Məhkəmə qərarları › İş №1(102)-1465/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1465/2022

19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1465/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2022-ci il tarixli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər X6 və X3 ibarət tərkibdə) 12 avqust 2021-ci il tarixli hökmü ilə 27 avqust 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona həmin maddə ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.Məhkum cəzasını ü mumi rejimli cəzaçəkmə müəsisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 20 fevral 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə) 11 yanvar 2022-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 1(101)-1141/2021 saylı hökmü apellyasi ya protestinə münasibətdə ləğv edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 20 fevral 2021-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Məhkum barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. İşin halları: İstintaq orqanı tərə findən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihama əsasən o,19 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən ümumi təmiz çəkisi - 3,287 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 1,571 qram qəhvəyi rəngli tozşəkilli maddə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq 130 manat müqabilində əldə edib ayrı-ayrı bükümlərə bölüb əynindəki göy rəngli idman gödəkçəsinin sağ yan cibində saxlayaraq daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 20 fevral 2021-ci il tarixdə saat 10 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılıb Əmircan qəsəbəsi, Balandin küçəsi 42 saylı ünvanda yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilib üzərinə video çəklişlə şəxsi axtarış və götürmə keçirilən zaman, əynindəki göy rəngli idman gödəkçəsinin sağ yan cibindən göy rəngli üzərində “Rothmans” yazısı olan siqaret qutusunun içərisindən 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,567 qram, 0,802 qram, 0,090 qram və 0,112 qram olmaqla ümumi təmiz çəkisi 1,571 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,287 qram ağ rəngli kristall ardan ibarət maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi uğursuz şəkildə birinci instansiya məhkəməsinin dəlil və arqumentlərini təkzib etmiş və onun əməlini səhv tövsif etmişdir. Belə ki, o heç zaman və heç bir yerdə narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmünü ləğv edib apellyasiya protestini təmin etməklə ədalətsiz qərar qəbul etmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2022-ci il tarixli hökmünün əməlində CM-in 234.4.3-cü maddəsinin tərkib əlamətləri olmadan, barəsində həmin m addənin sanksiyası çərçivəsində ağır cəza təyin edildiyindən ləğv edilməklə birinci instansiyası məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmünün qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsin ə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tər əfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusundan müəyyən edilir ki, Məhkum üzərindən aşkar olunmuş 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,567 qram, 0,802 qram, 0,090 qram və 0,112 qram olmaqla ümumi təmiz çəkisi 1,571 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,287 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetami satış məqsədi olmadan qa nunsuz olaraq əldə edərək, daşıyıb üstündə saxlamışdır. İstintaq orqanı yalnız aşkar olunmuş narkotik vasitənin külli miqdar təşkil etməsini əsas götürərək, Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittihamı irəli sürmüşdür. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya b əxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən mü əyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Sözügedən Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alterna tiv hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarınd an asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama cinayəti formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhku m satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə edib saxladığı həmin narkotik vasitələri satmağa yönəldiyi sübuta yetirilməli, onu məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci mad dəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi üzrə müəyyən edilmiş hallardan və araşdırılan sübutların müqayisəli təhlilindən göründüyü kimi, məhkum edilmiş şəxs Məhkum narkotik vasitə və psixotrop maddənin satışı ilə bağlı hər hansı niyyəti müəyyən olunmamış və ibtidai istintaq orqanı qeyd edilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf narkotik vasitənin külli miqdarda olmasına əsaslanmışdır. Təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə birinci instansiyası məhkəməsinin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi məhkumun ondan aşkar edilib götürülmüş narkotik vasitə və psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək hər hansı sübut növünun müəyyən edilməməsi barədə düzgün hüquqi nəticəyə gəlsə də, apellyasiya instansiyası məhkəməsi bu mövqe ilə razılaşmamış, Məhkum ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli olmasını kifayət qədər sübuta yetirilmiş hesab edilməsi barədə əsassız qənaətə gəlmiş və onun əməlini səhvən CM-in 234.4.3-cü maddəsinə tövsif etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəm əsinin Məhkum əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunması barədə mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, prosessual qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və "ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Narkotik vasitənin və psixotrop maddənin külli miqdarda olması şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyildir və bu hər bir halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə yanaşı və müqayisəli şəkildə qiymətləndirilməlidir. Konstit usiya Məhkəməsi Plenumu bu baxımdan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üç ün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayə t etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin işin faktiki hallarına uyğun olmayan hüquqi tövsifinə dair gəldiyi nəticə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən məhkəmə göstərilən mövqeyini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamış, belə bir nəticəyə gələrkən iş üzrə araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirməmiş, nəticədə məhkumun əməlinin tövsifində səhvə yol vermişdir. Kassasiya şikayətinin məhkumun narkotik vasitə və psixotrop maddələri satış məqsədi olmadan əldə edib daşıması barədə dəlilləri əsaslı olmaqla cinayət işi üzrə tədqiq olmuş sübutlararın məcmusu ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin cəza təyin edilməsi, yəni birinci instansiya məhkəməsinin hökmündə ona CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həmin həddə təyin edilməsi ilə bağlı dəlillərini əsassız hesab edir. Belə ki, Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, on un ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipin dən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilm əsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçir ilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericili yində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya in stansiyası məhkəməsinin hökmü dəyişdirilməli, məhkumun cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edilməli, Məhkum həmin maddənin sanksiyası çərçivəsində cəzanı yüngülləşdirən hal (himayəsində azyaşlı uşağının olmasını) və ağırlaşdıran halların olmamasını nəzərə alınaraq cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmünün dəyişdirilm əsi üçün Azərbaycan Respublikası CPM-in 416.1.15-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edildiyindən kassasiya şikayəti qismən təmin edilməli və hökm dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin və ona bu maddə əsasında 03 il müddətə azadlıqdan məhrum etmə cə zası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar