Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1567/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim İmanovun və Zərərçəkmiş şəxs iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 20 24-cü il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Səbuhi Hüseynov, hakimlər Cavid Hüseynov və Eldar İsmayılov) 19 dekabr 2023-cü il tarixli, 1(101)-1748/2023 nömrəli hökmü ilə xx xxxxxx 1953-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu götürülmüş, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasında şöbə müdiri vəzifəsində işləmiş, Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi ev 136, mənzil 9 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddə tinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 19 dekabr 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qanunsuz və əvəzsiz vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirmək məqsədi ilə 2020-ci ilin sentyabr ayının sonlarında tanışı Şahid1 ilə söhbət edərkən sonuncunun qardaşı Zərərçəkmiş şəxs dövlət işinə düzəlmək istəməsini bilib, Zərərçəkmiş şəxs ilə görüşüb onun haqqında məlumat öyrəndikdən sonra əvvəllər xüsusi xidmət orqanlarında işlədiyi dövrlərdən geniş əlaqələrinin olmasını, həmin münasibətlərin in hazırkı dövrədək davam etməsi kimi yalan vədlərin təsiri altında həqiqətə uyğun olmayan məlumatlar verib Zərərçəkmiş şəxs əvvəllər işlədiyi Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə işə bərpa etdirib şöbə rəisi təyin etdirəcəyinə inandırıb guya rəhbərliklə görüşdükdən sonra işə bərpa edilib şöbə rəisi təyin olunmasının şərtlərini açıqlayacağını bildirib Zərərçəkmiş şəxs 2020-ci ilin oktyabr ayının ortalarında ünvan 2 ünvanının yaxınlığında işə yenidən bərpası ilə bağlı müəyyən sənədlərin surətini və zəhmət haqqı kimi 1200 manat pul alıb bir neçə gündən sonra Şahid1 ilə görüşərək rəhbərliklə görüşdüyünü, rəhbərliyin göstərişinə əsasən qardaşı Zərərçəkmiş şəxs işə bərpa edilib şöbə rəisi təyin olunması üçün guya şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə yardım etmək məqsədi ilə müvafiq fondlara ianələrin köçürülməsinin vacibliyini, işin məxfi qayda da aparılmasını, ianə ediləcək pulların onun özü tərəfindən şəxsən köçürülməsinin və ianə edilmiş pulların qəbzlərinin sonradan Zərərçəkmiş şəxs şəxsi işinə əlavə ediləcəyini deyərək həmin adla Zərərçəkmiş şəxs qardaşı Şahid1 vasitəsi ilə 2020-ci ilin oktyabr ayının ortalarında ünvan 2 ünvanının yaxınlığından 10000 manat, 2020-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri Yasamal rayonu X1 küçəsi ev 136 ünvanının yaxınlığında 6500 manat, 2020-ci ilin dekabr ayının sonlarında Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsində yerləşən “Yasamal Parkı” adlanan ərazidə 5000 manat, 2021-ci ilin yanvar ayının sonlarında Bakı şəhəri Həsən bəy ünvan 4 ünvanında yerləşən “Baku Mall” ticarət mərkəzinin qarşısında Azərbaycan manatının həmin dövrə məzənnəsi ilə 17000 manat təşkil edən 10000 ABŞ dolları, 2021-ci ilin fevral ayının sonlarında ünvan 5 ünvanında yerləşən “Bravo” marketin yaxınlığında 7300 manat, 2021-ci ilin mart ayının əvvəllərində eyni ünvanda 8000 manat, 2021-ci ilin aprel ayının əvvəllərində Yasamal rayonu X1 küçəsi 136 ünvanının yaxınlığında 6000 manat, 2021-ci ilin avqust ayının 20-də ünvan 7 ünvanında yerləşən “Sumqayıt Paralimpiya İdman Kompleksi” nin qarşısında Azərbaycan manatının həmin dövrə məzənnəsi ilə 20400 manat təşkil edən 12000 ABŞ dolları və 2022-ci ilin mart ayının ortalarında ünvan 9 ünvanında yerləşən “Adana” restoranında 2000 manat pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus 83400 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik edən və məruzəçi), Həsən Əhmədov və Anar Tanrıverdiyev) 14 fevral 2024-cü il tarixli, 1(103)-484/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Zərərçəkmiş şəxs və məhkum olunmuş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarının dəyişdirilməsi və Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ədalətsiz olduğundan dəyişdirilməlidir. Belə ki, təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə ümumilikdə 83400 manat məbləğində ziyan vurulmuşdur. Məhkum vurduğu ziyanı geri ödəmədiyi halda ona yüngül cəza təyin edilmişdir. Şəxsin əvvəllər də cinayət əməli törətməsinə baxmayaraq, o islah olunmamış və təkrar cinayət törətmişdir. Bu səbəbdən, ona ağır cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və zərərçəkmiş şəxsin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstə rilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsi ni yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməl yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Zərərçəkmiş şəxsin kassasiya şikayəti Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə daha ağır cəza təyin edilməsi barədə verilmişdir. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, Məhkum təyin edilmiş cəza onun törətdiyi cinayətin ağırlığına, işin hallarına və onun şəxsiyyətinə öz yüngüllüyünə görə uyğun gəlmir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxsl ərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. A zərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İşdən görünür ki, birinci instansiya məhkəməsi müvafiq olaraq hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs Məhkum barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsinin sanksiyası (beş ildən on ilədək müd dətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasını təyin etmişdir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın daha da yuxarı həddində cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Hökm və qərardan görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın növünü müəyyən edərkən məhkumun şəxsiyyətini və işin hallarını kifayət qədər nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza onun törətdiyi cinayətin xa rakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun gəlir, məhkumun islah edilməsi üçün yetərlidir və cəzanın digər məqsədlərinə cavab verir. Odur ki, kassasiya şikayətinin bu barədə dəlili əsassızdır. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətinin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm v ə qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2024-cü il tarixli Məhkum haqqındakı qərarının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİ R: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1567/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1567/2024
11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver