Məhkəmə qərarları › İş №1(102)-1497/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1497/2025

16.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1497/2025 16.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsin də olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2025-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 1(004)397/2024 nömrəli (hakim: Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi) hökmü ilə xx xxxxxxx 1991-ci ildə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)141/2023 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 67-ci maddəsi tətbiq edilməklə Məhkum hazırkı hökmlə təyin edilmiş cəza ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6 fevral 2023-cü il tarixli 1(001)-141/2023 nömrəli hökmü ilə ona təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 1 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki gününün azadlıqdan məhrum etmənin bir günü kimi nəzərə alınmaqla həmin cəzanın, 6 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməsi və ona 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun 4 aprel 2024-cü il tarixdən 6 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddətin CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi və məhkəmə iclas zalından dərhal həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin 19 noyabr 2024- cü il tarixdən hesablanması, Məhkum məcburi müalicənin təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər də həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı Bəhramova Fəridə Tofiq qızı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əyyubov Fərid İlham oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Qarayeva Mehriban Cəfər qızından ibarət məhkəmə tərkibində) 11 mart 2025-ci il tarixli 1(103)419/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 1(004)-397/2024 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Məhkum Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6 fevral 2023-cü il tarixli 1(001)141/2023 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudaşdırılması cəzasının çəkilməmiş 4 ay 14 gün müddətinin CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 2 ay 7 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulması və bu cəzanın Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 1(004)-397/2024 nömrəli hökmü ilə təyin edilmiş 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Məhkum 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 4 aprel 2024-cü il tarixdən 6 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 6 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması müəyyən edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdar da narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 4 aprel 2024-cü il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən xeyli miqdarda satış məqsədi olmadan qanunsuz olaraq 1 (bir) ədəd bükümdə 0,475 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti x ünvanının qarşısına daşımış, Bakı şəhəri Yasamal RPİnin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 4 aprel 2024-cü il tarixdə saat 16:20-də Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti x ünvanının qarşısında saxlanılaraq, Yasamal RPl-nə dəvət edilmiş və həmin gün İdarənin inzibati binasında saat 18:15-dən eti barən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,475 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2025-ci il tarixli qərarı qəbul edilərkən, işdə cəza təyininə dair hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən həmin qərar ləğv olunmalı və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olun malıdır. Belə ki, Məhkum birinci iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhər probasiya idarəsinə gələrək qeydiyyatdan keçmiş və cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Bundan sonra Məhkum barəsində ibtidai istintaqı aparılan başqa cinayət işi üzrə Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Sonradan Məhkum bu iş üzrə xx.xx.2024-cü ildə həbsdə saxlanılma müddəti uzadılmadığından azad edilmiş, xx.xx.2024-cü il tarixdə onun CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli həmin cinayət işinin icraatına CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin 6 mart 2025-ci il tarixli məktubundan görünür ki, Məhkum Binəqədi Rayon Məhkəməsinin 6 fevral 2023-cü il tarixli hökmü ilə məhkum edildiyi 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının əvvəli 7 aprel 2023-cü il tarixdən hesablanmış, 9 noyabr 2023-cü il tarixdə başqa iş üzrə həbs edildiyindən həmin müddətdən azadlığın məhdudlaşdırılması cəzasının icra müddəti dayandırılmışdır. Məhkuma təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 09 noyabr 2023-cü il tarixə çəkilmiş hissəsi 6 ay 28 gün təşkil etmiş, 1 il 4 ay 28 günü çəkilməmişdir. Qanunvericiliyin müəyyən etdiyi qaydaya əsasən, hər bir cinayət əməli üzrə (habelə cinayət işi üzrə) təyin edilmiş cəzalar cinayətlərin və ya hökmlərin məcmusu qaydasında toplanıla və ya birləşdirilə bilər. Eləcə də CM-in 68-ci maddəsi cəzaların toplanması zamanı müddətlərin müəyyən edilməsi qaydasını, CM-in 69-cu maddəsi cəza müddətlərinin hesablanması və cəzanın hesaba alınmasını müəyyən etmişdir. Həm CM-in 68-ci maddəsi, həm də CM-in 69-cu maddəsi təyin edilmiş cəzaların hesaba alınmasını nəzərdə tutmuşdur. Şəxsin yekun olaraq təqsirli bilinmədiyi cinayət işi üzrə həbsdə saxlanıldığı müddətin təyin edilmiş cəzaya hesablanması qaydası Cinayət Məcəlləsində nəzərdə tutulmamışdır. Cəza müddətlərinin hesablanması və cəzaların hesaba alınması isə müstəsna olaraq cinayət qanununun müddəaları ilə tənzimlənmişdir. Cəza təyin edilərkən CM-də nəzərə tutulmayan qaydaların tətbiqi isə həmin Məcəllənin 5-ci maddəsində nəzərdə tutulmuş qanunçuluq prinsipinin pozulması deməkdir. Məhkəmələr şəxsin barəsində bəraətverici əsaslarla yekunlaşmış başqa cinayət işi üzrə seçilmiş qətimkan tədbirini nəzərə alarkən faktiki qanunu analogiya üzrə şərh və tətbiq etmişlər ki, qanunçuluq prinsipini nəzərdə tutan CM-in 5.2-ci maddəsinin tələbləri baxımından indiki halda cinayət qanununun analogiya üzrə tətbiqi yolverilməz idi. Buradan həm də belə nəticə hasil olur ki, dövlət şəxsin təqsirli bilinmədiyi cinayət işi üzrə qanunsuz həbsdə saxlanılma müddətini başqa bir iş üzrə qanuni həbsə alma müddətləri ilə əvəzləşdirə bilməz. Belə təcrübə şəxsin bəraət qazanma və bundan irəli gələn hüquqlarının həyata keçirilməsini təhlükəyə məruz qoya, konkret cinayətə görə cəza verilməsini n əzərə tutan cəzanın məqsədlərini heçə endirə bilər. Göründüyü kimi bəraət almış şəxsin həbsdə saxlanıldığı müddətlərin onun barəsində olan başqa cinayət işi üzrə təyin edilən cəzaya hesablanmaqla kompensasiya edilməsi kimi hüququ nəzərdə tutulmamışdır və onun bu hüququ yalnız bəraət aldığı cinayət işi ilə məhdudlaşır. Belə olduğu halda məhkəmələrin cür bu mövqeyi cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmayan hal kimi meydana çıxır və unutmaq olmaz ki, barəsində bəraətverici əsaslarla xitam verilmiş cinayət işi üzrə sonradan ittiham hökmünün çıxarılması halı da mümkündür. Beləliklə, məhkəmələr tərəfindən cəzaların hesablanması və şəxsə qanunsuz həbsə alınma ilə əlaqədar kompensasiya verilməsi institutlarının əlaqələndirilməsi uğursuz cəhd kimi nəzərdən keçirilməli, bununla əlaqədar gəlinən nəticə cinayət qanununun müddəalarına uyğun hesab edilməməli, yekun olaraq Məhkum azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə başqa iş üzrə həbsə alınması və sonradan həmin işi icraatına bəraət verici əsaslarla xitam verilməsi onun birinci iş üzrə üzərində olan çəkilməmiş cəzanın icra müddətinə hesablanmamalı idi. Bundan başqa, apellyasiya mərhələsində işə baxmış məhkəmə kollegiyası Məhkum 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının əvvəlinin 7 aprel 2023cü il tarixdən hesablanması və digər iş üzrə tutulduğu 9 noyabr 2023-cü il tarixədək həmin cəzanın çəkilmiş hissəsini 7 ay 2 gün kimi nəzərə alması qanunsuz yanaşma olmuş və məhkəmə bu hissədə cəzanı icra edən probasiya orqanının müəyyən etdiyi 6 ay 28 günlük müddətdən fərqli olaraq 4 gün əla və müddət təyin edib məhkumun xeyrinə həll etmişdir. Zahirən bu müddətin 7 aprel 2023-cü il tarixdən 9 noyabr 2023-cü il tarixədək 7 ay 2 gün təşkil etməsi görünsə də, faktiki olaraq şəxsin aradakı bu 4 günlük müddətdə cəzanın icra qaydalarını pozması, məsələn, elektron nəzarət vasitəsindən istifadə etməməsi, onu işlətməməsi, yaxud digər səbəblər ola bilər və bu hal cəzanı icra edən quruma daha dəqiq məlum olmaqla onun icra müddətinə hesablanmaya bilər. Buna baxmayaraq, kollegiya bu barədə heç bir araşdırma aparmadan və cəzanı icra edən dövlət qurumunun məktubuna əhəmiyyət vermədən yalnız gözlə görünən 4 günlük əlavə müddəti əvvəlki cəzanın icrası müddətinə sayması qanuni nəticə olmamışdır. Digər tərəfdən, kollegiya Məhkum hazırkı iş üzrə 4 aprel 2024-cü il tarixdən 6 aprel 2024-cü il ta rixədək şübhəli şəxs qismində saxlanıldığı müddəti qəti cəza müddətinə faktiki olaraq iki dəfə hesablamaqla bu hissədə də qanunsuz nəticəyə gəlmişdir. Belə ki, məhkəmənin qərarından göründüyü kimi, bu iki gün ona həm əvvəlki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş hissəsi müəyyən edilərkən onun axımı müddətinə hesablanmış, həm də Məhkum hökmlərin məcmusu üzrə qəti cəza təyin olunduqdan sonra CM-in 69.3-cü maddəsinə əsasən, yenidən qəti cəzadan çıxılmışdır. Halbuki, nəzəri olaraq, məhkəmənin öz qənaətinin əsaslarına görə - şəxsin əvvəlki cəzasının onun iradəsindən asılı olmayan səbəblərdən (“qanunsuz həbs” olunması ilə bağlı) icra edilməməsininə görə davam etmiş kimi qəbul olunmasına istinad etsək, hazırki işdəki iki günlük tutulma müddəti azadlığın məhdudlaşdır ılması cəzasının axımının davam etməsi kimi qiymətləndirilməməli (ona görə ki, məhkəmələrin öz yanaşması ilə bu “qanuni həbs müddəti” sayılmalı idi.), yalnız qəti cəzadan çıxılmalı idi. Bu həm də ondan irəli gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən, həm qanunvericiliyin tələblərini, həm də buna dair işdə olan sübutları düzgün qiymətləndirməmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası hazırkı qərarı çıxararkən məhkum edilmiş şəxsə cəza təyinində mühüm əhəmiyyət kəsb edən sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq tədqiq etməmişdir. Odur ki, qeyd edilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2025-ci il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya bax ışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya protestinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2025-ci il tarixli qərarının ləğv edilərək işin yeni apelyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, verilmiş kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzər ə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən cəza təyininə dair hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar tədqiq edilmədiyi, cəza təyininə dair cinayət qanunvericiliyinin müddəalarının pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsində deyilir: “Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayəti işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır.” Qeyd edilən maddəni təfsir etmək, yəni bu norma ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkildiyi dövrdə məhkumun barəsində başlanmış başqa cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verildiyi halda həmin iş üzrə qətimkan tədbiri qismində tətbiq edilmiş həbsin müddətinin də əhatə olunub-olunmaması barədə sual a cavab vermək üçün sözügedən müddəanın konstitusion-hüquqi mənasını açmaq, ümumiyyətlə normayaradıcılığı üzrə fəaliyyətin mahiyyətini, norma yaratmaqla dövlətin çatmaq istədiyi məqsədləri açıqlamaq tələb olunur. Belə ki, Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın normativ hüquqi aktlara həsr olunmuş 149-cu maddəsinin İ hissəsinə görə normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 8.0.8-ci maddəsində “insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət” normayaratma fəaliyyətinin prinsiplərindən biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 2-ci maddəsində təsbit edilmişdir ki, həmin “Məcəllənin vəzifəsi cəzaların icrası və çəkilməsi, habelə cinayəthüquqi xarakterli digər tədbirlərin tətbiqi qaydalarını və şərtlərini tənzimləməkdən, məhkumların islah edilmə vasitələrini müəyyən etməkdən, məhkumların hüquq və azadlıqlarını, qanuni mənafelərini qorumaqdan ibarətdir”. Təsvir edilənlərdən göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası və yaxud digər qanunvericilik aktı Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsində nəzərdə tutulmuş müddəanı cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində baş vermiş həbsdə saxlama ilə qanuni həbsdə saxlamanı eyniləşdirən, dolayısı ilə insan hüquq və azadlıqlarının, qanuni maraqların müdafiəsinə xidmət etməyən (normayaratma fəaliyyətinin prinsiplərini inkar edən) norma kimi təfsir etməyə, müvafiq olaraq da cinayət təqibinə bəraətverici əsasla xitam verildiyi (şəxsin təqsirsizliyi müəyyən edildiyi) işlərdə qətimkan tədbiri qismində seçilmiş həbsi sözügedən maddə ilə ehtiva olunan hal kimi qiymətləndirməyə əsas vermir. Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsində nəzərdə tutulmuş müddəanın hərfi təfsir edilməsinin (burada göstərilən inzibati tənbeh və qətimkan tədbiri qismində seçilmiş həbsin özü-özlüyündə, yəni qanuni və ya qeyri-qanuni olmasından asılı olmayaraq cəzaçəkmə müddətinin axımını kəsməsi kimi yanaşmanın) doğru olmadığı qanunvericinin bu normada əksini tapmış digər hala (inzibat i həbsə) nə cür yanaşmasından da aydın görünür. Belə ki, Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmayan müddət kimi təsbit edilən inzibati tənbeh qismində tətbiq olunmuş həbsə münasibətdə həmin Məcəllənin 51-7-ci maddəsində nəzərdə tutulmuşdur ki, barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırma hesab edilir (51-7.2-ci və 51-7.2.4-cü maddələr). Yəni, inzibati həbs özü-özlüyündə deyil, məhkumun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırma kimi təzahür etdikdə (boyun qaçırma əlaməti ilə eyniləşdirilə bilən keyfiyyətə malik olduqda) CİM-in 51-7.2-ci maddəsində nəzərdə t utulmuş hüquqi nəticə ilə yanaşı bu Məcəllənin 51-2.2-ci maddəsində göstərilən hüquqi nəticəni doğura bilər. İnzibati tənbeh qismində tətbiq edilmiş həbsin şəxsin öz vəzifələrini yerinə yetirməsindən boyun qaçırma kimi qiymətləndirilməsi üçün əsas olmadıqda, məsələn apellyasiya instansiyası məhkəməsi tərəfindən şəxsin əməlində inzibati xətanın tərkibinin olmaması əsası ilə inzibati xətaya dair iş üzrə icraata xitam verilməklə və inzibati tənbehin (həbsin) tətbiqi qanunsuz hesab edilməklə şəxs məsuliyyətdən azad edildikdə, inzibati həbsin vəzifələrin yerinə yetirilməsindən boyun qaçırma kimi qiymətləndirilməsi mümkün olmadığı kimi, inzibati həbs müddətinin CİM-in 51-2.2-ci maddəsində göstərilən halla eyniləşdirilməsi də istisna edilir. Qanuni həbslə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində baş vermiş həbsdə saxlamanın onların Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə əsasən səbəb ola biləcəkləri məhdudiyyətlər və ya məhrumiyyətlər kontekstində eyniləşdirilməsinin yolverilməz olduğu həm də onunla təsdiq edilir ki, istər milli qanunvericiliyə, istər beynəlxalq müqavilələrə əsasən bunlardan irəli gələn hüquqi nəticələr müxtəlifdir və qanuni həbsdən fərqli olaraq ikincidən törəyən nəticələr odur ki, qanunsuz həbs edilmiş şəxs dərhal azad edilməli, onun pozulmuş hüquqları bərpa olunmalı, belə həbsin səbəb olduğu bütün zərərli nəticələr mümkün olduğu qədər aradan qaldırılmalı və ya kompensasiya edilməlidir. Bunun əyani ifadəsi isə Azərbaycan Respublikası Konstitusiyasında azadlıq hüququna dair təminatların nəzərdə tutulması, Azərbay can dövlətinin müvafiq beynəlxalq müqavilələrə tərəfdar olmaqla, qanunsuz həbsin səbəb olduğu zərərli nəticələrin aradan qaldırılması üçün tədbirlər görmək öhdəliyini üzərinə götürməsi və ölkə qanunvericiliyində reabilitasiya institutunun, onunla bağlı olan digər normaların təsbit edilməsidir. Belə ki, azadlıq hüququnu nəzərdə tutan Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİ hissəsində təsbit edilmişdir ki, “Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər”. Konstitusiyanın 68-ci maddəsinin İİİ hissəsinə görə “Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardı r.”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “Azadlıq hüququnun təmin edilməsi” adlanan 14-cü maddəsində təsbit edilmişdir ki, “Bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunu ilə müəyyən edilmiş əsaslar olmadan heç kəs tutula və həbs edilə bilməz” (maddə 14.2). “Təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunsuz tutulmuş, yaxud həbsdə saxlanılan şəxsi dərhal azad etməlidir” (maddə 14.5). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “Bəraət qazanma (reabilitasiya). Vurulmuş ziyanın ödənilməsi” adlanan V fəslində təsbit edilmiş 55.2-ci maddəsinə əsasən məhkəmə hökmü ilə bəraət verilməsi halı kimi, məhkəməyədək icraatda cinayət təqibinə bəraətverici əsasla xitam verilməsi də şəxsin təqsirsiz olması anlamına gəlir, 56.0 və 56.0.2-ci maddələrinə görə isə CPM- in 39.1.1, 39.1.2, 39.2-ci maddələrində göstərilən əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malik olan şəxs kimi səciyyələndirilir və həmin Məcəllə ilə belə şəxslərin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyətin qoyulması qadağan edilməklə (CPM, maddə 55.3) yanaşı, onların cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində pozulmuş hüquqlarının bərpası və vurulmuş mənəvi, fiziki və maddi ziyanın ödənilməsi nəzərdə tutulur (CPM, 57, 58, 59-cu maddələr). Cinayət-prosessual qanunun 59.1.1 və 59.1.2-ci maddələri isə qeyd edilən, o cümlədən CPM-in 39.1.2-ci maddəsində göstərilən əsasla barəsində cinayət təqibinə xitam verilmiş şəxsin ziyanın ödənilməsi ilə bağlı “əvvəlki vəzifəsinə bərpa olunmaq, bu mümkün olmadıqda isə ona bərabər vəzifəyə təyin olunmaq və ya əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyasını almaq”, habelə “azadlıqdan məhrum edildiyi və ya azadlığının məhdudlaşdırıldığı vaxtı iş stajına daxil etdirmək” hüquqlarını nəzərdə tutur. Cinayət təqibinin həyata keçirilməsi ilə bağlı müvafiq orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi) nəticəsində fiziki şəxslərin hüquq və azadlıqlarının pozulmasının heç bir halda onlar üçün əlverişsiz (qanuni mənafelərinə uyğun olmayan) nəticələrə gətirib çıxarmalı olmadığı, əksinə - pozuntuların və bu pozuntularla bağlı yaranmış məhrumiyyətlərin, vurulmuş zərərin ədalətli şəkildə ara dan qaldırılmalı olduğu (pozulmuş hüquqların bərpasını tələb etmək hüququ və bunun dövlətin üzərinə müvafiq vəzifələrin qoyulması ilə təmin edilməsi) bir sıra digər qanunvericilik aktlarından da irəli gələn qənaətdir. Belə ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının 1998-ci il 29 dekabr tarixli 610-İQ nömrəli Qanununun preambulasında “təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi) nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın dövlət tərəfindən ödənilməsi hüququnun təmin edilməsi” bu Qanunun məqsədi kimi bəyan edilir, eyni zamanda Qanunun 1-ci maddəsini n 2-ci və 5-ci bəndlərində, 4-cü maddəsinin 2-ci bəndində şəxsin barəsində cinayət təqibinə CPM-in 39.1.2-ci maddəsinə (eynilə, 39.1.1, 39.1.6 - 39.1.8 və 39.2-ci maddələrinə) əsasən xitam verilməsi, o cümlədən belə cinayət təqibi gedişində (qanunsuz olaraq) şəxsin qətimkan tədbiri qismində həbs edilməsi dövlət üçün həmin şəxsə vurulmuş zərəri ödəmək (maddə 5) və şəxsin pozulmuş digər (7, 8, 9, 10-cu maddələrdə göstərilən) hüquqlarını bərpa etmək vəzifələri yaradan hal kimi təsbit olunur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-İVQ nömrəli Qanununda da qanunsuz həbsin onun yaratdığı zərərli nəticələrin aradan qaldırılmasını tələb edən hal olmasından çıxış edən qanunverici 8.4-cü maddədə nəzərdə tutmuşdur ki, “Barəsində həbs qətimk an tədbiri seçilmiş hərbi qulluqçu sərəncama çıxarılır və onun həbsdə olduğu müddət, cinayət işinə xitam verildikdə və ya bəraət hökmü çıxarıldıqda, həqiqi hərbi xidmət müddətinə daxil edilir”. Eynilə, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 70-ci bəndində də nəzərdə tutulmuşdur ki, “Hərbi xidmətdən qanunsuz buraxılan gündən hərbi xidmətə bərpa gününədək olan dövr, qeyri-qanuni həbsdə saxlanılma və qeyri-qanuni məhkumluq nəticəsində cəza çəkmə dövrü hərbi qulluqçular üçün hərbi xidmət müddətinə, hərbi rütbədə olma müddətinə, müvafiq vəzifələrdə xidmət illəri müddətinə, pensiya təyin etmək üçün lazım olan illər müddətinə, müddətli xidmət hərbi qulluqçuları üçün isə - hərbi xidmət müddətinə daxi l edilir”. Odur ki, kassasiya məhkəmə kollegiyası bu barədə kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, qeyd olunan hallarda olduğu kimi azadlığın məhdudlaşdırılması cəzasını çəkən məhkumun bəraətverici əsasla icraatına xitam verildiyi başqa cinayət işi üzrə qanunsuz həbsdə saxlanılması da Cəzaların İcrası Məcəlləsinin 512.2-ci maddəsi ilə ehtiva olunan qətimkan tədbiri qismində həbsdə saxlanılma kimi qiymətləndirilə və həmin maddədə göstərilən məhdudiyyətə - həbs müddətinin cəzaçəkmə müddətinə hesablanmamasına səbəb ola bilməz və nə qədər ki, belə vəziyyətdə məhkumun digər (sonradan icraatına bəraətverici əsasla xitam verildiyi) cinayət işi üzrə həbsdə olduğu müddətdə azadlığın məhdudlaşdırılması cəzasını müşayiət edən vəzifələri yerinə yetirə bilməməsi onun iradəsin dən asılı olmayan səbəbdən baş vermişdir, həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması cəzasının çəkildiyi müddətə hesablanmalıdır. Şərh olunan məsələ (qanunsuz həbsin çəkilməkdə olan azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanıb-hesablanmaması) yuxarıda istinad olunan CPM-in V fəsli, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunla tənzimlənməsə də və onun həllinə bilavasitə həsr olunmuş başqa normalar qanunvericilikdə nəzərdə tutulmasa da, baxılan cinayət işi üzrə ortaya çıxan məsələnin xüsusiyyəti, yəni CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında cəza təyin edərkən sonuncu hökmlə təyin olunmuş cəzaya əvvəlki hökmlə təyin olunmuş azadlığ ın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsini müəyyən edib birləşdirmək zərurəti (eynilə azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmə ilə əvəz olunmasına dair icra məmurunun təqdimatına baxılması məsələsində olduğu kimi) qanunsuz həbsdə saxlanılma müddətinin azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinə daxil edilib-edilməməsi probleminin (CİM-in 51-2.2-ci maddəsinin təfsirinə dair məsələnin) müvafiq cinayət prosesi çərçivəsində hüququn analogiyasından irəli gələrək və məhz yuxarıda göstərilən qaydada həll olunmasını tələb edir. Əks mövqe qanunvericinin yuxarıda istinad olunan, əslində qanunsuz həbs etmə halları ilə bağlı olan bütün tənzimləmə mexanizmlərinin əsasına qoyduğu baxışın, rəhbər tutduğu prinsiplərin əleyhinə olan yanaşma olardı. Çünki, belə mö vqe azadlığın məhdudlaşdırılması cəzasının çəkildiyi dövrdə bəraətverici əsasla cinayət təqibinə xitam verilmiş iş üzrə şəxsin müəyyən müddət ərzində həbsdə saxlanılmasının özü-özlüyündə əsassız tətbiq edilmiş məhrumiyyət olmasına baxmayaraq, belə həbs etmənin təkrarən, özü də onun müddətinin azadlığın məhdudlaşdırılması cəzasının çəkildiyi müddətdən istisna edilməsi (cəza müddətinə hesablanmaması) şəklində nəzərə alınmasına şərait yaradır, faktiki olaraq qanunsuz həbs pozulmuş hüququn bərpasını labüd edən vəziyyət kimi deyil, qanunvericinin prinsipial yanaşmasının ziddinə olaraq əlavə mərhumiyyət doğuran əsas kimi qiymətləndirilmiş olur (“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.5-ci maddəsində nəzərdə tutulmuş “Cinayət, inzibati xətalar və ver gi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və qanunun analogiyasından istifadə oluna bilməz” müddəası Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsində göstərilən norma ilə hansı halların əhatə olunması, hansılarının isə əhatə olunmaması məsələsinin həlli, yəni həmin normanın mənasının müəyyən edilməsi və bu təfsirə bağlı olan digər hüquqi məsələlərin həlli zamanı hüququn analogiyasından istifadə olunmasını istisna etmir). Azadlığın məhdudlaşdırılması cəzasını müşayiət edən və qətimkan tədbiri qismində seçilmiş həbsi müşayiət edən məhrumiyyətlərin fərqli olması da qanunsuz həbsin müddətinin azadlığın məhdudlaşdırılması cəzasının çəkildiyi müddətə hesablanmasının qarşısını almır. Çünki, h əbs azadlığın məhdudlaşdırılmasından fərqli olaraq, şəxsin azadlıqdan məhrum edilməsi ilə, yəni daha ciddi məhrumiyyətlə müşayiət edilən prosessual məcburiyyət tədbiridir və bu səbəbdən onun cəza müddətinə hesablanması üçün kifayət qədər sərtliyə malik olmayan tədbir kimi nəzərdən keçirilməsinə və bu cür dəlillə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş hissəsi hesablanarkən həbsdə olma müddətinin nəzərə alınmasından imtina edilməsinə heç bir əsas yoxdur. Bununla belə, şərh olunan vəziyyətdə icraatına bəraətverici əsasla xitam verilmiş cinayət işi üzrə həbsdə olma müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində təsbit edilmiş həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanması qaydası tətbiq edilməməlidir. Çünki, burada həlledici məqam qanunsuz həbsin məhkumu hansı müddətdə cəza çəkmək imkanından məhrum etməsidir. Məhkum qanunsuz həbs müddəti ərzində azadlığın məhdudlaşdırılması cəzasını iradəsindən asılı olmayan həmin səbəb üzündən və məhz həbsdə olduğu dövrdə çəkmək imkanından məhrum edildiyi üçün, onun həbsdə saxlanıldığı müddət hər hansı əmsala vurulmadan təqvim müddəti kimi, yəni həbs müddətinə bərabər olan müddət şəklində azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş hissəsinə hesablanmalıdır. Sözügedən həbsin çox ciddi (o cümlədən, azadlığın məhdudlaşdırılması cəzası ilə müqayisədə) məhrumiyyət olması isə - bu (həbsin cəza müddətinə hesablanmasından asılı olmayaraq) reabilitasiya institutu vasitəsi i lə - cinayət təqibi orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi qaydasında kompensasiya edilə bilən və həmin məsələyə fiziki şəxsin iddiası əsasında mülki mühakimə icraatı qaydasında baxılarkən nəzərə alınması mümkün olan xüsusiyyətdir. Azadlığın məhdudlaşdırılması cəzasını çəkən şəxsin icraatına xitam verilmiş başqa cinayət işi üzrə həbsdən buraxılmasından sonra başlayan müddətin azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş hissəsinə hesablanması məsələsinə gəldikdə, kollegiya kassasiya protestinin bu barədə dəlilləri ilə razılaşaraq hesab edir ki, icra məmurunun bu hal haqqında vaxtında məlumat alması və cəzanın icrasının bərpa edilməsi, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 144 nömrəli qəra rı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nın 8.2-1-ci bəndinə müvafiq olaraq elektron nəzarət vasitəsinin şəxsə yenidən tətbiq olunması üçün tədbirlər görməməsi cəzanın faktiki icra olunmadığı müddəti məhkum tərəfindən çəkilən cəza müddəti kimi qiymətləndirməyə əsas vermir. Çünki, icra məmurunun Cəzaların İcrası Məcəlləsinin 15.5-1 və 51-1.1-ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının icrası, o cümlədən probasiya nəzarətinin həyata keçirilməsi üzrə vəzifələri olduğu kimi, məhkum edilmiş şəxsin də məhkəmə hökmündən irəli gələn vəzifələri yerinə yetirmək, o cümlədən icra məmurunun fəaliyyətsizliyindən sui-istifadə etməyib, barəsində probasiya nəzarətinin həyata keçirilə bilməsi ü çün özündən asılı olan davranış nümayiş etdirmək kimi (cəzaya məhkum edilmə halından törəyən) öhdəliyi var. Və yuxarıda şərh edilən həbsdə saxlanılma (iradəsindən asılı olmayan səbəb üzündən cəza çəkməməsi) halından fərqli olaraq, həbsdən buraxıldıqdan sonra məhkumu iradəvi və məhkəmə hökmünə uyğun şəkildə davranmaq (ən azından cəzanı icra edən orqana gəlmək, həbsdən buraxılması barədə məlumat vermək) imkanından məhrum edən heç bir əsas olmadığı vəziyyətdə onun cəza çəkmənin davam etdirilməsi yönündə hərəkətsizlik nümayiş etdirməsi həbsdə olma müddəti ilə həbsdən buraxıldıqdan sonra başlayan müddətinin eyniləşdirilməsinin (onlara eyni hüquqi nəticələr doğuran hallar kimi baxılmasının) qarşısını alır və həbsdən sonrakı cəzanın faktiki icra edilmədiyi dövrün azadlığın məhdudlaşdırılması cəza sının çəkilmiş hissəsinə hesablanmasını istisna edir. Sözügedən məsələ şərh edilərkən o da nəzərə alınır ki, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad etmə məsələsinə həsr olunmuş Cinayət Məcəlləsinin 80-ci maddəsi də ittiham hökmünün (o cümlədən, təyin olunmuş cəzanın) icra edilməməsinə görə məhkumun cəza çəkməkdən azad edilməsini cinayətlərin təsnifatına uyğun olaraq hökmün qanuni qüvvəyə minməsindən sonra müəyyən müddətlərin keçməsi ilə əlaqələndirir və bu zaman cəzanın onu icra etməli olan orqanın hərəkətsizliyi və s. bu kimi (icra orqanı ilə bağlı olan) səbəblərdən icra edilməməsini məsələnin həllinə təsir göstərən (80.1.1-80.1.4-cü maddələrdə təsbit edilmiş müddətlər keçmədiyi halda şəxsi cəzanı çəkmək vəzifəsindən azad edən) əsas kimi nəzərdən keçirmir. Bu m addənin mənasına görə cəza hətta onun icrası həvalə olunmuş orqanın fəaliyyətsizliyi üzündən belə icra edilmədikdə, cəzanın icra edilmədiyi dövr cəzanın çəkilməsi kimi qəbul edilmir və məhkum, əgər CM-in 80.1.1-80.1.4-cü maddələrində göstərilən müddətlər keçməyibsə, hökmlə müəyyən olunmuş cəzanı çəkməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş şəxs cəzanı çəkdiyi dövrdə başqa cinayət işi üzrə qətimkan tədbirinin tətbiqi qaydasında həbs edilmişsə və cinayət təqibinə bəraətverici əsasla xitam verilmişsə, həmin iş üzrə onun qətimkan tədbiri qismində həbsdə saxlanılması Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsi ilə ehtiva olunan hal kimi nəzərdən keçirilə bilməz və həbsdə saxlanılma müddəti azadlığın məhdud laşdırılması cəzasının çəkildiyi müddətə hesablanmalıdır. Lakin məhkum həbsdən azad edildikdən sonra azadlığın məhdudlaşdırılması cəzası faktiki icra edilmədiyi hallarda hətta bu hal icra məmurunun cəzanın icrasının davam etdirilməsi üçün lazımi tədbirlər görməməsi ilə bağlı olsa belə, cəzanın icra edilmədiyi dövr çəkilən cəza müddətinə hesablanmamalı, yəni cəzanın çəkilmiş hissəsi kimi qiymətləndirilməməlidir. Kassasiya məhkəmə kollegiyası həmçinin hesab edir ki, kassasiya protestində göstərilmiş “apellyasiya mərhələsində işə baxmış məhkəmə kollegiyası Məhkum 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının əvvəlinin 07 aprel 2023-cü il tarixdən hesablanması və digər iş üzrə tutulduğu 9 noyabr 2023-cü il tarixədək həmin cəzanın çəkilmiş hissəsini 7 ay 2 gün kimi nəzərə almasının q anunsuz yanaşma olması və məhkəmə bu hissədə cəzanı icra edən probasiya orqanının müəyyən etdiyi 6 ay 28 günlük müddətdən fərqli olaraq 4 gün əlavə müddət təyin edib məhkumun xeyrinə əsasız olaraq həll etməsi, digər tərəfdən, kollegiyanın Məhkum hazırkı iş üzrə 4 aprel 2024-cü il tarixdən 6 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddəti qəti cəza müddətinə faktiki olaraq iki dəfə hesablamaqla bu hissədə də qanunsuz nəticəyə gəlməsinə” dair dəlillər üzrə də əlavə araşdırma aparılaraq müvafiq qərar qəbul edilməlidir. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları apellyasiya məhkəməsinin sübutları Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməməklə Məhkum barəsində qərar verməsini - CPM-in 4 16.1.2-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, kassasiya protestinin dəlillərini qismən əsaslı sayır və qeyd olunan məsələlərin tam, hərtərəfli və obyektiv araşdırılması üçün apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti qismən təmin edilməli, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2025-ci il tarixli qərarı cəza təyininə dair hissədə ləğv olunmalı, cinayət işi həmin hissədə apellyasiya məhkəməsində yenidən baxılmasına təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən ka ssasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2025-ci il tarixli qərarı kassasiya protestinə əsasən cəza təyininə dair hissədə ləğv olunsun və cinayət işi həmin hissədə apellyasiya məhkəməsində yenidən baxılmasına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar