Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1513/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkumlar Məhkum2 və Məhkum1 iştirakları ilə, Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərba ycan Respublikası CM-in və ya CM-in) 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2023-cü il tarixli, 1(103)-818/2023 nömrəli qərarından məhkumlar Məhkum2 və Məhkum1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum2 11 avqust 1994-cü ildə Lerik şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli hökmü ilə CM-in 170.3, 180.2.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 5 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məh kum edilmiş və 22 may 2020-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 11 ay 28 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Məhkum1 xx xxxx 1998-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2015-ci il tarixli hökmü ilə CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 7 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-c i il tarixli, 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yeni Ramana qəsəbəsi nömrəsiz evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında və silah qismində istifadə edilən əşya tətbiq etməklə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etmə hədəsi ilə bağlı basqın edərək quldurluq etmişdir.
4. Belə ki, o, qaynı X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halın da özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə istifadəsində olan “Samsung” markalı mobil telefonla internet sosial şəbəkəsinin “odnoklassniki.ru” saytında “Seva Real yaladan” adı ilə qeydiyyatdan keçərək, özünü həmin vaxt saytda onlayn olan Zərərçəkmiş şəxs qadın kimi təqdim etmiş və ona güzgü qarşısında dayanmış yarımçılpaq vəziyyətdə şəxsiyyəti istintaqa məlum olmayan qadın şəkillərini öz şəkilləri adı ilə göndərib, cinsi əlaqədə olması üçün Zərərçəkmiş şəxslə 100 (bir yüz) manata razılaşaraq, 27 yanvar 2022-ci il tarixdə saat 04:26-dan həmin günü saat 07:07-dək olan müddət ərzində onunla onlayn əlaqə saxlayıb kirayə yaşadığı ünvan 5 ünvanının qarşısına dəvət etmiş və həmin tarixdə saat 08 radələrində qeyd olunan ünvanın yaxınlığında Zərərçəkmiş şəxs qarşısını kəsərək ü stündə olan pulunu çıxarıb verməsini tələb etmiş, həmin vaxt Məhkum1 üzərində saxlayıb gəzdirdiyi silah qismində istifadə olunan istintaqa məlum olmayan bıçaq tətbiq etməklə, Zərərçəkmiş şəxs qarın nahiyəsinə dirəyib, onu hasara doğru sıxışdırmış, ona həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın etməklə, Zərərçəkmiş şəxs əynindəki şalvarının arxa sol cibində olan 703 (yeddi yüz üç) manat pulunu götürmüş, sonra içərisində 50 (əlli) manat dəyərində ***-***-**-** saylı “Bakcell” nömrəsi olan əlində saxladığı 1800 manat (bir min səkkiz yüz) dəyərində “İphone 12 Pro” markalı mobil telefonunu tələb etməklə sonuncuya maddi ziyan vuraraq quldurluq etmişdir.
5. Həmçinin, Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında və silah qismində istifadə edilən əşya tətb iq etməklə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etmə hədəsi ilə bağlı basqın edərək quldurluq etmişdir.
6. Belə ki, o, yeznəsi Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə Məhkum2 istifadəsində olan “Samsung” markalı mobil telefonla internet sosial şəbəkəsinin “odnoklassniki.ru” saytında “Seva Real yaladan” adı ilə qeydiyyatdan keçərək, özünü həmin vaxt saytda onlayn olan Zərərçəkmiş şəxs qadın kimi təqdim edib, ona güzgü qarşısında dayanmış yarımçılpaq vəziyyətdə şəxsiyyəti istintaqa məlum olmayan qadın şəkillərini öz şəkilləri adı ilə göndərərək, cinsi əlaqədə olması üçün Zərərçəkmiş şəxslə 100 (bir yüz) manattı razılaşıb, 27 yanvar 2022-ci il tarixdə saat 04:26-dan saat 07:07-dək olan müddət ərzində onunla onlayn əlaqə saxlayaraq kirayə yaşadığı ünvan 5 ünvanının qarşısına dəvət etdikdə həmin günü saat 08 radələrində qeyd olunmuş ünvanın yaxınlığında Zərərçəkmiş şəxs qarşısını kəsərək üstündə olan pulunu çıxarıb verməsini tələb etmiş və həmin vaxt üzərində saxlayıb gəzdirdiyi, silah qismində istifadə olunan istintaqa məlum olmayan bıçağı tətbiq etməklə Zərərçəkmiş şəxs qarın nahiyəsinə dirəyərək onu hasara doğru sıxışdırıb, ona həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın etmiş və Məhkum2 Zərərçəkmiş şəxs əynindəki şalvarının arxa sol cibində olan 703 (yeddi yüz üç) manat pulunu götürmüş, sonra içərisində 50 (əlli) manat dəyərində ***-***-**-** saylı “Bakcell” nömrəsi olan əlində sax ladığı 1800 manat (bir min səkkiz yüz) dəyərində “İphone 12 Pro” markalı mobil telefonunu tələb etməklə sonuncuya maddi ziyan vuraraq quldurluq etmişdir.
7. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X3 (sədrlik edən), X4 və X6 ibarət məhkəmə tərkibində) 02 fevral 2023-cü il tarixli, 1(101)-147/2023 nömrəli hökmü ilə Məhkum2 CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və onun 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 27 yanvar 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəy işdirilməməsi, Məhkum1 CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və onun 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin onun tutulduğu 28 yanvar 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar məsələləri də həll edilmişdir.
8. Hökmdən təqsirləndirilən şəxs Məhkum1 apellyasiya şikayəti verib günahsız olduğu üçün ona bəraət verilməsini, həmçinin təqsirləndirilən şəxs Məhkum2 və onun müdafiəçisi Müdafiəçi3 ayrı-ayrılıqda ap ellyasiya şikayətləri verib Məhkum2 təqsirliliyi sübuta yetmədiyindən ona bəraət verilməsini xahiş etmişlər.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət məhkəmə tərkibində) 28 mart 2023-cü il tarixli, 1(103)818/2023 nömrəli qərarı ilə təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2 və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Məhkum2 və Məhkum1 CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-147/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
10. Qərardan Məhkum2 və Məhkum1 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:
11. Məhkum2 kassasiya şikayətinin dəlilləri qismində cinayət işinin bir sıra faktiki hallarına istinadlar edərək qeyd etmişdir ki, onun telefonunda “odnaklassiki.ru” səhifəsi yoxdur, o, Zərərçəkmiş şəxs qarşı quldurluq etməyib, ittiham edildiyi əməli yaşadığı binanın qarşısında etməsi inandırıcı deyil, əgər belə şey etmək istəsəydi, başqa yer seçərdi, Zərərçəkmiş şəxs ifadəsi qərəzlidir və əsil həqiqəti gizlətmək niyyətindən irəli gəlir. Bununla yanaşı qeyd edir ki, evlidir, himayəsində iki azyaşlı övladı var, kirayədə qalırlar və ailəsinə ondan başqa baxacaq bir kimsəsi yoxdur. Qeyd etdiklərinə əsasən məhkəmə kollegiyasından, birinci instansiya məhkəməmsinin hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
12. Eyni zamanda, iş üzrə digər Məhkum1 kassasiya şikayəti verərək, subay, orta təhsilli və ata-anasının tək yaşamasını nəzərə alaraq, ittiham olunduğu əməlin CM-in 221.3-cü maddəsinə tövsif edilməklə cəza müddətinin azaldılmasını xahiş etmişdir.
13. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir.
14. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti, Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, ona uyğun çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.
16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum1 kassasiya şikayətinin dəli llərini müdafiə edərək, ona uyğun çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.
17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətlərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
18. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
19. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hö km və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
20. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
21. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzr ə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
22. Məhkum2 və Məhkum1 kassasiya şikayətlərində onların əməllərinin hüquqi tövsifini mübahisələndirsələr də, tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişlər.
23. Bununla belə, kollegiya məhkumların kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərl ə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2023-cü il tarixli, 1(103)-818/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
24. Məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
25. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər, o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
26. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsi ndə təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
27. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.
28. CPM-in 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.
29. Məhkəmə kollegiyası Məhkum2 və Məhkum1 barəsində cinayət işi üzrə sübutların məhkəmələr tərəfindən CPM-in 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair məhkumların arqumentlərini əsassız hesab edir.
30. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədil məsi cinayət məsuliyyəti yaradır.
31. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
32. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
33. Apellyasiya instansiya məhkəməsi məhkumlar tərəfindən verilmiş hazırki kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətlərinin dəlillərinə qiymət verə rkən sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduqları cinayət əməllərini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla (təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı verdikləri və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahid if adələri, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları və digər sübutlar) təsdiq olunduğu üçün, Məhkum2 və Məhkum1 əməlləri Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilmiş və onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişlər.
34. Kollegiya qeyd edir ki, Məhkum2 kassasiya şikayətinin dəlilləri qismində onun ittiham oldunduğu cinayət əməlində cinayət tərkibinin mövcud olmaması, həmçinin iş üzrə digər Məhkum1 kassasiya şikayətinin dəlilləri qismində əməlinin CM 221.3-cü maddəsi ilə tövsif edilməli olması, lakin məhkəmələr tərəfindən həmin məsələyə hüquqi qiymət verilməməsi qeyd edilsə də, istər birinci instansiya məhkəməsinin hökmündə, istərsə də, həmin hökm ilə gəlinmiş nəticələrin doğruluğunu və mötəbərliyini təsdiq edən apellyasiya instansiyası məhkəməsinin qərarında həmin məsələyə cinayət işi materiallarında öz əksini tapan sübutların, xüsusi ilə də təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahid ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, mobil telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokol və fotoşəkillər, istintaq hərəkəti protokolları və digər maddi sübutların hərtərəfli, tam və obyektiv tədqiqinə əsasən hüquqi qiymət verilmiş və hesab edilmişdir ki, Məhkum2 və Məhkum1 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.
35. Göründüyü kimi, məhkumlar tərəfind ən nəinki apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib edəcək hər hansısa bir dəlilə istinad edilmiş, əksinə olaraq kassasiya şikayətinin dəlilləri qismində apellyasiya instansiya məhkəməsi qarşısında irəli sürülmüş şikayətlərinin dəlilləri təkrarlanmaqla kifayətlənilmişdir.
36. Məhkəmə kollegiyası həmçinin, Məhkum1 kassasiya şikayətinin dəlilləri qismində göstərilən, barəsində yüngülləçdirici hesab etdiyi halların məhkəmə tərəfindən nəzərə alınmaması, bununla da ona təyin edilmiş cəzanın şəxsiyyətinə və ailəsinin həyat şəraitinə uyğun olmaması, barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi mümkünlüyünə münasibətdə aşağıdakıları qeyd edir.
37. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törə tmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
38. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
39. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəx siyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
40. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
41. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
42. Cinayət qanununda göstəril ən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
43. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
44. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum1 özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddialarının əsassız olduğu müəyyən edilir.
45. Belə ki, Məhkum1 barəsində bəraət hökmü çıxarılması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar cinayət işinə baxan apellyasiya instansiya məhkəməsi eyni zamanda məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 181.2.1 və 181.2.5-ci maddələri ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 1(101)147/2023 nömrəli hökmü ilə təyin edilmiş 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə razılaşaraq, onu qanuni və ədalətli hesab etmişdir.
46. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, məhkum edilmiş şəxs Məhkum1 cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qə rarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran (müəyyən edilməmişdir) və yüngülləşdirən hallar (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini), onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Məhkum1 şəxsiyyəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha yüngül cəza təyin olunmasını qanunamüvafiq saymamış və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşmışdır.
47. Həmçinin apellyasiya məhkəməsi təqsirləndirilən şəxsin əvvəl də cinayət əməli t örətməkdə təqsirli bilinərək məhkum olunması, məhkumluğu ödənilmədiyi təqdirdə yenidən qəsdən cinayət əməli törətməsi onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməsinə, kriminal davranışa meyilliliyinə və islah olunmamasına dəlalət edən hal kimi qiymətləndirmişdir.
48. Bununla da, Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr Məhkum2 və Məhkum1 apellyasiya şikayətlərində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətlərində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası bir inci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum2 və Məhkum1 cinayət əməllərinin hüquqi tövsifi və onlara təyin edilmiş cəza barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
49. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin Məhkum2 və Məhkum1 törətdiyi cinayət əməllərinin tövsifinə və təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
50. Odur ki, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2023-cü il tarixli, 1(103)-818/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
51. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2023-cü il tarixli, 1(103)818/2023 nömrəli qərarı məhkumlar Məhkum2 və Məhkum1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.