Məhkəmə qərarları › İş №1(102)-1622/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1622/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1622/2023 19.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 1(103)-527/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 1(101)-540/2021 nömrəli hökmü ilə (hakimlər: E.H.İsmayılov (sədrlik edən), C.İ.Hüseynov və S.İ.Əliyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 14 avqust 2020-ci ildən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: İ.M.Murquzov (sədrlik edən), Q.X.Babayev və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü əməlin tövsifi və cəza hissəsində dəyişdirilmiş, təqsirləndirilən şəxs Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının dəyişdirilmədən saxlanılması, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif olunmaqla həmin maddə ilə təqsirli bilinməsi və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, ona təyin olunmuş cəzalar qismən toplanılmaqla, üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması qərara alınmışdır. Məhkəmənin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2023-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə, Məhkum özgənin əmlakını gizli olaraq vahid niyyətlə talamaq məqsədilə 30 iyul 2020-ci il tarixdə gecə saat 03 radələrində ünvan 2 ünvanında olan Zərərçəkmiş şəxs məxsus mebel emalatxanasına həyət darvazasından keçib açıq qapıdan emalatxanaya qanunsuz daxil olaraq, 200 manat dəyərində künckəsici aparatı, 200 manat dəyərində batareya ilə olan qazma (drel) aparatı, 65 manat dəyərində qazma (drel) aparatı, 200 manat və 350 manat dəyərində iki ədəd perforator aparatı, 10 avqust 2020-ci ildə eyni üsulla həmin ünvandan əvvəldən planlaşdırdığı kimi vahid niyyət ilə 150 manat dəyərində künc kəsici aparatı, 45 manat dəyərində qazma (drel) aparatı, 48 manat dəyərində 02 qab dolğu və 2 ədəd dolğu suyu (tiner), 1100 manat dəyərində qoşa mismar vuran tapança aparatı, 350 manat dəyərində divan tikmək üçün tapança aparatı, 170 manat dəyərində mebel cilalayan aparatı, 60 manat dəyərində laqonda aparatını gizli talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 2.938 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum satış məqsədi ilə qanunsuz olaraq naməlum şəxsdən Bakı şəhəri Nəsimi rayonu “Sovetski” adlanan yerdə 50 manat verməklə, bir ədəd siqaretin şəffaf selofanına bükülmüş ümumi təmiz çəkisi 2,268 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etmiş, üzərində saxlamış və daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı 14 avqust 2020-ci ildə saat 18:45 radələrində, ünvan 3 ünvanında olan fərdi yaşayış evinin qarşısında saxlanılaraq həmin 32-ci polis bölməsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli siqaretin şəffaf rəngli selofana bükülmüş vəziyyətdə ümumi təmiz çəkisi 2,268 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsi Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etməsinin, saxlamasının, habelə daşımasının sübut olunmaması haqqında nəticəyə gəlib onun əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayətini törətməsi təsdiq olunduğu halda apelyasiya instansiyası məhkəməsi cinayət-prosessual qanunun 143-146-cı maddələrinin ziddinə olaraq sübutları tədqiq edib-qiymətləndirməklə iş in faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, əsassız olaraq Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişmişdir. Dövlət ittihamçısı apellyasiya məhkəməsinin Məhkum əməlinin hüquqi tövsifində səhv nəticəyə gəlinməsini göstərən hallar kimi xüsusilə ona istinad etmişdir ki, Məhkum qanunsuz olaraq əldə edib saxladığı narkotik maddənin miqdarı şəxsi istehlak miqdarından 15 dəfə çox olmuşdur, bu da həmin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsinin birbaşa təsdiqidir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla B akı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 1(103)-527/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəy işdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2023cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə də təqsirli bilinərək məhkum edilsə də, kassasiya protesti üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı yalnız məhkum edilmiş şəxsin əməlinin apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi hissəsində mübahisələndirilmişdir. Kassasiya protestinin dəlillərinə nəzərə yetirildiyi zaman müəyyən edilir ki, dövlət ittihamçısı Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşınması haqqında qənaətini məhkum edilmiş şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə – heroinin miqdarının 2,268 qram təşkil etməklə şəxsi istehla k miqdarından 15 dəfə çox olması ilə əsaslandırmışdır. O, həm də mövqeyini “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli 2 nömrəli qərarına istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, Plenumun həmin qərarına görə də narkotik vasitəni satmaq niyyətinin olub-olmamasının müəyyən edilməsi zamanı narkotikin miqdarı, çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması da nəzərə alınmalıdır. Ali Məhkəmənin Plenum qərarının kassasiya protestində istinad olunan müddəasında (9-cu bəndində) məhkəmələrə izah olunur ki, “Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.” Narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikası A li Məhkəməsi Plenumunun qərarından gətirilmiş həmin iqtibas belə dövlət ittihamçısının irəli sürdüyü dəlillərin onun mövqeyi ilə razılaşmaq üçün kifayət etmədiyini göstərir. Çünki, Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının və bükümlərə ayrılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyə olunur. “Başqa sübutlar” dedikdə, iş üçün əhəmiyyətli olan halların, o cümlədən cinayət törətmiş şəxsin özünün narkotiklərdən və psixotrop maddələrdən istifadə edib-etməməsinin araşdırılması üzrə sübutlar başa düşülür. Plenum qərarının tövsiyələri ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, məhkəmə-narkoloji ekspertizasının 15 oktyabr 2020-ci il tarixli 2851 nömrəli rəyindən görünür ki, Məhkum tiryək alko loidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstələyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Eyni zamanda Məhkum aşkar edilmiş heroinin külli miqdarda (bir bükümdə) olduğu müəyyən edilsə də, sonuncunun digər istehlakçılarla razılıq əldə etməsi, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqlarının olması, onda narkotik vasitələrin hazırlanması və ölçməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Belə vəziyyətdə apellyasiya instansiya məhkəməsi haqlı olaraq Məhkum narkotik vasitəni məhz satmaq məqsədilə əldə edib saxladığını, daşıdığını söyləmək üçün kifayət qədər faktiki əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Bakı Apelly asiya Məhkəməsinin həmin halların mövcud olmaması və təqsirkarın hərəkətlərində məhz CM-in 234.1-ci maddəsinin tərkibinin olması haqqında yekun qənaəti qərarda ətraflı təsvir olunmuş sübutlarla uzlaşır. Belə ki, Məhkum ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrindən narkotik vasitəni satmaq kimi məqsədinin olmadığını, şəxsi istifadəsi üçün əldə etdiyini göstərmişdir. Cinayət işi materiallarında olan sübutlar əsasında Məhkum narkotik vasitənin satış məqsədilə, əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsini təsdiq edən nəinki kifayət edən, ümumiyyətlə heç bir mötəbər sübut mövcud deyildir. İş üzrə dindirilmiş şahidlərdən də (polis əməkdaşlarından) heç biri narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanıl ması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı məlumat verməmişlər. Onlar müstəsna olaraq yuxarıda qeyd olunan narkotik vasitənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Digər tərəfdən aşkar edilmiş heroinin ümumi təmiz çəkisinin 2,268 qr qram, yəni külli miqdarının aşağı həddindən yalnız 0,268 qram çox olması, onun özünün narkotik vasitə istifadəçisi olmaqla, narkomaniya xəstəliyindən əziyyət çəkməsi, özü-özlüyündə apellyasiya instansiyası məhkəməsinin Məhkum üzərindən aşkar edilmiş narkotik vasitənin şəxsi istifadəsi məqsədi ilə əldə etməsi, saxlaması və daşıması ilə bağlı qənaətlərinin iş materiallarında olan mövcud sübutlarla uzlaşmasına dəlalət edir. Təsvir olunanlardan, ümumiyyətlə cinayət işinin materiallarından belə görünür ki, apelyasiya instansi ya məhkəməsi qərarında Məhkum cinayət əməlini kassasiya protestində irəli sürülmüş iddianın əksinə olaraq, tam, hərtərəfli və obyektiv olaraq araşdırılmış, CPM-in 144-146-cı maddələrinə uyğun olaraq yoxlanılıb qiymətləndirilmiş sübutların məcmusuna əsaslanmışdır. Odur ki, kollegiya apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilməməsinə dair dövlət ittihamçısının iddiası ilə razılaşmır, bu səbəbdən də müəyyən edilmiş işin hallarını (Məhkum satış məqsədi olmadan narkotik vasitəni əldə edib saxlaması, daşıması haqqında nəticəni) şübhə altına almaq üçün əsas görmür. Belə olan halda, dövlət ittihamçısının kassasiya protestində Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmaması haqqında mülahizəsi də əsaslı sayıla bilməz. Çünki, apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş yuxarıda qeyd olunan əməlləri (satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edilməsini, saxlanmasını və daşınmasını) cinayət olaraq məhz CM-in 234.1-ci maddəsi nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, dövlət ittihamçısının kassasiya protestində istinad etmiş olduğu digər dəlillər də, apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş qanuni və əsaslı qərarın ləğv edilməsini şərtləndirən əsaslı arqument kimi qəbul edilə bilməz. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protesti ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin mübahisələnd irilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 15 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 1(103)-527/2023 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar