Məhkəmə qərarları › İş №1(102)-1433/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1433/2023

02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1433/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və Zərərçəkmiş şəxs iştirakları ilə, Şirvan Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1 -ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 mart 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şirvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim: X6) 10 yanvar 2023-cü il tarixli hökmü ilə xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X17 Yaşayış Massivində yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69. 3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2022-ci il saat 02:30-dan xx.xx.2022-ci il saat 11:00-dək şübhəli şəxs qismində tutulduğu müddət 2 gün təyin edilmiş cəzadan çıxılaraq qəti olaraq, üzərində 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə zalından həbsə alınması, "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X14 və X5 ibarət tə rkibdə) 7 mart 2023-cü il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 1(032)10/2023 saylı hökmü, həmin hökmdən Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilməmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda 7 ədəd ofset çap üsulu ilə hazırlanmış, eyni nominallı həqiqi pul əskinasından açıq-aşkar formada fərqlənməyən saxta xarici valyuta hesab edilən MB seriyalı 23337314 B, MB seriyalı 79812590 C, MB s eriyalı 84037273 B, MB seriyalı 23337314 B, MB seriyalı 57523557 A, MB seriyalı 37037314 B və MB seriyalı 57523580 A nömrəli 50 nominal X9 dollarını əldə edərək, həmin 7 ədəd saxta 50 nominal X9 dollarını 30 iyun 2022-ci il tarixdə, saat 14 radələrində Şirvan şəhəri, İbrahimov küçəsində yerləşən «köhnə bazar» adlanan ərazidə olarkən meyvə-tərəvəz satışı ilə məşğul olan Zərərçəkmiş şəxs hər birini 84 manat 50 qəpikdən olmaqla sataraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 591 manat 50 qəpik məbləğində maddi ziyan vurmuşdur Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilmişdir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsi ilə tövsif edilməsi tamamilə qanunsuz və əsassızdır. İbtidai istintaq orqanı əsassız olaraq Məhkum cinayət məsuliyyətinə cəlb etmiş, birinci instansiya məhkəməsi iş üzrə mötəbər sübutlar olmadan onu təqsirli bilinərək ağır bir cəza təyin etmiş və apellyasiya məhkəməsi də Məhkum barəsində olan hökmünü dəyişdirilmədən saxlamışdır. Müdafiə tərəfi olaraq hesab edir ki, xəstə qız uşağını təkbaşına böyüdən və anasının yanında saxlanılan oğlan uşağa görə aliment ödəyən şəxsi cəzaçəkmə müəssisəsinə göndərilməsi yolverilməzdir. Cinayət işi üzrə ibtidai istintaq çox səthi və birtərəfli qaydada aparılmış, iş materiallarından göründüyü kimi, Məhkum CM-in 204.1-ci maddəsi ilə verilmiş ittiham yalnız zərərçəkmiş şəxsin ifadəsi üzərində qurulmuşdur. Nə ibtidai istintaq dövründə, nədə ki məhkəmə baxışı zamanı Məhkum təqsirliyini təsdiq edən hər-hansı bir mötəbər sübut əldə edilməmişdir. İbtidai İstinta q orqanının və məhkəmənin gəldiyi nəticə yalnız şübhələr və ehtimallardan ibarət olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs 7 ədəd xarici valyuta hesab edilən ABŞ dollar pul əskinaslarını ona məhz Məhkum tərəfindən verildiyi iddia etsə də, sübut təqdim etməmişdir. Müstəntiq özü də zərərçəkmiş şəxsin iştirakı ilə hadisə yerində baxış keçirməsinə baxmayaraq Zərərçəkmiş şəxs kim tərəfindən saxta pulun verilməsini əks etdirən ən azı video görüntülərini əldə edilməsinə tədbir görməmiş və ya görmək istəməmişdir. Qeyd olunan hal baxılan cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edir. Çünki Məhkum 30 iyun 2022-ci il tarixdə Şirvan polis şöbəsində elə ilk verdiyi ifadəsində Şirvan şəhərində olmasını və “Oba” marketə daxil olmaqla su aldığını inkar etməmişdir. Bu xüsusatın iş üzrə mühüm əhəmiyyət kəsb etdiyind ən tərəfindən “köhnə bazar” adlanan ərazidə Zərərçəkmiş şəxs meyvə-tərəvəz satışı ilə məşğul olan yerin (sahənin) video görüntülərinin əldə edilməsi ilə bağlı vəsatət verilmişdir. Vəsatəti əsaslı olduğundan təmin olunmuş, lakin baş verən hadisədən uzun müddət keçdiyindən video görüntülərinin əldə edilməsi mümkün olmamışdır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs 01 iyul 2022-ci il tarixdə 7 ədəd olmaqla xarici valyuta hesab edilən ABŞ dollar pul əskinaslar; istintaq orqanına təqdim edilməsinə baxmayaraq müstəntiq bununla bağlı təyin olunmuş məhkəmə texniki ekspertizasının təyin edilməsi barədə qərarı Ekspertiza Mərkəzinə yalnız 08 avqust 2022-ci il tarixdə göndərmişdir. Halbuki, bu qəbildən olan işlərdə malın (əşyanın) mənşəyinin müəyyən edilməsindən ötrü dərhal müva fiq ekspertiza təyin olunmaqla rəy alınmalıdır. Nədənsə birinci instansiya məhkəməsi göstərdiyi bu xüsusata qiymət verməmişdir. Məhkum ifadəsində qeyd olunanlar istintaqın sonrakı mərhələlərdə öz təsdiqi tapmışdır. Amma müstəntiq ittiham aktına yalnız ittihama sərf etdiyi sənəd və məlumatları daxil etmişdir. İşdə olan mobil telefonlarının anten məlumatlarından göründüyü kimi, Məhkum həqiqətən 30 iyun 2022-ci il tarixdə ifadəsində qeyd etdiyi vaxt Sabirabad rayonunda, sonra da Şirvan şəhərində olmuşdur. Məhkəmə isə müstəntiq kimi yalnız onun Şirvan şəhərində olmasına istinad edir. Bundan əlavə işdə olan əməliyyat tapşırığının cavabından görünür ki, Məhkum ətraf rayonlarda eyni əməllərin törədilməsi müəyyən olunmamışdır. İbtidai istintaq dövründə Məhkumla bağlı toplanmış və məhkəmə baxışı za manı tədqiq olunmuş sübutlar iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz və onun CM-in 204.1-ci maddəsi ilə məhkum edilməsi üçün kifayət hesab etmək olmaz. İşə əlavə edilmiş yaşayış yerindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Məhkum tək qızı Xədicə ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkum qızı Xədicə ağır xəstəlikdən əziyyət çəkir. Belə ki, xx.xx.2023-cü il tarixdə Akademik C.Abduilayev adına X1 müayinə zamanı Sadıqova Xədicəyə “Anadangəlmə ürək qüsuru: Mədəcikarası çəpərin perimembranoz hissəsinin kiçik defekti” diaqnozu qoyulmuşdur. Hökmdə öz əksini tapmasa da, xəstəliklə bağlı onu da qeyd etmək istəyir ki, Məhkum özü də şəkərli diabet və hipertoniya (yüksək təzyiq) xəstəliklərindən əziyyət çəkir. Məhkum Azərbaycan X7 İctimai Birliyi tərəfi ndən verilmiş fəxri fərmanının surətindən görünür ki, Məhkum 44 günlük Vətən müharibəsi zamanı döyüş bölgəsində könüllü olaraq ordumuzun Təminat və Təchizatında aktiv iştirakına görə fəxri fərman verilmişdir. Məhkum əvvəllər məhkum olunmamışdır, verilmiş ittiham üzrə ilk gündən özünü təqsirli bilməsə də, Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilmişdir. Belə ki, işə əlavə edilmiş 15 dekabr 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Məhkum ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkum qarşı heç bir şikayəti və maddi tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Məhkum uşağı təkbaşına böyüdən ata olduğundan ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. 26 dekabr 2022-ci il tarix də Məhkum qızı - Bakı şəhəri 244 nömrəli məktəbinin “9 f sinif şagirdi X11 Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya və Şirvan şəhər Məhkəməsinin hakimi xanım Səidə Məmmədovaya yazılı ərizə ilə müraciət edərək atası Məhkum Şirvan şəhər Məhkəməsində baxılan cinayət işi üzrə tutulmaması üçün köməklik edilməsini xahiş etmişdir. Müdafiəçi kassasiya şikayətində Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 mart 2023-cü il tarixli qərarı ləğv edilməklə cinayət işi üzrə icraata xitam verilməsi və onun əməlində cinayət tərkibinin olması hesab edildiyi halda Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən Məhkum təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə zərərçəkmiş şəxsin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və b u Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 mart 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmi yyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi). Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun CM-in 204.1-ci maddəsi ilə təqsirlilik məsələsi və təyin olunmuş cəza mübahisələndirilir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr Məhkum Cinayət Məcəlləsinin 204.1-ci maddəsində nəzər də tutulan cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Şirvan şəhərində «köhnə bazar» deyilən ərazidə meyvə satır. Bacısı onkoloji xəstə olduğu üçün bacısının əməliyyat olunmasına görə pul yığmışdır. 30 iyun 2022-ci il tarixdə, saat 14-15 radələrində o, «köhnə bazar» deyilən ərazidə olarkən hazırki iş üzrə təqsirləndirilən şəxs ona yaxınlaşaraq bazarda ABŞ dollar pulunu kimin dəy işə biləcəyini soruşmuş, o isə demişdir ki, burada ABŞ dollar pulunu dəyişən yoxdur. Fikirləşmişdir ki, onsuz da bacısının əməliyyatı üçün pul yığır və qoy həmin ABŞ dollar pulu ucuz götürməklə dəyişsin və bir neçə manat qabaq olsun. Buna görə həmin şəxsə demişdir ki, istəsə həmin ABŞ dollar pulu özü dəyişər. Həmin şəxs də razılaşmış və o, həmin şəxsə 100 ABŞ dolları 169 manata götürdüyünü demişdir. Həmin şəxs də razılaşmış və ona 7 ədəd 50 ABŞ dollar əskinası vermişdir ki, onları mili pula dəyişsin. O da həmin pullara uyğun olaraq həmin şəxsə 591 manat 50 qəpik pul vermiş və həmin şəxs ondan pulu alıb çıxıb getmişdir. Həmin şəxs getdikdən sonra ona verdiyi ABŞ dollar pulların saxta olmasından şübhələnərək tez yaxınlıqda yerləşən pərakəndə satış mərkəzinə getmiş və həmin yerdə ABŞ dollar p ullarını aparatda yoxladıqda onların saxta olduğunu görmüş, təqəsirləndirilən şəxsin getdiyi istiqamətdə qaçsa da, onu tapa bilməmişdir. Bu səbəbdən də 01 iyul 2022-ci il tarixdə ərizə ilə Şirvan şəhər polis şöbəsinə müraciət etmişdir. 10 iyul 2022-ci il tarixdə Şirvan şəhər polis şöbəsinə dəvət olunduqdan sonra ona tanımaq üçün 4 nəfər şəxs təqdim edilmiş və o, həmin şəxslərin arasından ona 350 ABŞ dollar pulu satan şəxsi tanıyıb həmin şəxsi işarə etmiş, aralarında üzləşdirmə keçirilmiş və üzləşdirmə zamanı ona 350 ABŞ dollar pul satmadığını bildirmişdir. Təqsirləndirilən şəxsi əvvəllər görməmiş, sonradan kameralarda baxdıqda həmin şəxsin Vaz-2107 markalı avtomobil ilə gəldiyini müşahidə etmiş, lakin qeydiyyat nişanını görə bilməmişdir. Hazırda ona vurulmuş ziyan ödənildiyindən təqsirlənd irilən şəxsə qarşı şikayəti yoxdur. Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: Baxış keçirilməsi haqqında 01 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi pul əskinasları 7 ədəd olmaqla xarici valyuta hesab edilən ABŞ dollar pul əskinaslarına bənzəyir, həmin pul əskinaslarının hər birinin sol yuxarı-aşağı və sağ yuxarı-aşağı künclərində rəqəmlə «50» yazılmış, hər bir pul əskinasının yuxarı hissəsində «FEDERAL RESERVE NOTE» sözləri, sağ yuxarı hissədə «THE UNİTED STATES OF AMERİCA», «FİFTY» sözləri, aşağı hissəsində «FİFTY DOLLARS» sözləri həkk olunmuş, əskinasların hər birinin orta hissəsində «Uliss Grant» adlı şəxsin fotoşəkili həkk olunmuşdur. Pul əskinaslarının arxa tərəflərində isə X4 Vaşinqton şəhərin də yerləşən ağ evin fotoşəkili həkk olunmuşdur. Hər bir pul əskinasının üzərində ayrı-ayrı seriya və nömrələr əks olunmuşdur. Həmin seriya və nömrələr MB 79812590 C, Mb 57523557 A, MB 57523580 A, MB 23337314 B, MB 23337314 B, MB 37037314 B, MB 84037273 B-dır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, təqdim etdiyi 7 ədəd 50 ABŞ dollar pul əskinaslarını ona tanımadığı şəxs təqdim etmişdir; Şəxsin tanınmaya təqdim edilməsi haqqında 10 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim olunan şəxslər arasında 4-cü sırada duran şəxsi, yəni Məhkum göstərib, məhz həmin şəxsin ona 7 ədəd saxta 50 ABŞ dollar pullarını satdığını bildirmişdir; Şəxsin tanınmaya təqdim edilməsi haqqında 10 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 ona təqdim olunan şə xslər arasında 4-cü sırada duran şəxsi, yəni Məhkum göstərib, məhz həmin şəxsin 30 iyun 2022-ci il tarixdə ondan dollar dəyişilən yerin harada olmasını soruşduğunu bildirmişdir; "xxxx" MMC-dən təqdim olunmuş mobil telefon danışıqlarına dair məlumatlara baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi 30 iyun 2022-ci il tarixdə saat 14:05-də, saat 15:06-da «Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, "Tural” şadlıq sarayının damı”», «Shirvan_Elit_Market/"Şirvan şəhəri, H.Əliyev pr 1/18,1"/Shirvan» anten dairələrində qeydə alınmışdır; Sənədlərin məhkəmə texniki ekspertizasının 17 avqust 2022-ci il tarixli, 5/899-5/946 nömrəli rəyində göstərilmişdir ki, təqdim edilmiş 7 ədəd MB seriyalı 23337314 B, MB seriyalı 79812590 C, MB seriyalı 84037273 B, MB seriyalı 23337314 B, MB seriyalı 57523557 A, MB seriyalı 37037314 B və MB seriyalı 57523580 A nömrəli 50 nominal X9 dolları pul əskinasına oxşar tədqiqat obyektləri ofset çap üsulu ilə hazırlanmışdır. Həmin tədqiqat obyektləri fiziki-kimyəvi, texnoloji və poliqrafik mühafizə vasitələrlə təchiz olunmamışdır və eyni nominal həqiqi pul əskinası ilə eynilik təşkil etmir. Təqdim edilmiş tədqiqat obyektlərinin fraqmentləri dəyişdirilməmişdir. Həmin tədqiqat obyektləri eyni nominalı həqiqi pul əskinasından açıq-aşkar formada fərqlənmir. Tədqiqata təqdim olunmuş 7 ədəd MB seriyalı 23337314 B, MB seriyalı 79812590 C, MB seriyalı 84037273 B, MB seriyalı 23337314 B, MB seriyalı 57523557 A, MB seriyalı 37037314 B və MB seriyalı 57523580 A nömrəli 50 nominal X9 dolları pul əskinasına oxş ar tədqiqat obyektlərinin kağızının materialı fiziki xassələrinə və kimyəvi tərkibinə görə eyni növ kağıza aiddirlər. Həmin tədqiqat obyektlərinin rəngləyici maddəsi kimyəvi tərkiblərinə görə mətbəə çap qurğularında istifadə olunan eyni növ rəngləyici maddələrə aiddirlər; Verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubunda göstərilmişdir ki, bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, Məhkum ifadəsində adını qeyd etdiyi Eldar adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Həmçinin hadisənin baş verməsini özündə əks etdirən videogörüntülərin əldə olunması istiqamətində bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, Şirvan şəhəri, l-nt İbrahimov küçəsində olan iaşə obyektlərinə baxılmış, lakin hadisə gününü özündə əks etdirən videogörüntülər müəyyən olunmamışdır. Bundan əlavə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum 30 iyun 2022-ci il tarixdə, saat 14 radələrində Şirvan şəhərinə idarə etdiyi Vaz-2107 markalı 72- BD-313 dövlət qeydiyyat nişanlı avtomobillə gəlməsi və Şirvan şəhərinin l-nt İbrahimov küçəsində avtomobilini «Oba market» adlı mağazanın yaxınlığında saxlamaqla məlum hadisəni törətməsi müəyyən edilmişdir. Həmçinin Məhkum saxta ABŞ dollar pul əskinaslarını hansı mənbədən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət Məcəlləsinin 204.1-ci maddəsində satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şərh olunan cinayət əməlinin predmeti saxta milli valyuta, saxta qiymətli dövlət kağızları, saxta xarici valyuta və xarici valyutada ifadə olunan saxta qiymətli kağızlardır. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 3-cü bəndinə əsasən xarici valyuta müvafiq xarici dövlətin və ya dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanları, habelə xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya hesablaşma vahidlərində hesablarda olan vəsaitlərdir. Qeyd edilən cinayətin obyekti Azərbaycan Respublikasının maliyyə-pul sistemini n mövcudluğunu və normal fəaliyyətini təmin edən ictimai münasibətlərdir. Əlavə obyekt qismində dövlətin iqtisadi mənafeləri çıxış edə bilər. Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma cinayətinin ictimai təhlükəliliyi bu əməllər nəticəsində qeyriqanuni tədavülə buraxılan saxta pul və ya qiymətli kağızların ölkənin maliyyə-pul sistemini ciddi təhlükə altında qoymasından ibarətdir. Saxta ödəniş vasitələrinin tədavüldə olması nəticəsində bazar münasibətlərinin müxtəlif subyektlərinin iqtisadi mənafelərinə mühüm ziyan vurula bilər. Ona görə də şərh edilən əmələ görə məsuliyyət nəzərdə tutulmasında məqsəd həm ölkəmizin milli valyutasının, xarici valyutanın və müxtəlif qiymətli kağızların cinayətkar qəsdlərdən qorunması, həm də bazar münasibətləri iştirakçılarının mənafe lərinin saxta ödəniş vasitələri ilə vurula biləcək ziyanlardan mühafizə olunmasıdır. Cinayət işi üzrə müəyyən edilmiş hallardan və sübutların müqayisəli təhlilindən göründüyü kimi, Məhkum satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda 7 ədəd ofset çap üsulu ilə hazırlanmış, eyni nominallı həqiqi pul əskinasından açıq-aşkar formada fərqlənməyən saxta xarici valyuta hesab edilən 50 nominal X9 dollarını əldə edərək, həmin saxta pulları 30 iyun 2022-ci il tarixdə, saat 14 radələrində Şirvan şəhəri, l-nt İbrahimov küçəsində yerləşən «köhnə bazar» adlanan ərazidə olarkən meyvə-tərəvəz satışı ilə məşğul olan Zərərçəkmiş şəxs hər birini 84 manat 50 qəpikdən olmaqla sataraq, Zərərçəkmiş şəxs ümumilikdə 591 manat 50 qəpik məbləğində maddi ziyan vurması öz təsd iqini tapmış və aşağı instansiya məhkəmələrinin bu barədə gəldiyi nəticə əsaslıdır. Beləliklə kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxs, şahid ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 204.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Müdafiəçinin kassasiya şikayətində iddia olunanların əksinə olaraq həmin dəlill ər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətinin məhkuma bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın ağır olması, cəzanın şərti tətbiq olunması na dair kassasiya şikayətində göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2 -ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhəl əsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri ni və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüng ül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göstərilən qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələr inə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq norması və qərarın məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıra n hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-in 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, həmçinin cəzasını yüngülləşdirilən halları (zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi, himayəsində 1 nəfər yetkinlik yaşına çatmayan uşağının olması), cəzanı ağırlaşdıran halın olmadığını nəzərə alaraq onun Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma azadlıqdan məhrumetmə cəzası təyin edərkən məhz sosial ədalətin bərpasını və təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini düzgün qiymətləndirmiş, cəza təyin edilərkən humanizm, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğunluğunu nəzərə almışdır. Apellyasiya məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, Məhkum birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilməsi də işin hallarına, şəxsiyyətinə, onun ailə vəziyyətinə uyğun olmuş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə cəza təyin edilmiş, onun ailə vəziyyətini, o cümlədən apellyasiya şikayətində şikayətin təmin edilmə sinə əsas verən dəlil kimi onun nikahının pozulmasından sonra keçmiş nikahdan olan 14 yaşlı qız uşağının onunla qalması halını nəzərə almışdır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsaslar mövcud deyil və onun cəza çəkmədən islah olunmasının mümkünlüyü halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olm aqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq olunmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətini n təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 mart 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 mart 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar