhkum Təqsirləndirilən şəxs barəsindəki qərar dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-141/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-141/2019
29.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver