Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1595/2023 31.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-325/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1992-ci il tarixdə Ağdam rayonu Qara Zeynallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Ağdam rayonu, Qara Zeynallı kəndində qeydiyyatda olmaqla, Ağcabədi rayonu, Pərioğullar kəndində yaşamışdır. 2. 10 dekabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 30 dekabr 2021-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdu r.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi faktiki olaraq yaşadığı Ağcabədi rayonu Pərioğullar kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində əkib-becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını qanunsuz olaraq külli miqdar təşkil edən, yəni ümumi sayı 18 ədəd olan çətənə (kannabis) bitkilərini 2021-ci ilin aprel ayında, günü istintaqa məlum olmayan tarixdə əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmiş, həmçinin istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq 4405,0 qram, külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yaşadığı Ağcabədi rayonu Pərioğullar kəndində yerləşən fərdi yaşayış evinə daşıyaraq həyətyanı sahəsində yerləşən əl damı kimi istifadə edilən tikilidə gizlətməklə saxlamış, bundan əlavə 08 ədəd çətənə kolunu istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib həyətdə yığılmış ot kiplərinə söykəyib qurutmaqla 3230,0 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı saxlamış, Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 28 avqust 2021-ci il tarixdə saat 14:00 radələrində Məhkum faktiki olaraq yaşadığı Ağcabədi rayonu, Pərioğullar kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirərkən həyətyanı sahəsində əkib yetişdirdiyi, qanunla yetişdirilməsi qadağan edilmiş və qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərilməklə ye tişdirilmiş ümumi çəkisi 350,0 qram olan 18 (on səkkiz) ədəd, külli miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkiləri, həyətində yerləşən tikilidən bir ədəd polietilen torbanın içərisində olan 05 ədəd polietilen bağlamalarda qablaşdırılmış halda 500,0 qram, 1495,0 qram, 1050,0 qram, 615,0 qram və 745,0 qram olmaqla ümumi təmiz çəkisi 4405,0 qram və həyətdə olan ot kiplərinə söykənilmiş 08 ədəd çətənə kolu üzərində qurudulmuş halda 3230,0 qram, ümumi təmiz çəkisi 7635,0 qram külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-128/2022 nömrəli, 14 yanvar 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM- nin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 6 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 7 il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmənin əvvəlinin 28 avqust 2021-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdaf iəçi1 apellyasiya şikayəti verər hökmün ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi və Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-325/2022 nömrəli, 21 aprel 2022-ci tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-128/2022 nömrəli, 14 yanvar 2022ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum həm ib tidai istintaq, həm də məhkəmə istintaqı zamanı özünü təqsirli bilməmişdir. İbtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayətprosessual qanunvericiliyinin tələbləri pozulmuşdur. O cümlədən, sübutlar düzgün qiymətləndirilməmiş, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi, daşıması və saxlaması, satması sübuta yetirilmədiyi, əksinə sübutlarla inkar edildiyi, əməlində cinayət tərkibi olmadığı və məhkəmə iclasında özünü təqsirli bilmədiyinə baxmayaraq əsassız olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmışdır. Bundan başqa, Məhkum narkotik vasitənin satışı barədə heç bir sübut olmadığı, digər tərəfdən məhkəmə ərəfəsində ikinci uşağının olması, atasının vəfat etməsi, evdə başqa qazanc gətirən şəxsin olmadığı cəza təyin edilərkən nəzərə alınmamışdır. Göstərilənlərə əsaslanmaqla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-325/2022 nömrəli, 21 aprel 2022-ci tarixli qərarının ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi və Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublik ası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Kassasiya şikayətində Məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilmədiyi, Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə isə bar əsində Azərbaycan Respublikası CM-nin 70ci maddəsinin tətbiq edilməli olduğu iddia edilməklə, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirilmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-325/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslar ından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozi siyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirlən dirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
21. İstinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilmədiyinə dair kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
22. Belə ki, Məhkum əsassız olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə cin ayət məsuliyyətinə cəlb edilməsi üzrə məhkumun müdafiəçisinin hazırda irəli sürdüyü dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən artıq yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu və həmin sübutlara əsaslanmaqla müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.
23. Bu nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları bir daha ayrıayrılıqda və məcmu halında qiymətləndirərək müəyyən etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməsinin təsdiqi özünün ibtidai araşdırma zamanı və məhkəmə istintaqı zamanı verdiyi qismən eti rafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, baxış keçirilməsi və sair istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
24. Sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz qərarını həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası toplanmış sübutların hazırki qərarda yenidən təsvir və şərh edilməsini zəruri saymır.
25. Məhkum müdafiəçisi tərəfindən verilmiş şikayəti araşdırarkən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər han sı bir pozuntu aşkar etməmiş, məhkumun hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasından, eləcə də Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi cinayətin tərkibinin olması, bu cinayətin törədilməsində onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında düzgün nəticəyə gəlmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə müdafiə tərəfinin apellyasiya şikayətində irəli sürdüyü dəlillərinin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırılması və Azərba ycan Respublikası CPMnin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin qənaətini şübhə altına almaq üçün əsas görmür.
27. Məhkəmə kollegiyası məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi barədə kassasiya şikayətinin dəlillərini də əsassız hesab edərək, aşağıdakıları qeyd edir.
28. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, x arakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
29. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayə t-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
30. Şərti məh kum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
31. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarı).
32. Qeyd olunan cinayət-hüquqi normalara və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla kassasiya şikayətinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisə edilməklə yoxlanıldıqda, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə onun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti h esab edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
33. Belə ki, Məhkum təqsirli bilindiyi cinayət əməlləri, həmin Məcəllənin 15.3-cü maddəsində ağır cinayətlər kateqoriyasına aid edilmişdir.
34. Məhkumun müdafiəçisi kassasiya şikayətində Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi üzrə cəzanın şərti olaraq tətbiq edilməsini xahiş etmişdir.
35. Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
36. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum təyin edilən cəza - 3 il müddətə azadlıqdan məhrum etmə cəzası onun təqsirli bilindiyi Azərbaycan Respubli kası CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin ən aşağı həddindədir və maddi cinayət-hüquqi normaların tələblərinə uyğundur. Mahiyyət etibarı ilə apellyasiya şikayəti ilə üst-üstə düşən kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarını Məhkum cəzasının yüngülləşdirilməsinə (Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinin mümkünlüyü məsələsi daxil olmaqla) əsas verən hallar kimi qiymətləndirmək üçün əsas müəyyən edilmir.
37. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-ni n 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.
38. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
39. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara y ol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
40. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-325/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(106)-325/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qə rarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.