Məhkəmə qərarları › İş №1(102)-1519/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1519/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1519/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi Məmmədov Məhəmməd Əzi oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2270/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1991-ci il tarixdə Masallı rayonunun Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Təklə ərazi dairəsi, Xoşçobanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamışdır. 2. 17 mart 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 181.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 13 aprel 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmi ş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum internet resurslarında oynadığı qumar oyunlarında uduzması, eləcədə digər işləri ilə bağlı yaranmış borclarını ödəmək üçün pul vəsaiti əldə etmək məqsədilə tanıdığı Zərərçəkmiş şəxs məxsus əmlakı quldurluq yolu ilə ələ keçirmək niyyətilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzindən idman malları mağazasından bir ədəd beysbol dəyənəyi əldə edib cinayətin törədilməsinə hazırlıq edərək 13 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzində iş saatının başa çatmasını, habelə hər iş gününün sonunda olduğu kimi elektrik enerjisi təchizatının dayandırıl masını gözləyib havanın qaralmasından istifadə edərək, Zərərçəkmiş şəxs icarəyə götürüb işlətdiyi Sədərək Ticarət Mərkəzi 1-ci sırada yerləşən 96 nömrəli mağazanın qarşısına gələrək Zərərçəkmiş şəxs mağazada olduğunu görüb tanınmaması üçün özü ilə gətirdiyi tibbi maskanı üzünə keçirərək mağazaya qapısından qanunsuz girib hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək özü ilə gətirdiyi silah qismində istifadə olunan idman oyunları üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən xüsusi təyinatlı vurucu-dağıdıcı xassəyə malik olan beysbol dəyənəyi ilə zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurduqdan sonra sonuncunun müqavimət göstərməsi nəticəsində dəyənək əlindən düşdüyündən mağazada st olun üzərində olan qayçını götürərək zorakı hərəkətlərini davam etdirib silah qismində tətbiq etdiyi həmin alətlə sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq ona sağ bud nahiyəsinin səthi əzilmiş yaraları, başın təpə, sağ kürək, sağ çiyinüstü, sağ bazu, sağ said və qarın nahiyələrinin sıyrıqları ilə müşayiət olunan, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə, habelə sağlamlığına həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağ qaşın tış səthinin əzilmiş yarası və sol ənsə nahiyəsinin dərialtı hematomasından ibarət yüngül, eyni zamanda qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan sol gicgah-almacıq sümüklərinin qövsünün xətti yerini dəyişməyən sınığı və qa nçırından ibarət həyat üçün təhlükəli olan ağır zərər vurub müqavimətini sındıraraq zərərçəkmiş şəxsin əynində olan şalvarının cibindən 2.000 (iki min) manat, stulun üzərində olan gödəkçəsinin cibindən 28.000 (iyirmi səkkiz min) manat, həmin dövrün məzənnəsi ilə 4.981 (dörd min doqquz yüz səksən bir) manat təşkil edən 2.930 (iki min doqquz yüz otuz) ABŞ dollarından ibarət, ümumilikdə 34.981 (otuz dörd min doqquz yüz səksən bir) manat məbləğində pulu ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla quldurluq etmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1121/2023 nömrəli, 23 oktyabr 2023cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 11 (on bir) il müddətə azadlıqdan məhr um etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 18 noyabr 2022-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, hökmdən narazı olduğunu qeyd edərək, işinə düzgün baxılmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2270/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1121/2023 nömrəli, 23 oktyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası mə hkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində qeyd edilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum əməli əsassız olaraq Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə tövsif edilmişdir. Həmçinin, cəzaı müəyyən edilərkən himayədə iki azyaşlı uşağının olması, ilk dəfə məhkum olunması, vurulmuş ziyanın könüllü olaraq ödənilməsi, zərərçəkmiş şəxsin şikayətçi olmaması kifayət qədər nəzərə alınmamışdır. Buna görə işin düzgün araşdırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətləri nin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəm əsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Kassasiya şikayətində Məhkum törətdiyi cinayət əməli nin səhv tövsif edildiyini, həmçinin ona təyin edilmiş cəzanın ağır olduğunu iddia edib xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)2270/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

17. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-ni n 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

20. Şərh edilən maddi və prosessual cinayət-hüququ normaların tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyələrini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

21. Belə ki, kassasiya müraciətinin ümumi məzmunundan görünür ki, cinayət əməlini törətməklə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasına baxmayaraq, məhkum əməlinin tövsifi ilə bağlı məhkəmələrin səhv nəticəyə gəldiyini iddia edib bu əməlin silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilmiş quldurluq əməlinə, yəni Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsin ə tövsif edilməli olmasını iddia edir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.

23. Eləcə də, vahid məhkəmə təcrübəsinin formalaşması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsində “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi həd əsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn, zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (Azərbaycan Respublikası CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq Azərbaycan Respublikası CM-nin 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Belə halda, Azərbaycan Respublikası CM-nin 181.2, 181.3-cü maddələrində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar mövcud deyildirsə, əməl Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə tövsif edilməlidir. Quldurluq basqını zamanı özgə əmlakı ələ keçirilərkən, zərərçəkmişin sağlamlığına ağır zərər vurularsa və bu ehtiyatsızlıqdan onun ölümünə səbəb olarsa, əməl cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası CMnin 181.3.3 və 126.3-cü maddələri ilə tövsif edilməlidir (“Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 1, § 23, 03 mart 2005-ci il).

24. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum qarşı irəli sürülmüş ittiham üzrə o, Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 34.981 (otuz dörd min doqquz yüz səksən bir) manat məbləğində ziyan vurmaqla yanaşı törətdiyi quldurluq əməli ilə zərərçəkmişin sağlamlığına da ağır zərər vurmuşdur. Zərərçəkmiş şəxsin sağlamlığına ağır ziyan dəyməsi ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının 22 dekabr 2022-ci il tarixli, 868 saylı rəyi əsasında müəyyən edilmişdir. Belə olan halda ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə ittiham elan edilərək, barəsində olan cinayət işinin materialları məhkəməyə verilmiş, öz növbəsində məhkəmələr bu əməlin tövsifi ilə bağlı əsaslı nəticəyə gəlmişlər.

25. Təfsir edilənlərlə yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırda mübahisəsi edilən qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutlar ayrı-ayrılıqda və məcmu halında bir daha araşdırılmış, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Məhkum təqsirləndirildi yi Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri, həmin ifadələrlə yanaşı məhkəməyədək və məhkəmə araşdırması aparılarkən dindirilmiş şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu, üzləşdirmə istintaq hərəkəti protokolu, məhkəmə tibbi, materialların, psixiatrik, maddi sübutların və tibbi bioloji ekspertizalarının rəyləri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminal-Tədqiqatlar İdarəsinin arayışı, video görüntülərə baxış keçirilməsi barədə protokol, maddi sübutlar, eləcə də işdə olan digər təkzibolunmaz sübutlarla tam təsdiq olunur.

26. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun müdafiəçisinin apell yasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.

27. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini də müzakirə edərək, məhkəmələrin bu məsələyə aid mövqeyi ilə razılaşır və hesab edir ki, onların həmin hissədə gəldiyi qənaətləri m üvafiq maddi və prosessual cinayət-hüquqi normalara uyğundur.

28. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsində xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilmiş, həmin maddənin sanksiyasında on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

29. Məhkəmələr Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hallar olaraq himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində vurulmuş maddi ziyanı könüllü olaraq tamam ilə ödəməsini, eyni zamanda məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın - 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasını seçməklə cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza seçmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

30. Yuxarıda göstərilənlərə əlavə olaraq məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keç irilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normaların tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

31. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

32. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmi n edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2270/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2270/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar