Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1544/2025 01.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, xx xxxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvand a qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 181.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1267/2024 nömrəli 19 sentyabr 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-261/2024 nömrəli 27 mart 2024-cü il tarixli hökmü ilə (sədrlik edən N.A.Kərimov, hakimlər R.Ə.Sadıxov və L.S.ƏsgərovaMəmmədovadan ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Məhkum Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 1(008)-174/2023 nömrəli hökmü ilə təyin edilmiş 1 (bir) il azadlıqdan məhrum etmə cəzasının ona təyin olunmuş cəza ilə qismən toplanılması və ona qəti olaraq 6 (altı) il azadlıqdan məhrum etmə cəzasının təyin olunması, Məhkum ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ona təyin edilmiş cəzanın çəkilməsi müddətinin əvvəlinin 6 dekabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən dövlət ittihamçı tərəfindən apellyasiya protesti, məhkum olunmuş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1267/2024 nömrəli 19 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər E.Ə.Mehdiyev (sədrlik edən), E.E.Rəhimov və E.Z.Əliyev) B akı Ağır Cinayətlər Məhkəməsinin 27 mart 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin həmin qərarından dövlət ittihamçı tərəfindən kassasiya protesti verilmiş, Ali Məhkəmənin Cinayət kollegiyasının 1(102)-386/2025 nömrəli 4 fevral 2025-ci il tarixli qərarı ilə (hakimlər: Ə.Ə.Novruzov (sədrlik edən), Ş.Y.Yusifov və R.M.Abdulov) Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İttiham aktına əsasən, Məhkum özgənin əmlakını ələ keçirmə məqsədi ilə 6 dekabr 2022-ci il tarixdə saat 12 radələrində *9933 taksi xidməti vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsi, Şuşa şəhərciyi yaşayış massivində yerləşən «Mini Sədərək» marketin yaxınlığına verdiyi sifariş əsasında həmin ünv ana gəlmiş Zərərçəkmiş şəxs taksi kimi idarə etdiyi «Toyota Prius (Hibrid)» markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq oturacağına sərnişin qismində əyləşib Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən «Neftçi» Futbol Klubunun inzibati binasının qarşısında avtomobil hərəkətdə olduğu zaman üzərində olmuş və silah qismində istifadə etdiyi bıçağın kəsici-deşici hissəsini hücuma məruz qalmış Zərərçəkmiş şəxs qarnının sağ nahiyəsinə dirəyib, ondan pul tələb edərək verməyəcəyi təqdirdə bıçaqla onun həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq edib vuracağı ilə hədələməklə basqın edib, Zərərçəkmiş şəxs cibində olan 30 manat məbləğində pulunu ona verməsinə nail olub həmin pulu ələ keçirməklə quldurluq etmişdir. Məhkum CM-in 181.2.5-ci maddəsi ilə itt iham olunsa da, o, aşağı instansiya məhkəmələri tərəfindən CM-in 181.1-ci maddəsi ilə təqsirli bilənərək məhkum olunmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və onun barəsində CM-nin 70-ci maddəsi tətbiq etməklə cəzasının şərti çəkilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Şikayət müəllifi hesab edir ki, 2 ildən artıqdır ki, cəza çəkir, səhhətində ciddi problemlər var və zərər çəkmiş şəxsin ondan heç bir şikayəti yoxdur. Qeyd edilmiş əsaslara uyğun olaraq Məhkum verilmiş cəza dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona təyin edilmiş cəzanın şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseylinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzasının şərti çəkilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsinə əsasən, “quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın”a görə cinayət məsuliyyəti müəyyən edilmişdir və sözügedən əməl dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tər kibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş, kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hü quqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətləri n törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin forması ndan və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətmə kdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə al malıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göstərilən qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CMnin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqın da tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəc əsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün say ırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq norması və qərarın məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı qismən etirafedici ifadələr verməsini onun cəzasını yüngülləşdirən hal kimi və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq 6 (altı) il müddətə azadlqdan məhrum etmə cəzasının təyin olunmasına dair yekun nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin bu mövqeyilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin cəza təyininə dair mövqeyini əsaslı hesab edərək qeyd edir ki, Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Belə ki, cinayət işi üzrə Məhkum cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlüyü halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəza nın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq olunmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri heç bir hüquqi əsası olmayan dəlillərdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozun tuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilməd ən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2024-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1544/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1544/2025
01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver