Məhkəmə qərarları › İş №1(102)-1513/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1513/2023

17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1513/2023 17.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum1 və onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-180/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş ka ssasiya şikayətinə, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 xx xxxxxxxx 1958-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, fərdi sahibkarlıqla məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Məhkum2 xx xxxx 1982-ci il tarixdə Abşeron rayonu Masazır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 3 azyaşlı uşaqları olan, fərdi sahibkarlıqla məşğul olmuş, məhkumluğu olmayan, Abşeron rayonunun Masazır kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 10 yanvar 2022-ci il tarixli ittiham aktı ilə Məhkum1 və Məhkum2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ittiham irəli sürülmüşdür.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə: Məhkum2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə barədə tanışı Məhkum1 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs və onun tanışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahid1 Göygöl rayonu ərazisində “X6 Emalı” zavodunun tikinti layihəsinin icrasının onun direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirib həmin layihənin 13.000.000 manat dəyərindəki havalandırma sistemlə rinin quraşdırılması işinin icrasını ona həvalə etməklə yüksək gəlir qazandıracağını yalan vəd verib aldadaraq Məhkum1 ilə birlikdə 2019-cu ilin sentyabr ayında "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən ofisində tikintinin başlanmasına qədər ilkin ödəniş edilməsi adı ilə Zərərçəkmiş şəxs məxsus 65.000 manat pulu alıb ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkum1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə barədə tanışı Məhkum2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Məhkum2 öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs və onun tanışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahid1 Göygöl rayonu ərazisində “X 6 Emalı” zavodunun tikinti layihəsinin icrasının onun direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirib həmin layihənin 13.000.000 manat dəyərindəki havalandırma sistemlərinin quraşdırılması işinin icrasını ona həvalə etməklə yüksək gəlir qazandıracağını yalan vəd verib aldadaraq Məhkum2lə birlikdə 2019-cu ilin sentyabr ayında "xxxx" MMCnin ünvan 2 ünvanında yerləşən ofisində tikintinin başlanmasına qədər ilkin ödəniş edilməsi adı ilə Zərərçəkmiş şəxs məxsus 65.000 manat pulu alıb ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-619/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli hökmü ilə: Məhkum2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş ci nayət əməlinin törədilməsində təqsirli bilinib 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş 06 il müddətə azadlıqdan məhrum etmə cəzasının 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi, sınaq müddətinin əvvəlinin hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması; Məhkum1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş 06 il müddətə azadlıqdan məhrum etmə cəzasının 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi, sınaq müddətinin əvvəlinin hökmün qan uni qüvvəyə mindiyi vaxtdan hesablanması hökm edilmişdir.

5. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib Məhkum2 barəsində Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsini tətbiq etməklə ona əlavə cəzanın təyin edilməsi, habelə hər iki təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Hökmdən Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verib vurduğu zərərin ödəmədiyi, zərərçəkmiş şəxslə barışığa maraq göstərmədiyinə görə hökmün təqsirləndirilən şəxs Məhkum2 münasibətdə dəyişdirilməsi, ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.3.2 maddəsinin sanksiyasında nəzərdə tutulan layiqli cəza təyin edilməsini xahiş etmişdir. Lakin işin apellyasiya baxışı zamanı Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın hər iki təqsirləndirilən şəxs tərəfindən ödənildiyini və onlara qarşı şikayət və tələbinin olmadığını bildirib, apellyasiya şikayətindən imtina etdiyi barədə ərizə təqdim etmişdir.

7. Hökmdən həmçinin təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.

8. Hökmdən təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-180/2023 nömrəli, 23 fevral 20 23-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)619/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

10. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti, dövlət ittihamçısı tərəfindən kassasiya protesti vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

11. Kassasiya şikayətində Məhkum1 əməlində dələduzluq cinayətinin tərkibinin olmadığı, onun həmin cinayətdə təqsirinin olmasının sübuta yetirilmədiyi iddia edilərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, Məhkum1 barəsində bəraət hökmünün çıxarılması xahiş edilir.

12. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, məhkumlar barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edərkən məhkəmələr onların törətdikləri cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, şəxsiyyətlərini səciyyələndirən halları nəzərə almamış və açıq-aydın ədalətsiz cəza təyin etmişlər. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-180/2023 nömrəli, 23 fevral 20 23-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

13. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikas ı CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Müdafiəçi1 kassasiya şikayətində Məhkum1 əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin tərkibinin olmadığını və sonuncunun təqsirinin sübuta yetirilmədiyini əsas gətirərək məhkuma bəraət verilməli olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

19. Dövlət ittihamçısı kassasiya protestində məhkum edilmiş şəxslərə təyin edilən cəzanın yüngüllüyün ə görə açıq-aydın ədalətsiz olduğunu iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

20. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini və kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-180/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində t əsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

22. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

23. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

24. Azərbaycan Respub likası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

25. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum1 əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin tərkibinin olmaması barədə dəlillərini əsassız hesab edir.

26. Belə ki, müdafiə tərəfinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran ap ellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinin təsdiqi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmədə dindirmə protokolları, 18 sentyabr 2021-ci il tarixli “diskə baxış keçirilməsi barədə” protokolu, 19 iyul 2021-ci il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokolu, 11 iyun 2021-ci il tarixli “mobil telefona baxış keçirilməsi barəd ə” protokol və digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlanılarkən sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə Məhkum1 hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum1 əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirilndə dair qənaəti şübhə altına almaq üçün əsas görmür.

29. Məhkəmə kollegiyası həmçinin kassasiya protestinin məhkumlar Məhkum1 və Məhkum2 yüngül cəza təyin edildiyinə dair dəlillərini əsasız hesab edir.

30. Belə ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75ci maddələrinin əlaqəli şək ildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

31. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

32. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

33. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

34. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə a lınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

35. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunm asını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarı).

36. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir.

37. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cina yətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

38. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsi).

39. Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası CM-nin 61.1ci maddəsi müəyyən edir. Azərbaycan Respublikası CM-nin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən CM-nin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz.

40. Azərbaycan Respublikası CPM-nin 13 9.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir.

41. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir.

42. Qeyd olunan cinayət-hüquqi normalara və məhkəmə kollegiyasının hüq uqi mövqeyinə əsaslanmaqla kassasiya protestinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisə edilməklə yoxlanıldıqda, bu dəlillərin əsassız olduğu müəyyən olunur.

43. Belə ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi məhkumların Zərərçəkmiş şəxs vurduqları 65.000 manat maddi ziyanın müştərək qaydada tam ödədiklərini, onlardan Məhkum1 65 yaşında olduğunu və ilk dəfə cinayət əməli törətdiyini, Məhkum2 isə himayəsində 3 azyaşlı uşağının olduğunu onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır.

44. Apellyasiya instansiyası məhkəməsi həm birinci instansiya məhkəməsində müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, həm də apellyasiya protesti araşdırılarkən məhkəmə baxışında müəyyən edilmiş yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu, eləcə də ə məllərində cəzanı ağırlaşdıran halların olmamasını, cinayətin məqsədi və motivini, cinayətlərin törədilməsi zamanı və bundan sonra onların davranışını nəzərə alaraq, qeyd edilənləri onlara təyin olunmuş cəzanı çəkmədən islah olunmalarını mümkün edən hallar kimi qiymətləndirmiş, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 70-ci maddələrinin tələblərinə riayət etmişdir.

45. Birinci və apellyasiya instansiyası məhkəmələrinin şərti məhkum etmənin tətbiqini mümkün edən faktiki əsaslar qismində nəzərə aldıqları Məhkum1 və Məhkum2 şəxsiyyətini səciyyələndirən və onun cəzasını yüngülləşdirən hallar Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsi tələb etdiyi kimi yolverilənliyi təkzib edilməyən, uyğun və mötəbər sübutlar əsasında müəyyən edilmişdir.

46. Eyni zamanda, Azərbaycan Respubli kası CM-nin 59.2-ci maddəsi cinayət qanununda birbaşa göstərilməyən halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verdiyindən, apellyasiya instansiyası məhkəməsinin yuxarıda sadalanan halları Məhkum1 və Məhkum2 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməsi əsassız və qanunsuz nəticə kimi qiymətləndirilə bilməz.

47. Qeyd olunan səbəblərdən dövlət ittihamçısının Məhkum1 və Məhkum2 azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsinin əsassız olması və Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 70-ci maddələrinin tələblərinə cavab verməməsi (məhkəmənin Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsi) barədə iddiası da əsaslı sayıla bilməz.

48. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən ə saslara görə hesab edir ki, kassasiya şikayəti və kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-180/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-180/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar