Məhkəmə qərarları › İş №1(102)-1418/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1418/2023

29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1418/2023 29.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum A zərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Məcidov Azad Əli Ağa oğlu (sədrlik edən və məruzəçi), Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1980-ci il tarixdə Ağdam rayonunun Evoğlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, heç yerdə işləməmiş, evli, himayəsində iki azyaşlı uşaqları olan, əvvəllər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 avqust 2020-cu il tarixli hökmü ilə CM-nin 23 4.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 aprel 2013-cü il tarixli hökmü ilə CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1 və 76.6.3-cü maddələrinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məhkəmənin 13 fevral 2018-ci il tarixli qərarı ilə oğurluq əməli CM-nin 177.2.4-cü maddəsindən CMnin 177.1-ci maddəsinə tövsif edilərək CM-nin 67.1-ci maddəsinin tətbiqinə dair müddəalar həçmin hökmdən xaric edilərək üzərində CM-nin 234.1-ci madd əsi ilə təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və həmin cəzanı çəkib qurtarmış hesab edilərək cəzadan azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, nömrəsiz evdə yaşamış, CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 4,735 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsi, 3-cü sahədə yerləşən qəbiristanlığın qarşısına qədər daşımış və 16 iyul 2021-ci il tarixdə saat 12:00-da Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsi, 3-cü sahədə yerləşən qəbiristanlığın qarşısında piyada hərəkət edən zaman saxlanılıb Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilərək inzibati binada videoçəkilişlə üzərində aparılan şəxsi axtarış zamanı əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,445 qram, 4,290 qram, ümumi çəkisi 4,735 qram, yəni külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə b axan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Mursaqulov Vaqif Ənvər oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək ona köməklik göstərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İşin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən və iş üzrə toplanmış və araşdırılmış sübutlara istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, üzərində aşkar edilmiş, lakin ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdardan az miqdarda olan narkotik vasitəni bu vasitələrin aludəçisi olduğuna görə ancaq özünün şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirmiş, lakin polis şöbəsində həmin narkotik vasitənin miqdarı polis əməkdaşları tərəfindən artırılmış və ona bu miqdarda heroinin ona məxsus olmasını etiraf etməsi məcbur edilmişdir. Kassasiya şikayətində göstərdiyi bu dəlillərə əsasən Məhkum həmin şikayətində ona hansı şəkildə köməklik göstərilməsi barədə konkret tələb irəli sürməsə də, məhkəmə kollegiyası bu müraciətin məzmununu məhkumun hökmdən verdiyi apellyasiya şikayətində irəli sürdüyü tələblə birgə müqayisə edərək belə nəticəyə gəlir kassasiya şikayətinin müəllifi onun cinayət əməlinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında digər proses iştirakçıları ilə yanaşı Məhkum də qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin o, məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə dax il olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Qeyd olunduğu kimi, Məhkum apellyasiya instansiyası məhkəməsinin yekun qərarından verdiyi kassasiya şikayətində işin faktiki hallarını mübahisələndirərək onun əməlinin düzgün tövsif edilməməsini iddia edir və bununla bağlı dəlillərə əsaslanaraq kassasiya qaydasında mübahisələndirdiyi qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirir. CPM-nin 416.1.2 və 416.1.15 -ci maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılma sı üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələ blərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apel lyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyy ən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməs i yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi ü çün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası daha sonra vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçir ilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətb iq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bi r sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini t ələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxla nılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqi q edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışınd a ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı əməl olunmalıdır. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qə rarında da əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 m art 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin m əsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun hökmün təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi d ə həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə özünün q ismən etirafedici ifadələri, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, maddi sübutlarla və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. Bu sübutların əlaqəli şəkildə təhlilindən görünür ki, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törtməsi, yəni istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 4,735 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib iki bükümdə qablaşdıraraq üzərində saxlaması və daşımıası, 16 iyul 2021-ci il tarixdə saat 12:00-da Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsi, 3-cü sahədə yerləşən qəbiristanlığın qarşısında piyada hərəkət edən zaman saxlanılıb Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirildikdən sonra isə videoçəkilişlə üzərində aparılan şəxsi axtarış zamanı əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,445 qram, 4,290 qram, ümumi çəkisi 4,735 qram, yəni külli miqdarda narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi cinayət işinin materiallarında olan sübutlarla tam təsdiq edilir. İş materiallarından göründüyü kimi, məhkəmələrin iş üzrə bu haqda gəldikləri nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutların to planması və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş və məhkəmələr yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş, sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna isə yol verməmişlər. Bütün bunlara baxmayaraq, Məhkum ondan aşkar edilərək götürülmüş ümumi çəkisi 4,735 qram olan narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamasını qeyd edərək onun əməlinin CM-nin 234.4.3-cü mad dəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə tələb irəli sürmüşdür. Məhkəmə kollegiyasının qənaətinə görə iş üzrə toplanmış sübutlar bu tələbin əsassız olmasına dəlalət edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə ittiham hokmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlara, yəni məhkum edilmiş şəxs Məhkum qismən etirafedici ifadələrinə, həmçinin şahidlər Şahid2 və Şahid1 ifadələrinə, məhkəmədə tədqiq olunmuş 16 iyul 2021-ci il tarixli "şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokola, məhkəmə-kimyəvi ekspertizasının 16 iyul 2021-ci il tarixli 6/2901 saylı, məhkəmə-narkoloji ekspertizasının 13 avqust 2021-ci il tarixli 2843 nömrəli rəylərinə, maddi süb utlara istinad edib Məhkum məhz CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə, həmin cinayət əməlinə aidiyyətinin və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına əsaslanmış və sonuncunun göstərilən maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkum əməlinin bu şəkildə tövsif edilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətlərinə görə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal e tmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Cinayət qanunvericiliyinin tələblərinə və mənasına əsasən şəxsin əməlinin CM-nin 234.4.3-ci maddəsi ilə tövsif edilməsi üçün aşağıdakı qeyd olunan üç şərt eyni vaxtda mütləq mövcud olmaldır: - şəxs CM-nin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; - şəxs bu hərəkətləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olmalıdır. Hazırkı iş üzrə məhkum olunmuş şəxsin təqsirliyi bilindiyi CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməlin obyektiv və subyektiv cəhətlərinə münasibətdə iş üzrə müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki (mübahisəsiz) hal üzrə ibtidai araşdırma orqanının gəldiyi nəticə Məhk um qarşı irəli sürülmüş ittihamda və bu ittihamla razılaşan məhkəmələrin yekun məhkəmə aktlarında ətraflı təsvir edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, işin müəyyən edilmiş faktiki halları, yəni Məhkum narkotik vasitəni məhz satış məqsədilə əldlə edərək üzərində saxlaması və daşıması həm məhkumun qismən etirafedici ifadələri ilə, həm də digər sübutlarla tam təsdiq olunur. Bu qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin Məhkum üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə - cəmisi 4,735 qram çəkidə heroinin külli miqdarda olmaqla şəxsi istehlak miqdarından təxminən 31 dəfə, külli miqdarından isə - təxminən 2 dəfə çox olmasını, həmin narkotik vasitənin iki bükümdə qablaşdırılmasını, ən əsası isə məhkumun ittiham olunduğu əməli törətməsinə, yəni narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edən onun istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olmuş sms-lərin mətnlərini nəzərə alır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş, Məhkum istifadəsində olan ***-***-**-** mobil nömrəsinə daxil olan zənglərə və sms-lərə dair Azerfon MMC tərəfindən ibtidai araşdırma orqanına təqdim olunmuş CD diskə baxış keçirilməsi haqqında 01 oktyabr 2021-ci il protokoldan görünür ki, baxış zamanı Məhkum istifadəsində olan mobil telefon nömrəsinə şəxsiyyəti müəyyən edilməmiş şəxs tərəfindən ***-***-**-** mobil telefon nömrəsindən "Qaqa 10 manat var arxa şüşe var sende” məzmunlu mesaj göndərilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə iclasında da göstərilən CD diskdə olan məlumatlar bir daha tədqiq olunmuş və müəyyən edilmişdir ki, 13 may 2021-ci il ta rixdə saat 22:36:21-də ***-***-**-** mobil telefon nömrəsindən Məhkum istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə "Qardawim Pis Gundeyem Olurem Sene Uzum Gelmedi Yiqam.12 Manat Tapdim Nolar Ele Eleki Seher Lomkada Yanna Qacmiyim Axirinci Pulumu Verem Dobru Ele Menim Olmuwum” məzmunlu sms daxil olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, işin faktiki hallarına və bu halların arxasında duran sübutlara qiymət verən məhkəmələr tamamilə haqlı olaraq Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi əməli məhz satış məqsədilə törətməsi barədə əsaslı nəticəyə gəlmiş və bu nəticə qanunvericiliyin tələbləri ilə yanaşı həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının formalaşdırdığı vahid məhkəmə təcrübəsinə və narkotik vasitələrin və psixo trop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri üzrə qanunvericiliyin düzgün tətbiq edilməsi məqsədilə Ali Məhkəmənin Plenumu tərəfindən 04 mart 2011-ci il tarixdə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında əksini tapmış izah və tövsiyələrə uyğundur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psi xotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-nin 234.4.3-cü maddəsinin məzmununa və mənasına görə, şəxsin həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi haqda nəticəyə gəlmək üçün onun külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri, habelə bunlara aid olmayan güclü təsir edən maddələri satması ilə yanaşı həmçinin belə vasitə və maddələri satış məqsədilə əldə etməsi, saxlaması, daşıması, gəzdirməsi və ya göndərməsi toplanmış və araşdırılmış sübutlarla təsdiq olunmalıdır. Burada göstərilən maddə və vasitələrin miqdarı, onların daşınması, gəzdirilməsi, saxlanması yerləri, müddəti, şəraiti və üsulu, habelə satışın həyata keçiriməsi üçün müəyyən avadanlığın (məsələn, tərəzinin, qab laşdırmaq üçün üçün avadanlığın) alınması və narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin istifadəçilərinin axtarılması və sair bu kimi halların müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-u bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilə rkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. O, ki qaldı polis əməkdaşları tərəfindən Məhkum üzərində aşkar edilmiş narkotik vasitənin miqdarının artırılması barədə kassasiya şikayətinin dəlilinə, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkum öz müraciətində bu halı iddia etsə də həmin dəlillə bağlı heç bir sübuta istinad etməmiş, digər tərəfdən isə onun bu iddiası şəxsi axtarış və götürmə haqqında 16 iyul 2021-ci il tarixli protokolla, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə, habelə iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadəldəri ilə tamamilə təkzib edi lir. Bu baxımdan məhkəmə kollegiyası Məhkum kassasiya şikayətində göstərdiyi bütün dəlilləri qəbuledilməz sayır və həmin şikayətin təmin edilməsi, məhkumun əməlinin isə CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi üçün əsaslar görmür. Kassasyia şikayətində Məhkum ona təqsirli bilindiyi CM-nin 234.4.3-cü maddəsi ilə (həmin maddənin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) təyin olunmuş cəzanın həddindən artıq ağır olması barədə dəlillər göstərməyərək həmin cəzanın yüngülləşdirilməsi və ya başqa cəza ilə əvəz edilməsi barədə tələb irəli sürməsə də məhkəmə kollegiyası CPM-nin 419.1-ci maddəsinin tələblərinə əsasən kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq bu məsələni də yoxlamış və müəyyən etmişdir ki, həmin məsələni həll edən birinci və apellyasiya instansiyası məhkəmələri CM-nin 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl edərək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini nəzərə alaraq Məhkum törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyətini səciyyələndirən hallara, o cümlədən ailə vəziyyətinə uyğün olan, CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddinə yaxın həddə - 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmişlər. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları (həmin iş üzrə toplanmış və araşdırılmış sübutlar) bütövlükdə baxılan işdə kassasiya şikayəti ilə ehtiva ol unan və olunmayan, CPM-nin 416-cı maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Buna görə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416-ci maddəsində sadalanan hər hansı pozuntuya yol verildiyini müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2022-ci il tarixli qərarı isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar