Məhkəmə qərarları › İş №1(102)-1540/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1540/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1540/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum müdafiəçisi Azayev Tərlan Nurəhməd oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1640/2024 nömrəli, 08 avqust 2024-cü il tarixli qərarından Məhkum müdaf iəçisi Azayev Tərlan Nurəhməd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxx xxxx-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 03 iyun 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 240.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 20 iyun 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci i nstansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 33,3 qram olmaqla külli miqdar təşkil edən «Preqabalin Krka 150 mq» göstəricili 222 ədəd və güclü təsir edən preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 0,3 qram təşkil edən «...kpka 300 mq» göstəricili 01 ədəd dərman kapsullarını əldə edib özündə saxlamaqla daşımış, «Preqabalin Krka 150 mq» göstəricili dərman kapsullarının 14 ədədini 23 fevral 2023-cü il tarixdə, saat 19 radələrində yaşadığı x ünvanında tanışı X4 25 manat müqabilində satmış, 24 fevral 2023-cü il tari xdə Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün, saat 10:05-də ünvan 3 ünvanının qarşısında saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilib, orada üzərində şəxsi axtarış keçirilən zaman əlindəki çantasının içərisindən preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 31,2 qram olmaqla külli miqdar təşkil edən «Preqabalin Krka150mq» göstəricili 208 ədəd dərman kapsulları və preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 0,3 qram təşkil edən «...kpka 300 mq» göstəricili 01 ədəd dərman kapsulu aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-415/2024 nömrəli, 23 yanvar 2024cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsində nəzərdə t utulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-65/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddət olan hissəsinin Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə iki gün hesablamaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməsi və qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümum i rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 24 fevral 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi və ona təyin edilmiş cəza müddətinin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1640/2024 nömrəli, 08 avqust 2024-cü tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-415/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərar ından Məhkum müdafiəçisi Azayev Tərlan Nurəhməd oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkum edilmiş şəxs uzun müddətdir ki, narkomaniya xəstəliyindən əziyyət çəkir, İİ qrup əlildir və daimi olaraq həkim qeydiyyatında olmaqla, mütəmadi müalicə qəbul edir. Müalicəsi üçün vaxtaşırı müxtəlif həkimlərə müraciət edir və müalicə almaq üçün ona resept yazılır. Həmin dərmanların reseptsiz satın alınması mümkün deyil və onların tərkibində az miqdarda süni narkotiklər vardır. Çox vaxt xəstəlik kəskinləşdikdə və həmin dərmanları aptekdən almaq mümkün olmadıqda, xəstələr əvəzləşərək bir-birilərinə dərmanla köməklik edirlər. Həmin gün, yəni 24 fevral 2023-cü il tarixdə məhkum edilmiş şəxsin əvvəllər tanıdığı narkomaniya xəstəsi olan Fuad Azadovla eyni hadisə baş vermişdir. Yəni Məhkum dərman tapa və ya ala bilməyən F.Azadova köməklik edərək pulsuz metadon suyu və preqabalin vermişdir. İstintaq orqanı bu əmələ psixotrop dərmanların satışı kimi yanaşmış, məhkəmələr isə işin hallarına düzgün qiymət verməyərək, səhv nəticəyə gəlmişlər. Göstərilənlərə əsasən əməlin düzgün tövsif edilməsi üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

10. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini ar aşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Müdafiəçi kassasiya şikayətində Məhkum törətdiyi əməlin səhv tövsif edildiyini iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15- ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1640/2024 nömrəli, 08 avqust 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mö vcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyy ən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbayca n Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

21. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsinə dair kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

22. Belə ki, məhkum birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində ona təyin edilmiş cəza mübahisələndirilsə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq törədilmiş cinayət əməlini və onun hallarını, cinayət əməlinin tərkibinin mövcudluğun u, məhkumun həmin əmələ aidiyyəti və təqsirliliyi məsələsini araşdıraraq, hazırda mübahisəsi aparılan qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayəthüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrıayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsiri özünün məhkəməyədək və məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, eləcə də şahidlərin məhkəməyədək və məhkəmədə verdikləri ifadələri, video çəkilişlə aparılmış şəxsi axtarış və götürmə barədə protokol, məhkumun istifadəsində olan telefon nömrəsinə baxış protokolu, digər istintaq və məhkəmə hərəkəti protokolları, ekspert rəyləri və başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

23. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürülməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir verilən hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olmasının sübuta yetiril diyi, eyni zamanda bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

25. Əlavə olaraq, kassasiya şikayətində məhkum edilmiş şəxsi n narkomaniya xəstəliyinə düçar olmaqla vaxtaşırı digər şəxslərə təmənnasız narkotik maddə verib başqa vaxtlarda onlarla əvəzləşməsinə dair qaldırılmış dəlilə münasibətdə məhkəmə kollegiyası mövcud məhkəmə təcrübəsinə istinadla qeyd edir ki, bu hal hətta həqiqətə uyğun olan kimi qəbul edilsə belə, Məhkum Azərbaycan Respublikası CM-nin 240.3.2ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini istisna etmir.

26. Belə ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsinin formalaşması məqsədi ilə qəbul etdiyi müvafiq qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, onların qanunsuz satılması əməlinə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqın da” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqa sına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir (“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”, № 8, § 9, 14 iyun 2024-cü il).

27. Beləliklə, məhkəmə kollegiyası baxılan cinayət işinin materiallarını kassasiya şikayətinin dəlilləri ilə müqayisəli təhlil edib hesab edir ki, aşağı instansiya məhk əmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

28. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

29. Qeyd olunanlar apellyasiya instansiyası mə hkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

30. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1640/2024 nömrəli, 08 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Azayev Tərlan Nurəhməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1( 103)-1640/2024 nömrəli, 08 avqust 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar