Məhkəmə qərarları › İş №1(102)-1598/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1598/2023

05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1598/2023 05.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx.xx.1989-cu ildə Ağdaş şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Ağdaş şəhəri H.Əliyev prospekti 164-də qeydiyyatda olmaqla yaşamış, hazırda həbsdə saxlanılan Mə hkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2023-ci il tarixli, 1(107)-107/2023 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 1 (091)-19/2023 saylı hökmü ilə (hakimlər: R.E.Əliyev (sədrlik edən), N.N.Mirzəyev və B.M.Məmmədov) Məhkum–Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun 01 fevral 2022-ci il tarixdən 03 fevral 2022- ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla çıxılmış və sonuncunun üzərində 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin 16 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2023-ci il tarixli qərarı ilə (hakimlər: A.M.Eyvazov (sədrlik edən), X.H.Səmədov və İ.H.Şükürov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə də yişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi tərəfindən kassasiya şikayəti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2.747 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, üzərində saxlayaraq, daşımış və həmin psixotrop maddə xx.xx.2022-ci il tarixdə saat 17:36-dan 17:49-dək şəxsi axtarış zamanı ünvan 1 ünvanda yerləşən Ağdaş rayon Polis Şöbəsinin inzibati binasında Məhkum üzərindən aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Mə hkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə Məhkum irəli sürülmüş ittiham sübuta yetirilmədiyi, əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Müdafiəçi kassasiya şikayətində həmçinin göstərmişdir ki, Məhkum tutulan vaxt üzərində heç bir narkotik vasitə olmamış, istintaq zamanı polisi əməkdaşlarının onu aldatmaları nəticəsində sonuncunun təqsirliliyi ilə bağlı qismən etirafedici ifadə alınmış, eyni zamanda tərtib olunmuş protokollarla aparılmış video çəkiliş arasında uyğunsuzluq olmuşdur. Verilən ittiham nə ibtidai istintaq, nə də ki, məhkəmə istinta qında sübuta yetirilməmiş, bu isə məhkəmələr tərəfindən işə baxılarkən CPM-nin 146-cı maddəsinin tələblərinə riayət olunmadığına dəlalət edir. Kassasiya şikayətinin müəllifləri şikayətdə göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2023-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1 -ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dai r cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum cinayət təqibini istisna edən halların olmasına (əməlində cinayət tərkibinin əlamətləri olmadığı, təqsirliliyinin müəyyən edilməməsinə) baxmayaraq əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımın dan səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələ bləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin ( o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Müdafiəçi1 kassasiya şikayətindən görünür ki, o, Məhkum üzərində heç bir psixotrop maddə olmadığını, polis əməkdaşlarının onu aldatmaları nəticəsində Məhkum qismən etirafedici ifadə alındığını, istintaq orqanı tərəfindən tərtib olunmuş protokollarla aparılmış video çəkiliş arasında uyğunsuzluq olduğunu, hüquqlarını müdafiə etdiyi şəxsin əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə Məhkum təqsirliliyinin müəyyən edilməməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qə rarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaları n mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası məhkum müdafiəçisinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (o cümlədən, cinayət təqibini istisna edən halların olmasına baxmayaraq barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun müdafiəçisinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər Məhkum müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qa rşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli b ilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində iddia olunanların əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli olması barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin hökmündə təqsirləndirilənin və şahidlərin ifadələrini (bilavasitə Məhkum narkotik vasitələrin almaları barədə), məhkəmə ekspertizalarının rəylərini, mobil telefon əlaqələrinə dair məlumatları (Məhkum narkotik vasitələrin satışının həyata keçirməsi ilə bağlı SMS-lər), istintaq hərəkətlərinin protokolları (o cümlədən şəxsi axtarış və götürmə aparılması haqqında 01 fevral 2022-ci il tarixli protokol), digər sənədlər ətraflı təsvir edili b, həm hökmdə, həm də apellyasiya məhkəməsinin yekun qərarında müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli və cəzalandırılmalı olması haqqında yeku n qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, Məhkum şəxsiyyətini səciyyələndirən hallardan, o cümlədən baxılan işdə cəzanı ağırlaşdıran halın olmamasından, onun yaşayış yeri üzrə müsbət səciyyələndirilməsinin cəzanı yüngülləşdirən hal qismində müəyyən edilməsindən, cəz anın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası mə hkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun hökmünün ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun müdafiəçisi Müdafiəçi1, təmin edilməməsinə dair dövlət ittihamçısı İmranov Hafiz Beykəs oğlunun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2023-ci il tarixli, 1(107)-107/2023 n ömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 15 mart 2023-ci il tarixli, 1(107)-107/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar