Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1614/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum müdafiəçisi Abışov Sadıq Hüseyn oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-44/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Abışo v Sadıq Hüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx xxxx-ci il tarixdə Qazax rayonu, Kalininkənd qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, məhkumluğu olmayan, X qeydiyyatda olmaqla yaşamışdır. 2. 18 mart 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə orqanoleptik ələmətlərinə və tərkiblərinə görə eynilik təşkil edən 21,65 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib 09 ədə d bükümlərdə, təmiz çəkiləri 0,21 qram, 0,17 qram, 0,26 qram, 0,27 qram, 0,27 qram, 0,31 qram, 0,23 qram, 0,24 qram, 0,26 qram olmaqla ümumi təmiz çəkisi 2,22 qramını əynində olan kurtkasının və şalvarının sağ yan ciblərində, 19,43 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə yaşadığı Ağstafa rayonunun Vurğun qəsəbəsində yerləşən evinin həyətində saxlamış, 18 yanvar 2023-cü il tarixdə, saat 13 radələrində Ağstafa rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri, Qarabağ küçəsində yerləşən «Sezar» şadlıq sarayının yaxınlığında saxlanılaraq Ağstafa rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada həmin gün saat 14:03-dən 14:23-dək müddətdə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkcəsinin və şalvarının sağ yan ciblərindən 9 bükümdə olmaqla ümumi 2,22 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, daha sonra isə həmin gün saat 15:17-dən 15:36-dək müddətdə yaşadığı Ağstafa rayonu Vurğun qəsəbəsində yerləşən evinə keçirilən baxış zamanı evin arxa tərəfində olan çardağın sol tərəfində olan hasarın yanından polietilen torbanın içərisindən 19,43 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. 3. 11 aprel 2023-cü il tarixdə Ağstafa Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Ağstafa Rayon Məhkəməsinin 1(015)-9/2024 nömrəli, 18 iyul 2024-cü il tarixli hökmü ilə Məhkum törətdiyi cinayət əməlinin Azərbaycan Respublik ası CM-nin 234.2ci maddəsindən eyni Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, onun həmin maddə ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 01 (bir) il 06 (altı) ay müddəti nəzərə almaqla cəzasını çəkmiş hesab edilməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
5. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cinayət qanununun müddəalarına uyğun təklif etdiyi həddə cəza təyin edilməklə yeni ittiham hökmü ç ıxarılmasını xahiş etmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-44/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, Ağstafa Rayon Məhkəməsinin 1(015)-9/2024 nömrəli, 18 iyul 2024-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə ləğv edilərək, iş üzrə yeni hökmün çıxarılması, Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı 01 (bir) il 06 (altı) ay müddətin cəza müddətinə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azad lıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 26 fevral 2025-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
7. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Abışov Sadıq Hüseyn oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
8. Kassasiya şikayətində qeyd edilmişdir ki, ibtidai istintaq dövründə Məhkum təqsirləndirilməsinə dair ittihamın əsasını yolverilməz sübutlar təşkil etmiş, həqiqətin müəyyən edilməsi üçün lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılması təmin olunmamışdır. Məhkum təqsirsizliyi, ona istinad edilən cinayət əməlinin qurama olması və onunla bağlı ilkin araşdırma zamanı ittiham tərəfinin istinad etdiyi toplanmış sübutların mövcud qanunverciliyin tələblərinin kobud şəkildə pozulması yolu ilə əldə edilməsi nəzərə alınmadan, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi əsaslandırılma aparılmadan ehtimal və mülahizələrə əsasən şəxsin barəsində qanunsuz olaraq hökm çıxarılmışdır. İş materiallarından görünür ki, istintaq orqanı satış mövqeyini möhkəmləndirmək üçün 2 nəfər “alıcı” şahid tapmışdır. Həmin şahidlər də birinci instansiya məhkəməsində istintaqın yalanını ifşa etmişlər. Məhkum narkotik maddə qəbul etməsini və özü üçün tədarük görməsinə etiraz etmir. O, Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Müharibədə döyüşlərdə dəfələrlə yaralanıb, bədənində 6 qəlpə daşıyır və çoxlu ağrıları var. Narkotik maddəni də məhz bu səbəbdən qəbul edir. Göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-44/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli hökmünün ləğv edilməsi, məhkum barəsində Ağstafa Rayon Məhkəməsinin 1(015)-9/2024 nömrəli, 18 iyul 2024-cü il tarixli hökmünün dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəy ə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Müdafiəçi kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmünün qüvvəsində saxlanılmasını xahiş etməklə, faktiki olaraq məhkumun törətdiyi cinayət əməlinin səhv tövsif edildiyi iddia edib, kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarın ın kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
15. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-44/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli hökmünü yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
16. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilm əsi cinayət məsuliyyəti yaradır.
17. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
18. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün töv sif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi h aqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
20. Şərh edilən maddi və prosessual cinayət-hüququ normaların tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin tövsifinin mübahisələndirilməsi üzrə müdafiəçisinin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
21. Belə ki, dövlət ittihamçısının birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya protestinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən hökmündə ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübut ları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib, ziddiyyətli halları yenidən araşdırıb haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri məhkəməyədək icraat dövründə müdafiəçisinin iştirakı ilə verdiyi tam, məhkəmə qarşısında isə qismən etirafedici ifadəsi ilə yanaşı, eləcə də şahidlərin məhkəməyədək və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, video görüntü ilə qeydə alınmaqla keçirilmiş şəxsi axtarış və baxış keçirilməsi haqqında protokol, digər istintaq və məhkəmə hərəkətləri protokolları, ekspertiza rəyləri, maddi sübut və cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
22. Həmin sübutları ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, Məhkum şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində narkotik vasitə olan qurudulmuş marixuananın bir bükümünü 10 manata satmasının bildirməsi, şahidlər Şahid6 və Şahid5 ibtidai istintaq dövründə verdikləri ifadələrində Məhkum narkotik vasitə olan marixuananın alınması üçün zəng etdiklərini göstərmələri, cinayət təqibinin bütün dövrlərində Məhkum saxlanılarkən üzərindən aşkar edilərək götürülmüş 09 ədəd bükümlərdə, təmiz çəkiləri 0,21 qram, 0,17 qram, 0,26 qram, 0,27 qram, 0,27 qram, 0,31 qram, 0,23 qram, 0,24 qram, 0,26 qram olmaqla ümumi çəkisi 2,22 qram olan qurudulmuş marixuananı saxlanıldıqdan 3 gün əvvəl əldə edib gəzdirməsi barədə verdiyi ifadələri, eləcə də bükümlərdə olan narkotik vasitənin daha sonra evindən aşkar olunmuş 19,43 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana ilə orqanoleptik ələmətlərinə və tərkiblərinə görə eynilik təşkil etməsi kimi faktlar, məhkumun həmin narkotik vasitələri məhz satış məqsədi ilə saxlamasına dəlalət edir.
23. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsinin formalaşmasına yönəlmiş göstərişləri ilə də uzlaşır. Belə ki, qəbul etdiyi müvafiq qərarında Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, təqsirkarın narkotik vasitələri (p sixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”, № 8, § 9, 14 iyun 2024-cü il).
24. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslığını yoxlayan apellyasiya instansiyası məhkəməsi, işin həqiqi hallarına uyğun olmadığı əsası ilə hökmdə gəlinən əməlin tövsifinə dair hüquqi mövqe ilə razılaşmamış, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ibtidai istintaq orqanı tərəfindən ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya protestində irəli sürülmüş dəlillərin, onl arla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.
26. Belə nəticəyə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçü n bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
27. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
28. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-44/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli hökmü dəyişdirilmədən sa xlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Abışov Sadıq Hüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-44/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.