Məhkəmə qərarları › İş №1(102)-1473/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1473/2022

29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1473/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263-1.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Mirzəyev Emil Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim Əkbərli Günel Bəkir qızı) Məhkum, xx xxxxxxx 1966-cı il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, Ağdam şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yerləşən Azərbaycan Texniki Universitetinin nəzdində ol an Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yataqxanasında yaşayan, CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq Məhkum 05 noyabr 2019-cu il tarixdən 07 noyabr 2019-cu il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Zərər çəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilərək vurulmuş maddi zərərə görə 11.898,89 (on bir min səkkiz yüz doxsan səkkiz manat səksən doqquz qəpik) manat, mənəvi zərərə 5000 (beş min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat olmaqla, cəmi 16.928,89 (on altı min doqquz yüz iyirmi səkkiz manat səksən doqquz qəpik) manat pul vəsaiti mülki cavabdeh Məhkum tutularaq mülki iddiaçının xeyrinə ödənilməsi, mülki iddia tələbinin ezamiyyə xərclərinin, yəni 52.800 (əlli iki min səkkiz yüz) ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsinə dair hissədə baxılmamış saxlanılması, mülki iddianın qalan hissədə isə rədd edilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 16 fevral 2019-cu il tarixdə saat 21 radələrində “Yol Hərəkəti qaydaları” haqq ında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin, yəni müvafiq dərəcəli sürücülük vəsiqəsi olmadan avtomobili idarə etməməli olduğu halda, bu qaydalara əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tələblərə riayət etməyərək nəqliyyat vasitəsini idarə etmək üçün “B” dərəcəli sürücülük vəsiqəsi tələb olunduğu halda 28 iyun 2012-ci il tarixdə Ağcabədi RQİ və TBŞ tərəfindən verilmiş “C” dərəcəli AB 747149 nömrəli sürücülük vəsiqəsinə sahib olmaqla nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz E 280” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə Ü.Əkbərov küçəsi istiqamətində hə rəkətdə olan zaman “Yol Hərəkəti qaydaları” haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu qaydalara əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, bu tələblərə riayət etməyərək ünvan 4 ünvanda yerləşən “Lady Sharm” qadın geyimləri mağazasının qarşısında 50-60 km/saat sürətlə hərəkətdə olarkən öz hərəkəti istiqamətində yolun sağ tərəfindən sol tərəfinə keçməkdə olan piyada X6 yolun sağ hərəkət zolağında avtomobilin sağ ön hissəsi ilə vurub ona açıq kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, subaraxnoidal qansızma, hər iki gicgah paylarında epidural hematoma, pnevmo sefaliya, sol gicgah sümüyünün kəllə əsasına uzanan az yerdəyişən, sağ gicgah və ənsə sümüklərinin xətti sınıqları, döş qəfəsinin küt travması, hər iki ağciyərlərin kontuziası, iki tərəfli pnevmotoraks, sol VI, VII, VIII qabırğaların sınığı ilə müşayiət edilən ümumilikdə həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Hökmdən narazı qalan zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs və Məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun (sədrlik edən və məruzəçi) Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan i barət tərkibdə) 28 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli hökmü isə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2022-ci il tarixli qərarından dövlət ittihamçısı E.A.Mirzəyev kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı E.A.Mirzəyev kassasiya protestini belə əsaslandırmışdır ki, apellyasiya şikayətlərinə məhkəmə baxışı iclasında o, zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsini, hökmün dəyişdirilmə sini və Məhkum təqsirli bilindiyi CM-nin 263-1.2-ci maddəsi ilə təyin edilmiş əsas cəzanın müddətinin 3 (üç) il 6 (altı) ayadək artırılmasını xahiş etmiş, lakin apellyasiya instansiyası məhkəməsi onun xahişini nəzərə almayaraq birinci instansiyası məhkəməsi tərəfindən təyin olunmuş cəzanın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Bu zaman məhkəmə onu da nəzərə almamışdır ki, bu xarakterli işlər üzrə məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən birinci növbədə onun özünü təqsirli bilib-bilməməsi ilə yanaşı, zərər çəkmiş şəxslə barışığın əldə edib-etməməsi də müəyyən olunur. Hazırkı işin materiallarından göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsində, eləcə də apellyasiya icraatı zamanı özünü təqsirli bilmiş, lakin hal-hazıradək zərər çəkmiş şəxs X9 ilə barışıq əldə etməmiş, sonuncunun müalicəsi tam şəkildə təmin edilməmiş, eləcə də mülki iddiaçı Zərərçəkmiş şəxs hökmlə müəyyən edilmiş maddi zərəri ödəməmişdir. Daha sonra dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərini təmin etməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli hökmünü dəyişdirilmədən qüvvədə saxlayarkən, təqsirləndirilən şəxsin barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 2.3-cü bəndini tətbiq etməklə onu cəzadan azad etməli olduğu halda buna da əməl etməmişdir. Kassasiya protestində göstərilən dəlillərə və amnistiya aktının müvafiq maddələrinə əsaslanaraq dövlət ittihamçısı onun həmin p rotestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, Məhkum və zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısının rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum və zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, k imlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı E.A.Mirzəyevin kassasiya protestinin məzmunundan görünür ki, o, apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində Məhkum həddindən artıq yüngül cəzanın təyin edilməsini və eyni zamanda onun haqqında amnistiya aktının tətbiq edilməməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul olunması barə də tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinə əsasən isə, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansi yası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məh kəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən s axlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv ed ilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayə t qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasını n, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda hər bir insanın və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, bunun üçün hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də ehtiva edir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin öz ünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yo lverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0-cı maddəsinin tələblərindən görür ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Göründüyü kimi, qanunvericilikdə hər hansı cinayəti törətmiş şəxsin təqsirli bilinməsi və onun haqqında cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı məhkəmənin yalnız qanuni üsullarla əldə olunmuş və araşdırılmış sübutlara əsaslanması tələb edilir, məhkəmənin həmin sübutlara əsaslanmadan ehtimallar və mülahizələr üzərində qurulmuş nəticənin isə yolverilməz olması təsbit olunur. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməs inə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda apellyasiya instansiyası məhkəməsi tərəfind ən Məhkum barəsində seçilmiş cinayət-hüquqi xarakterli tədbirin yüngül olmasına dair kassasiya protestində göstərilən dəlilləri, habelə həmin məhkəmənin qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin olunması haqqında həmin protestdə irəli sürülmüş tələbi qəbul edilməz sayır, lakin məhkum olunmuş şəxsin barəsində amnistiya aktının tətbiq edilməli olmasına da dair dəlillərlə razılaşır. Əvvəla məhkəmə kollegiyası qeyd eldir ki, kassasiya protestinin məzmunundan göründüyü kimi, onun müəllifi tərəfindən Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsinə dair təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, bu zaman məhkəmələr tərəfindən toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutların tədqiqi, qiymətləndirilməsi və məhkum olunmuş şəxsin əmə linin hüquqi tövsifi mübahisələndirilmir və məhkəmə kollegiyası bu məsələlərlə bağlı məhkəmələrin mövqelərni əsaslı və qanuni hesab edərək onların hazırki qərarda təftiş edilməsini zəruri bilmir.. Eyni zamanda, məhkəmə kollegiyası məhkuma təyin olunmuş cəzanın yüngül hesab edilməsi və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün də əsaslar görmür. Bununla əlaqədar məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əh əmiyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai tə hlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayə t törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun bu normalarının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cəza tədbirini seçərkən və ya onun haqqında digər cinayət hüquqi xarakterli tədbir tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyələndi rən, habelə onun cəzasını yügülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kim qiymətləndirilməsinə əsas ola bilər. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-nin Xüsusi hissəinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi m əsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə CM-nin 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılm ış olsun. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərar larında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəmə sinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxı mdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında məhkəmə öz hüquqi mövqeyini belə əsaslandırmışdır ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dər əcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməmələri, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Qanunvericiliyin yuxarıda şərh edilən normaların tələblərindən, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum qərarlarında əksini tapmış tövsiyələrindən çıxış edən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Məhkum təqsirli bilindiyi CM-nin 263-1.2-ci maddəsinin (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) sanksiyasında dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və dörd ilədək müddə tə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən dövlət ittihamını müdafiə etmiş prokuror X5 öz çıxışında Məhkum onun təqsirli bilindiyi CM-nin 261-1.2-ci maddəsi ilə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və 3 (üç) il 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini xahiş etmiş və məhkəmə çıxardığı 30 avqust 2021-ci il tarixli hökmlə CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməlini törətməsini, cinayətin törədilməsindən bilava sitə sonra zərər çəkmiş şəxsə yardım göstərmək məqsədilə onu xəstəxanaya aparmasını, zərər çəkmiş şəxsin qanuni nümayəndəsinə dəymiş zərərin qismən ödənilməsini və onunla barışıq əldə etməyə cəhd göstərməsini onun cəzasını yüngülləşdirən hallar kimi, habelə iş üzrə CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq ona göstərilən maddənin sanksiyasında müəyyən edilmiş hədlərdə - 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzaları təyin etmişdir. Hökmdən dövlət ittihamçısı F.T.Bəhramova apellyasiya protesti verməsə də, zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs həmin hökmdən verdiyi apellyasiya şikayətində Məhkum təyin olunmuş əsas cəzanı yüngül hesab edə rək həm onun mülki iddiasının tam təmin edilməsini, həm də məhkum olunmuş şəxsə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını xahiş etmişdir. Apellyasiya icraatına aid olan materiallardan görünür ki, apellyasiya şikayətlərinə məhkəmə baxışı iclasında zərər çəkmiş şəxsin qanuni nümayəndəsi verdiyi apellyasiya şikayətinin təmin edilməsini xahiş etmiş, apellyasiya şikayətlərinə münasibət bildirən kassasiya protestinin müəllifi E.A.Mirzəyev isə protestdə göstərildiyi məzmunda deyil, Məhkum 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə etiraz etməməsi barədə çıxış etmiş, halbuki məhkəmə kollegiyasının fikrincə, hökmdən məhkuma təyin edilmiş cəzanın ağırlaşdırılması barədə apellyasiya protesti verilmədiyindən onun belə mövqedən çıxış e tməsi səlahiyyəti olmamış, onun bu mövqeyi isə CPM-nin tələblərinə zidd olmuşdur. Belə ki, CPM-nin 383.2-ci maddəsinə əsasən, apellyasiya protesti vermək hüququna onun gəldiyi nəticələrin və təkliflərin nəzərə alınmadığı hissədə birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etmiş dövlət ittihamçısı malikdir. Göstərilən dövlət ittihamçısı vəfat etdikdə, xəbərsiz itkin düşdükdə, uzunsürən ağır xəstəliyə tutulduqda, protest verməkdən yayındıqda və ya imtina etdikdə, habelə onun mövqeyi ilə razılaşmadıqda Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini, habelə Naxçıvan Muxtar Respublikasının birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan, həmçinin Naxçıvan Muxtar Respublikasının prokuroru birinci instansiya məhkəməsində iştirak etmiş dövlət i ttihamçısının əvəzinə apellyasiya protesti vermək hüququna malikdir. Birinci instansiya məhkəməsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına bu Məcəllənin 314.1, 314.3 və 314.4-cü maddələrinin tələblərinin ziddinə baxıldığı halda apellyasiya protesti vermək hüququna Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini, habelə Naxçıvan Muxtar Respublikasının birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan həmçinin Naxçıvan Muxtar Respublikasının prokuroru malikdir. Qanunvericiliyin bu normasının tələbinə və mənasına görə, birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş prokuror həmin məhkəmənin çıxardığı hökmdən və ya qəbul etdiyi qərardan onun gəldiyi nəticələrin və təkliflərin nəzərə alınmadığı hissədə apell yasiya protesti verə bilər və belə protest verilmədiyi halda (CPMnin 383.2-ci maddəsində göstərilən səbəblərdən və əsaslarla) halda belə protest vermək hüququna Baş prokuror və ya onun müavini malik olurlar. Baş prokuror və ya onun müavini də birinci instansiya məhkəməsinin yekun məhkəmə aktından apellyasiya protesti vermədikdə, yəni faktiki olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdıqda, apellyasiya icraatı zamanı işə baxılmasında iştirak edən dövlət ittihamçısının öz möqeyinə uyğun olan qərar qəbul edilməsinin təklif etməsi ən azından təhlil edilən normanın tələblərinə zidd olan mövqedən çıxış etməsi kimi qiymətləndirilməlidir. Digər tərəfdən məhkəmə kollegiyası onu da vurğulayır ki, sanksiyasında 04 (dörd) ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş CM -nin 263-1.2-ci maddəsi ilə Məhkum yuxarıda göstərilən və CPM-nin 139.05-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə araşdırılmış sübutlarla təsdiq olunan cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla təyin edilmiş 03 (üç) il müddətə (dövlət ittihamçılarının təklif etdiyi cəzadan cəmisi 06 (altı) ay az) azadlıqdan məhrum etmə cəzasını açıq-aşkar yüngül hesab edilməsi üçün də heç bir əsas yoxdur və bununla bağlı kassasiya protestinin müəllifi də öz müraciətində tutarlı əsaslar gətirməmişdir. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin hökmünü qanuni və əsaslı, Məhkum təyin edilmiş cəzanı isə ədalətli hesab edən apellyasiya instansiyası məhkəməsi CPM-nin 416.1.21-ci maddəsinin tələbinin hər hansı şəkildə pozulmasına yol verməmiş, digər tərəfdən isə gəldiyi nəticəni həm qanunvericiliyin tələblərinə uyğun olaraq, həm də Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarlarındakı izah və tövsiyələrə istinad etməklə kifayət qədər əsaslandırmışdır. Kassasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hal lara aid olmasın. Protestin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı həmin protestdə bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı əsaslandırma aparmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protestində istinad etdiyi halların ümumilikdə cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınması da mümkün deyil ona görə ki, belə halların dairəsi CM-nin 61.1.1-61.1.13-cü maddələri ilə məhdudlaşdırılmışdır. CM-nin 61.2-ci maddəsinə əsasən isə cəza təyin edilərkən həmin maddələrdə göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Digər tərəfdən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandığı halların cəzanı yüngülləşdirən hallar kimi hesab etməsində də heç bir qanun pozuntusu görmür, çünki onlar elə həm cinayət qanunvericiliyin özündə nəzərdə tutulmuş, həm də qanunun tələb etdiyi kimi, işdə olan sübutlara əsasən müəyyən edilmişdir (CPMnin 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq). Məhkəmə kollegiyası hesab edir ki, bu nəticənin şübhə altına alınması və onunla razılaşmamaq üçün əsaslar mövcud deyil. Bununla belə, məhkəmə kollegiyası kassasiya protestinin o dəlilini əsaslı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərini təmin etməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli hökmünü dəyişdirilmədən qüvvədə saxlayarkən Məhkum barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.3-cü bəndini tətbiq etməklə onu cə zadan azad etməli olduğu halda bu normaya əməl etməmişdir. Belə ki, CM-nin 81.1-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. CM-nin 81.2-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.3-cü bəndində bu Qərarın 1, 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulan şəxslərdən başqa, ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 03 (üç) ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalardan azad edilmələri nəzərdə tutulmuşdur. Amnistiya Qrarının 9.2.2-cu bəndində göstərlmişdr ki, məhkəmələr bu Qərarın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsləri təyin edilmiş cəzadan azad edir (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Qərarın 13-cü bəndində göstərilmişdir ki, bu Qərarın 1-7-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş, həmçinin həmin tarixədək qüvvəyə minmiş məhkəmə qərar ları əsasında cəza təyin edilmiş və ya şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzaçəkmə müəssisəsinin növü dəyişdirilmiş şəxslər, habelə bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiya aktı qəbul edildikdən sonra qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş şəxslər barəsində tətbiq edilir. Qərarın 14-cü bəndinə görə, bu Qərarın 8-ci və 9-cu hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmçinin təhlil edilən amnistiya Qərarının 30-cu bəndində təsbit edilmişdir ki, apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. Eyn i zamanda Qərarın 31-ci maddəsində müəyyən edilmişdir ki, kassasiya şikayəti və ya protesti verilmiş məhkəmə qərarları üzrə məhkumlara bu Qərara uyğun olaraq amnistiya tətbiq edilməmişdirsə, onların şikayətlərinə və ya protestlərə kassasiya instansiyası məhkəməsində baxılarkən amnistiya tətbiq edilir. Hazırki cinayət işinin materallarından göründüyü kimi, Məhkum ehtiyatsızlıqdan cinayət törətdiyinə görə CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək əlavə cəza ilə yanaşı həmçinin 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, o, ittiham olunduğu cinayəti 16 fevral 2019-cu il tarixdə törətmiş, onun barəsindəki birinci instansiya məhkəməsinin hökmü 30 avqust 2021-ci il tarixdə çıxarılmış, həmin hökmdən apellyasiya şikayətləri verildiyindən bu şikayətlərə baxılması haqqı nda apellyasiya instansiyası məhkəməsinin qərarı 28 mart 2022-ci il tarixdə, yəni “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı qüvvəyə mindikdən sonra qəbul edilmiş və məhz həmin tarixdə də birinci instansiya məhkəməsinin hökmü qüvvəyə minmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən 28 mart 2022-ci il tarixdə qərar qəbul edildikdən sonra da cəzanı icra orqan tərəfindən Məhkum barəsində amnistiya aktı tətbiq edilməmişdir. Bütün bu hallar amnistiya aktının tələblərinin fövqündə Məhkum barəsində 05 noyabr 2021-ci il tarixli Qərarının 2.3-cü bəndinin tətbiq edilərək onun təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından azad edilməsinə əsas verdiyindən, lakin istər cəzanı icra edə n orqan, istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən bununla bağlı qərar qəbul olunmadığından, məhkəmə kollegiyası kassasiya protestinin bu məsələyə dair hissədə, yəni qismən təmin edilməsini və həmin protestə baxılmasının nəticəsi olaraq məhkum olunmuş şəxsin göstərilən Qərarın 2.3-cü bəndinin tələblərinə əsasən ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından azad edilməsini mümkün bilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq və kassasiya protestinin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə qənaətə gəlir ki, kassasiya protesti qismən təmin edilməklə Məhkum CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2 022-ci il tarixli qərarı dəyişdirilməli və məhkum olunmuş şəxs “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.3-cü bəndinə əsasən ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilməli, qərar qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyas ının 28 mart 2022-ci il qərarı dəyişdirilsin. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.3-cü bəndinə əsasən Məhkum ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsin və məntəqə tipli cəzaçəkmə müəssisəsindən buraxılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar