Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1527/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2, 23 4.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: A.Ə.Musayev (sədrlik edən), O.Y.Cəlilov və X.A.Nuriyevdən ibarət tərkibdə) 09 oktyabr 2019-cu il tarixli hökmü ilə 11 avqust 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında kirayədə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CMnin 206.3.2-ci maddəsi ilə 6 (altı) il, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə azadlığının faktiki məhdudlaşdırıldığı 11 iyun 2019-cu il tarixdən hesablanması, ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması hökm edilmişdir. Məhkəmənin hökmü ilə Məhkum CM-nin 206.3.2, 234.4.1 və 234.4.3- cü maddələri ona görə təqsirli bilinərək məhkum edilmişdir ki, o, 10 iyun 2019-cu il tarixdə İran İslam Respublikasının Biləsuvar şəhərində ibtidai istintaq orqanı tərəfindən şəxsiyyətləri müəyyən edilməmiş digər şəxslərlə külli miqdarda narkotik vasitə olan heroinin müəyyən məbləğdə pul müqabilində Bakı şəhərində cinayətkar qrupun digər üzvünə təhvil verilməsi, yəni satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və İran İRdən Azərbaycan Respublikasının ərazisinə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra həmin tarixdə göstərilən məqsədlə və qabaqcadan əlbir olan bir qrup şəxsin niyyəti ilə əhatə olunmuş qaydada İran İR-in Biləsuvar şəhərində cinayətkar qrupun digər üzvündən təhvil aldığı bir ədəd çantanın içərisində olmuş, üzərində “Softlan” yazısı olan iki ədəd yuyucu toz qutusunda yerləşdirilərək gizlədilmiş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 996,80 qram və 1002,0 qram, ümumi təmiz çəkisi 1998,80 qram olmaqla külli miqdar təşkil edən, kustar üsulla hazırlanmış heroini təhvil aldığı şəkildə saxlamış və daşımış, malların aşkar edilməsini çətinləşdirən göstərilən üsuldan istifadə etməklə 11 iyun 2019-cu il tarixdə saat 02:44-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunun (bundan sonra – DGK-nın CƏBGİ-nin Biləsuvar GP) piyada keçid xəttindəki Azərbaycan Respublikası ərazisinə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirmişdir. Göstərilən heroin 11 iyun 2019-cu il tarixdə Biləsuvar GP-də Məhkum ilə bağlı keçirilmiş gömrük nəzarəti üzrə əl yükünü təşkil etmiş çantadan aşkar edilib qablaşdırılaraq götürülmüşdür Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2019-cu il tarixli qərarı ilə (hakimlər: E.Ə.Camalov (sədrlik edən), E.İ.Əliyev və K.S.Bəşirovdan ibarət tərkibdə) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2019-cu il tarixli qərarından, Məhkum kassasiya şikayəti verərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. İşə kassasiya instansiyası məhkəməsin də baxılanadək Məhkum Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 04 saylı Cəzaçəkmə Müəssisəsindən ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkum ərizəsində özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsində məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətlərinin geri qaytarılması barə də proses iştirakçılarının çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və qanunvericiliyin tələblərinə əsaslanaraq kassasiya şikayətinin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1527/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1527/2021
24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver