Məhkəmə qərarları › İş №1(102)-1600/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1600/2024

23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1600/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci və 228.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli, 1(103)-513/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 1(101)-1288/2023 nömrəli hökmü ilə (hakimlər: L.Ş.Əsgərova-Məmmədova (sədrlik edən), R.Ə.Sadıxov və N.A.Kərimov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 5 (beş) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla onun üzərində qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 17 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər: A.V.Tanrıverdiyev (sədrlik edən), H.H.Əhmədov və Q.X.Babayev) verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum 16 oktyabr 2022-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Sovxoz küçəsi 4 saylı binanın qarşısında tanışı Zərərçəkmiş şəxs hadisədən bir neçə gün əvvəl almış olduğu 40 manat borc pulu qaytarmamasına görə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunun onu əli ilə itələməsi səbəbindən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli soyuq silah hesab edilən ov bıçağı ilə Zə rərçəkmiş şəxs döş qəfəsinin sol yan nahiyəsindən bir dəfə vurub ona döş qəfəsinin sol yan səthinin İX qabırğanı sındıraraq plevra boşluğuna, oradan isə periton boşluğuna nüfuz edən deşilmişkəsilmiş yarası və mədənin zədələnməsi ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən zərərçəkmiş şəxslə barışması, himayəsində bir azyaşlı uşağının olması, Vətən müharibəsi iştirakçısı olmaqla ailədə yeganə qazanc gətirən şəxs olması kimi hallar cəza təyini zamanı nəzərə alınmamış nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini, ona daha yüngül cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanunu nun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən ona cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etmək lə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə ona daha ədalətli və yüngül cəzanın təyin edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstə rilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.1.1-ci maddəsinə görə cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 65.2-ci-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəth üquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Məhkum ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanın ədalətsiz olması haqqında iddia və bu cəzanın yüngülləşdirilməsi barədə tələb Məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürü lmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci və 228.4-cü maddələri ilə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi cəzanı yüngülləşdirən halları – Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, CM-in 59.2-ci maddəsinə əsasən əməlindən peşmançılıq hissi keçirməklə etir afedici ifadələr verməsini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqsirləndirilənin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, baxılan işdə cəzanın CM-in 65.2-ci maddəsinin qaydaları əsasında (Məhkum təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin üçdə ikisindən az olmamaq şərtilə) təyin edilməsini tələb edən cəzanı ağırlaşdıran halın – cinayətlərin təhlükəli residivinin olması, cəzanın Məhkum ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin (CM, maddə 8) tələblərinə ca vab verən cəza təyin etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətində iddia olunan, lakin məhkəmələr tərəfindən yüngülləşdirici hallar kimi nəzərə alınmayan məhkumun az yaşlı uşağının və müharibə iştirakçısı olması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, müdafiə tərəfi Məhkum həqiqətən də, Vətən Müharibəsi iştirakçısı olması ilə bağlı nə birinci, nə də apellyasiya məhkəməsinə həmin halı təsdiq edən heç bir mötəbər sübut təqdim etməmiş, əksinə məhkumun müdafiəçisi vermiş olduğu apellyasiya şikayətində göstərilən hala istinad etməyərək sonuncuya residiv nəzərə alınmadan yüngül cəza təyin edilməsi xahiş etmişdir. Məhkum himayəsində azyaşlı uşaqlarının olması isə sonuncunun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməsinə əsas versə də (yəni məhkəmə kollegiyası tərəfindən qeyd olunan hal nəzərə alınır), cinayət qanunvericiliyinin tələbləri baxımından cəza təyini zamanı əsas götürülən digər halların məcmusu, o cümlədən sonuncu tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzasını ağırlaşdıran hal kimi cinayətin təhlükəli residivinin olması (faktiki olaraq ona təqsirli bilindiyi hər bir cinayət əməlinə görə təhlükəli residivə görə təyin edilməsi tələb olunan minimum həddə cəza təyin edilmişdir) nəzərə alındıqda, aşağı instansiya məhkəmələri tərəfindən təyin edilmiş cəzanın növü və hədi (qeyd olunan yüngülləşdirici hal kollegiya tərəfindən nəzərə alındığı şəraitdə belə) məhkumun şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmuşdur. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkz ib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş və yaxud kassasiya şikayətində istinad olunan digər halları Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsini tələb edən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Qeyd olunanlar Məhkum kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş pozuntuların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Belə liklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X2 çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli, 1(103)-513/2024 nömrəli qərarı tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli, 1(103)-513/2024 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar