Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1464/2021 18.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X4, Məhkum Qəhrəman qızının iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2021-ci il tarixli, 1(106)-140/2021 nömrəli qərarından Məhkum Qə hrəman qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum Qəhrəman qızı 16 yanvar 1977-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Astara şəhəri, Nizami küçəsi ev 89 ünvanında yaşamışdır. 2. 03 mart 2020-ci il tarixli ittiham aktı ilə Məhkum Qəhrəman qızına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, X3 2020-ci ilin yanvar ayının əvvəllərində şəxsiyyəti müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə razılığa gəldikdən sonra arvadı Məhkum Qəhrəman qızını həmin narkotik vasitəni əldə edib, saxlama və üzərində gizlətməklə, qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməyə təhrik etmiş, ümumi razılaşdırılmış cinayətkar niyyətə uyğun olaraq Məhkum əri Bulud Dadaşovun təhrikinə əsasən 12 yanvar 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin «Astara» gömrük postundan keçməklə İran İslam Respublikasına getmiş, həmin tarixdə cin ayətkar qrupun İran İslam Respublikasının Astara şəhərində yaşayan üzvündən məlum olmayan mənbədən qanunsuz olaraq iki bükümdə 9,133 qram və 10,064 qram, ümumilikdə külli miqdarda, 19,197 qram heroin narkotik vasitəsini əri Bulud Dadaşova çatdırmaq üçün satış məqsədi ilə əldə etmiş, saxlamış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, saçını yığdığı saç rezininin içərisində gizlədib daşımış və həmin tarixdə saat 18 radələrində Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin «Astara» gömrük postunda qeyd olunan narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir.
4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-163/2020 nömrəli, 22 sentyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Qəhrəman qızının Azərbaycan Respublikası CMnin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzasının başlanğıcının 12 yanvar 2020-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir.
5. Həmin hökmlə həmçinin X3 da təqsirli bilinərək məhkum edilmişdir.
6. Hökmdən məhkum edilmiş şəxslər Məhkum Qəhrəman qızı və X3 tərəfindən apelyasiya şikayətləri vеrilmişdir. Daha sonra məhkum edilmiş şəxs X3 apelyasiya şikayətindən imtina etdiyi üçün, onun apelyasiya şikayətinin baхılmasına хi tam vеrilmişdir.
7. Məhkum edilmiş şəxs Məhkum apelyasiya şikayətində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli hökmünün dəyişdirilərək barəsində alternativ cəzanın seçilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cəza təyin edərkən bir çox halları, onkoloji xəstəlikdən əziyyət çəkdiyini, ilk dəfə cinayət törətdiyini və s. bu kimi halları nəzərə almamışdır.
8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2021-ci il tarixli, 1(106)-140/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-163/2020 nömrəli, 22 sentyabr 2020ci il tarixli hökmü apelyasiya şikayətinə əsasən məhkum edilmiş şəxs Məhkum münasibətdə dəyişdirilmiş, Məhkum Qəhrəman qızına Azərbaycan Respublikası CMnin 206.2-ci maddəsi ilə təyin olunmuş 3 (üç) il müddətinə və Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin olunmuş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə Məhkum üzərində cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm apelyasiya şikayətinə əsasən Məhkum münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. X2 Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2021-ci il tarixli, 1(106)140/2021 nömrəli qərarından Məhkum Qəhrəman qızı kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar 10.Məhkum Qəhrəman qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, himayəsində 2 (iki) yetkinlik yaşına çatmamış əkiz övladları var. O və əri həbs edilərək cəza çəkdikləri üçün övladları yaşlı, xəstə qayınanasının himayəsindədilər. Onların maddi və mənəvi durumları çox ağırdır, hər iki valideynlərinin himayəsindən məhrum qalaraq acınacaqlı vəziyyətdə yaşayırlar. Məhkəmə kollegiyasından onun şəxsiyyətini, ailə vəziyyətini, himayəsində olan övladlarının himayəsiz qalmasını, əməlindən peşman olmağını nəzərə almaqla cəzasının yüngülləşdirilməsini və ya Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə, məhkum edildiyi maddələrdə müəyyən edilmiş aşağı həddəndə az cəza təyin edilməsini xahiş edir.
11. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahi yyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəm əsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. 16.Məhkum Qəhrəman qızı kassasiya şikayətində barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə cəzasının yüngülləşdirilməsini xahiş etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. 17.Odur ki, kollegiya Məhkum Qəhrəman qızının kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2021-ci il tarixli, 1(106)140/2021 nömrə li qərarını Məhkum Qəhrəman qızına aid hissədə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlə rin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).
19. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-h üquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
20. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
21. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsin də təsbit olunmuşdur. Azərbaycan Respublikası CM-nin 61.2-ci maddəsinə görə həmin Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
22. Cinayət qanununda göstərilən xüsusi hallarda, o cümlədən cinayətin ictimaitəhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin nəzərdə tutduğu müstəsna hallar, və ya cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyi təqdirdə Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin təsbit etdiyi cəzanı yüngülləşdirən hallar və yaxud da Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin nəzərdə tutduğu cinayətlərin residivi, təhlükəli residivi, xüsusilə təhlükəli residivi kimi hallar olduqda, həmin maddələrdə nəzərdə tut ulmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
23. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş Azərbaycan Respublikası CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
24. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, Azərbaycan Respublikası CM-nin 62ci maddəsinin nəzərdə tutduğu (həmin Məcəllənin 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir.
25. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-nin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, c əza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
26. Qeyd olunan cinayət-hüquqi normaları baxımından və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla kassasiya şikayətinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxlanıldıqda, Məhkum Qəhrəman qızının onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
27. Belə ki, Məhkum Qəhrəman qızının Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır, Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsi rli bilindiyi cinayət əməli isə Cinayət Məcəlləsinin 15.4-cü maddəsində ağır cinayətlər kimi təsbit edilmişdir.
28. Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında isə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.
29. Apellyasiya instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Məhkum himayəsində iki əkiz yetkinlik yaşına çatmayan övladlarının olmasını yüngülləşdirici hal kimi və əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nə zərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin məhkum olunmuş şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi ilə qəti olaraq təyin etdiyi cəzanın müddəti işdə cəzanı yüngülləşdirən hallar, cinayətin törədilməsi halları, təqsirkarın şəxsiyyəti, habelə təyin olunmuş cəzanın şəxsin islah edi lməsi və onun ailəsinin həyat şəraitinə təsiri baxımından sərtliyinə görə ədalətsiz cəza olmuşdur. Qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)163/2020 nömrəli, 22 sentyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Qəhrəman qızına Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təyin olunmuş 3 (üç) il müddətinə və Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə Məhkum üzərində cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Belə cəza qanunla müəyyən edilmiş məqsədlərə xidmət edən qanuni cəza olmaqla, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci ma ddələrinin tələblərinə tam riayət edir. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın, eləcə də barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq edərək məhkum edilmiş Cinayət Məcəlləsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi üçün əsas müəyyən etmir.
30. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum Qəhrəman qızına təyin edilən cəza onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.3, 234.4.1 və 234.4.3-cü maddələrinin sansiyasında nəzərdə tutulmuş azdalıqdan məhrum etmə cəzasının müddətinin ən aşağı həddində olmuşdur və məhkəmənin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq nor malarına uyğun qəbul edilmişdir. Mahiyyət etibarı ilə apellyasiya şikayəti ilə üst-üstə düşən kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müyyən edilmiş işin hallarını Məhkum Qəhrəman qızının cəzasının yüngülləşdirilməsinə (o cümlədən, Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinə) əsas verən hallar kimi qiymətləndirmək üçün əsas müəyyən edilmir. Buna görə məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.
31. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə pro sesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
32. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum Qəhrəman qızının kassasiya şikayəti təmin e dilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Qəhrəman qızının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2021-ci il tarixli, 1(106)-140/2021 nömrəli qərarı Məhkum Qəhrəman qızına aid hissədə onun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.