Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-160/2024 07.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2159/2022 nömrəli, 27 d ekabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, taksi sürücüsü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 28 aprel 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 24 may 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 2021-ci ilin oktyabr ayında İran İslam Respublikası və Kanadada olan şəxsiyyətləri istintaqla müəyyən edilməyən şəxslərlə tamah və satış məqsədi ilə qəsdən qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq və təkrarən qaçaqmalçılıq yolu ilə keçirmək barədə razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikasında olan üzvü vasitəsilə İran İ slam Respublikasında istintaqa məlum olmayan tarixdə və mənbədən tamah və satış məqsədi ilə qəsdən qanunsuz olaraq külli miqdarda 2828 qram çəkidə narkotik vasitəsi tiryəkin əldə edilməsinə, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilərək “otbiçən” maşın yükünün mühərrikinin metal qapağının və metal korpusunun altında, habelə mühərrikin içində olan boşluqda yerləşdirilib saxlanılmasına, cinayətlərin törədilməsindən xəbəri olmayan Şahid11 məxsus “karqo daşıma” xidməti vasitəsilə 3 oktyabr 2021-ci il tarixdə cinayətlərin törədilməsindən xəbəri olmayan Şahid13 idarə etdiyi yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşınmasına, həmin tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonu nun inzibati ərazisində yerləşən Astara gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə, 4 oktyabr 2021-ci il tarixdə təyinat gömrük orqanı olan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Bakı şəhəri, Qaradağ rayonunun inzibati ərazisində yerləşən “ipək yolu” gömrük postunda “otbiçən” maşın kimi bəyan edilməklə gömrük orqanından buraxılmasına, bundan sonra 2021-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzindəki anbarlardan birinə, oradan cinayətlərin törədilməsindən xəbəri olmayan anbardar X7 Esmaeıl tərəfindən həmin ticarət mərkəzində 2-ci zona beton yolu, 12-ci sıra, mağaza nömrə 195 ünvanında yerləşən anbarına daşınıb orad a saxlanılmasına, 13 oktyabr 2021-ci il tarixdə isə sonuncu tərəfindən qeyd edilən anbardan ticarət mərkəzinin yaxınlığında olan məscidin qarşısına daşınmasına nail olub həmin tarixdə göstərilən məscidin qarşısında X4 içərisinə külli miqdarda 2828 qram çəkidə narkotik vasitə tiryək gizlədilmiş “otbiçən” maşını götürməklə həmin narkotik vasitəni bilavasitə əldə edib idarə etdiyi “Azsamand” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yerləşdirməklə saxlamış, daha sonra qəsdən təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib cinayətkar qrupun Kanadada olan şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvünə poçt vasitəsi ilə Kanada, ***-**** Willingdon Ave, Burnaby ВС ün vanına - Usef Quasifin adına göndərmək məqsədi ilə 14 oktyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC poçt daşıma şirkətinə aparmaqla daşımış və şirkətin cinayətlərin törədilməsindən xəbəri olmayan səlahiyyətli şəxslərinə təhvil verməklə onların vasitəsi ilə həmin gün saat 17 radələrində Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində yerləşən X3 Aeroportunda fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Bakı Karqo Terminalı Hava Limanı” gömrük postunda ümumi cinayətkar niyyətə uyğun olaraq təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin tarixdə keçirilmiş gömrük yoxlaması zamanı qeyd edilən külli miqdarda 2828 q ram çəkidə narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən tamah və satış məqsədi ilə qəsdən qanunsuz olaraq 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 3,506 və 0,840 qram olmaqla ümumilikdə külli miqdarda 4,346 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib istifadəsində olan “AZSAMAND“ markalı 9-AK-847 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin salonunun tavanının ön hissəsində olan işıq lampasının üst hissəsində gizlədərək saxlamış və daşımış, 15 oktyabr 2021-ci il tarixdə, saat 1 radələrində Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində yerləşən X3 Aeroportunda fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati ərazisində həmin nəqliyyat v asitəsinə baxış keçirilərkən qeyd edilən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1097/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 206.3.1 və 206.3.2-ci maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 oktyabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib məhkəmədə işinin tam araşdırılmadığını, etmədiyi cinayət əməlinə görə ittiham olunduğunu, taksi sürücüsü kimi aldadılaraq cinayətin qurbanı olduğunu, özünü narkotik istifadəçisi kimi təqsirli bildiyini, cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə hökmün ləğv edilməsi və barəsində daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1( 103)-2159/2022 nömrəli, 27 dekabr 2022-ci il tarixli qərarı ilə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1097/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli hökmünün Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə məhkum edilməsi hissəsində ləğv edilməsi, həmin maddə ilə dövlət ittihamçısı cinayət təqibindən imtina etdiyi üçün Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 43.1.1-ci maddəsinə əsasən həmin hissədə cinayət işi üzrə icraata xitam verilməsi, Azərbaycan Respublikası CM-nin 206.3.1-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 10 (on) i l müddətə azadlıqdan məhrum etmə cəzasının 09 (doqquz) ilə endirilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla üzərində qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanması, hökmün apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eynidir, məhkum onları təkrarlamaqla, məhkəmələr tərəfindən törətdiyi cinayət əməlinin səhv tövsif edildiyini, həmçinin cəzasını yüngülləşdirən halları nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının 1(103)-2159/2022 nömrəli, 27 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, əməlini Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə tövsif etməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin sə lahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum kassasiya şikayətində törətdiyi cinayət əməlinin səhv tövsif edildiyini və ona təyin edilmiş cəzanın ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyə tlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2159/2022 nömrəli, 27 dekabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrə nilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
21. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqe yini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
22. Belə ki, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutlar hazırda mübahisələndirilən qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha araşdırılmış, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinin təsdiqi təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəy ləri, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
23. Həmçinin, apellyasiya instansiyası məhkəməsi Məhkum narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etməsinin və ya onun əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmasının sübut olunmadığı halda, həmin əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməsinin qanuni olmadığı qənaətinə gəlmiş, lakin dövlət ittihamçısı Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş cinayət təqibindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci ma ddəsinə əsasən imtina etdiyindən, apellyasiya instansiyası məhkəməsi həmin hissədə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsaslanmaqla xitam vermişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələlər üzrə gəldiyi nəticə məhkumun apellyasiya şikayətində irəli sürdüyü dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına və Azərbaycan Respublikası CPM-nin 143-146cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
25. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş ş əxs Məhkum cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmələrin bu məsələyə aid mövqeyi ilə də razılaşır və hesab edir ki, onların həmin hissədə qəbul etdiyi qərar müvafiq maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur.
26. Belə ki, məhkəmələr Məhkum cəza təyin edərkən törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, cəzasını yüngülləşdirən hallar kimi himayəsində iki azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, eyni zamanda cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun hökmlə müəyyən edilmiş cəzadan daha az müddətə azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah olunmasın ı mümkün hesab edərək, birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəzasını yüngülləşdirmiş və təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.3.1, 234.4.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza müddəti seçməklə cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.
27. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
28. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
29. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.
30. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdiril məsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
31. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2159/2022 nömrəli, 27 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2159/2022 nömrəli, 27 dekabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.