Məhkəmə qərarları › İş №1(102)-1637/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1637/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1637/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Nazim İmanovun, Zərərçəkmiş şəxs və Məhkum iştirakları ilə, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2023-cü il tarixli qərarından Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi2 tər əfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin (hakim Zamin İbrahimov) 07 mart 2023-cü il tarixli, 1(018)-29/2023 nömrəli hökmü ilə xx xxxxx 1990-cı il tarixdə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara şəhəri Əhəd Muxtar küçəsi ev 156da qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 07 mart 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o, 25 iyun 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı Astara şəhəri Əhəd Muxtar küçəsi ev 156-da yerləşən fərdi yaşayış evinin həyətində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən başı ilə zərbə endirərək, ona sol maksilyar sinusun ön, lateral, göz yuvasının aşağı divarında, almacıq sümüyünün qövsündə, almacıq sümüyünün alın çıxıntısında (sol göz yuvasının lateral divarını təşkil edir) yerdəyişmiş və basılmış sınıqlar, sol göz almasına yayılmış qansızma, sol göz qapaqları - gözaltı nahiyədə qançır, sağ dirsək nahiyəsində sıyrıqla müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib, Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlkin Abdullayev (sədrlik edən və məruzəçi), Elçin Xasməmmədov və Kamil Bəşirovdan ibarət tərkibdə) 27 aprel 2023-cü il tarixli, 1(106)-298/2023 nömrəli qərarı ilə Astara Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 1(018)-29/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum və onun müdafiəçisi Müdafiəçi2 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək xahiş etmişlər ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2023cü il tarixli qərarı cəzanın sərtliyinə görə yüngülləşdirilsin və ya cəza növünü dəyişdirilməklə məhkuma azadlığın məhdudlaşdırılması cəzası növündə cəza təyin edilsin. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum ka ssasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiyası məhkəmələri ona daha yüngül cəza təyin edə biləcəkləri halda, həddən artıq ağır cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin etmişlər. Belə ki, məhkumun yaşayış yerindən müsbət xarakterizə olunması, törətdiyi əməldən səmimi peşmançılıq hissləri keçirməsi, ilk dəfə məhkum olunması, himayəsində valideynlərinin və iki azyaşlı uşağının olmasını nəzərə alınmamış, onun şəxsiyyəti və cinayətin xarakteri ilə bağlı məsələlərə formal olaraq yanaşılmış, ədalət və humanizm prinsipləri nəzərə alınmadan ağır cəza təyin edilmişdir. Məhkum həmçinin ailəsində maddi problemlərin yaranmasını, cəzaçəkmə müəssisəsində olduğu müddət ərzində hər hansı qayda pozuntularına yol vermədiyinin də məhkəmə tərəfindən nəzərə alınması nı xahiş etmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkuma yüngül cəza təyin olunmalıdır. Belə ki, o, əvvəllər məhkum olunmamış, hər hansı cinayət məsuliyyətinə cəlb edilməmiş, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirmiş, ibtidai istintaqın gedişinə mane olmamış, verdiyi ifadələrlə istintaqa fəal köməklik etmiş, barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmamışdır. Bundan başqa göründüyü kimi, məhkum böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində təqsirli bilinir. Həmçinin onun himayəsində 2 azyaşlı övladı vardır. Astara Rayon İcra Hakimiyyəti Başçısının Astara şəhər üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan da göründüyü kimi hüquqlarını müdafiə etdiyi şəxs barəsində nümayəndəliyə şikayət xarakterli materiallar daxil olmamış və o, ailədə tək gəlir gətirən şəxsdir. Buna görə də, hazırda onun azadlıqdan məhrumetmə növündə cəza çəkməsi ailəsinin maddi vəziyyəti olduqca ağırlaşmışdır. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən, Şirvan Apellyasiya Məhkəməsi isə qərar çıxararkən yalnız zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsinə istinad etmişdir. Halbuki zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı mülki iddia ilə məhkəməyə müraciət edə bilərdi. Məhkəmə qərarı ilə maneəsiz şəkildə həlli mümkün olan bir hala istinad edərək, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, əməlindən səmimi şəkildə peşman, himayəsində iki azyaşlı övladı olan bir şəxs barəsində alternativ cəza növü olmasına baxmayaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzasının məqsədlərinə ziddir. Bundan başqa işin hallarından da göründüyü kimi tərəflər arasında mübahisənin yaranmasına səbəb şəxsi münasibətlər zəminində olmuşdur. Onlar arasında hazırda da davam etməkdə olan qohumluq münasibətləri mövcuddur. Apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən m əhkumun şəxsiyyətini və ailə vəziyyətlərini səciyyələndirən halları kifayət qədər nəzərə almamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum və onun müdafiəçisinin kassasiya şikayətlərinin dəlili ondan ibarətdir ki, məhkuma təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası öz sərtliyinə görə onun törətdiyi cinayətə və şəxsiyyətinə uyğun gəlmir və ona azadlığın məhdudlaşdırılması növündə cəzası təyin edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsi n şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikas ı CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinin sanksiyasında üç cəza növü, iki ilədək müddətə islah işləri, iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İşdən görünür ki, birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərkən onun himayəsində iki nəfər azyaşlı uşağının olmasını, əməlini etiraf etməsini və peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin Məhkum cəza təyin edərkən Məhkum hadisədən sonrakı hərəkətlərini təhlil edərkən nəzərə almışdır ki, o, törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına az ağır dərəcəli bədən xəsarəti yetirdikdən sonra hazırki vaxtadək zərərçəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə çəkilən xərcin kompensasiyası istiqamətində heç bir təşəbbüs göstərməmiş, sosial ədalətin bərpa edilməsinə cəhd belə etməmişdir. Məhkəmə kollegiyası işin bu hallarını nəzərə alaraq nəticəyə gəlir ki, apell yasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə onun şəxsiyyətinə və işin hallarına uyğun gəlir və onu açıq-aşkar ədalətsiz cəza kimi qiymətləndirmək olmaz. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası işə baxan apellyasiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, cəza təyini zamanı işin halları düzgün nəzərə alınmışdır və cəza növünün dəyişdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Odur ki, kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kass asiya şikayətlərinin dəlilləri əsassız olduğundan və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2023-ci il tarixli qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar