Məhkəmə qərarları › İş №1(102)-1453/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1453/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1453/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 03 fevral 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Mahmud Ağalarov (sədrlik edən və məruzəçi) Eldar Mikayılov və Siyavuş Hacıyev) 06 oktyabr 2021-ci il tarixli, 1(101)1425/2021 nömrəli hökmü ilə xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, U.Əkbərov küçəsi, 42b-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Yaşayış massivində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 13 mart 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 12 mart 2021-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, 77 nömrəli marşrut avtobusunun sonuncu dayanacağının yaxınlığında istintaqa məlum olmayan şəxsdən 700 manat məbləğində pul verməklə satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd bükümdə külli miqdarda ümumi çəkisi 3,026 qram olan narkotik vasitə heroin və 1 ədəd bükümdə külli miqdar ümumi çəkisi 34,870 qram olan psixotrop maddə metamfetamin əldə edib saxlayaraq daşımış, 13 mart 2021-ci il tarixdə həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetami ndən hərəsindən 4 büküm olmaqla satış məqsədilə ayıraraq qablaşdırmış, həmin gün saat 02:30 radələrində Bakı şəhəri, Səbail rayonu, BibiHeybət qəsəbəsi, Məktəbli küçəsində olan «Ay» otelin qarşısında üzərində olan bükümlərdən içində təmiz çəkisi 0,795 qram narkotik vasitə olan heroin bükümünü və içində təmiz çəkisi 1,525 qram olan psixotrop maddə metamfetamin bükümünü tanışı Təqsirləndirilən şəxs satmış, həmin vaxt narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əldə edilmiş əməliyyat məlumatı əsasında Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin və Bakı şəhəri Səbail RPİnin 8-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanda saxlanılaraq Bakı şəhəri, Səbail rayonu, A.Ab baszadə küçəsində yerləşən Bakı şəhəri Səbail RPİ-nin inzibati binasına gətirilərək üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkcənin sağ iç cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 30,982 qram, 1,961 qram, 0,402 qram, ümumi təmiz çəkisi - 33,345 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan 3 ədəd şəffaf sellofan büküm və içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0,737 qram, 0,784 qram, 0,710 qram, ümumi təmiz çəkisi 2,231 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan 3 ədəd şəffaf sellofan bükümləri aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Vaqif Mursaqulov (sədrlik edən və məruzəçi hakim), Mirzəli Abbasov və Ramin Qaraqurbanlı) 03 f evral 2022-ci il tarixli, 1(103)-317/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 1(101)-1425/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanmış, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən apellyasiya instansiyası məhkəməsində baxılmasını təmin edilməsi və ya əməlinin onun təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum və kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hökm və qərar işin faktiki hallarına uyğun o lmadan, hərtərəfli, tam və obyektiv araşdırılmadan, yalnız ibtidai istintaq zamanı toplanmış sübutlara və dəlillərə əsaslanmışdır. Kassator şikayətində iş üzrə onun nə vaxt narkotik vasitənin kimə satması, kiminlə razılıq əldə etməsi ilə bağlı hər hansı sübut əldə edilməmiş və həmçinin narkotik vasitələrin hazırlanması üçün avadanlığın olması da iş materialları ilə sübuta yetirilməmişdir. Bu səbəbdən də əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini xahiş edir və cəzasının ağırlığına görə ədalətsiz hesab edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməd ən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr işin halları tam araşdırmamış, onun əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkumun fikrincə onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əlaqədar hərəkətlərin satış məqsədi ilə törədildiyi halda yaranır. Göründüyü kimi “satış məqsədi” və “külli miqdar” CM-in 234.4.3-cü maddəsinin cinayət tərkibində zəruri əlamətlər kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum tərəfindən Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqd im еtdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni Məhkum özünün və iş üzrə digər Təqsirləndirilən şəxs qismən etiraf edici ifadələri ilə yanaşı, şahidlərin ifadələrini, “şəxsi axtarış və götürmə haqqında” protokol, məhkəmə-kimyəvi ekspertizasının rəyini, işdə оlаn istintaq hərəkətlərinin protokollarıni və digər sənədləri tədqiq etmiş və həmin sübutlara qiymət verərək Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarix li 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. İşə baxan məhkəmələr tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmiş işin hallarını, o cümlədən Məhkum qanunsuz olaraq əldə edilmiş psixotrop maddə metamfetaminin və heroinin miqdarını, aldıqdan sonra onları xırda bükümlərə ayırması və hərəsindən bir bükümünü digər təqsirləndirilən şəxsə verməsini narkotik vasitə və psixotrop maddənin satış məqsədi ilə əldə etməsini və saxlamasını təsdiq edən hal kimi qiymət ləndirmiş və buna əsasən nəticəyə gəlmişdir ki, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitə olan heroini məhz satış məqsədi ilə əldə etmiş və saxlamış, Məhkum ona istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi ha qqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir və apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və onun tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar