Məhkəmə qərarları › İş №1(102)-1644/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1644/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1644/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkumun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2433/2023 nömrəli, 27 dekabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qər arı qəbul etdi. I. İşin halları

1. Məhkum XX XX XX-ci il tarixdə Kürdəmir rayonu Xırdapay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olmaqla x1 ünvanında yaşamışdır. 2. 25 oktyabr 2023-cü il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 04 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edi lmiş işin faktiki hallarına görə, Məhkum özgənin əmlakını gizli talamaq məqsədi ilə 29 aprel 2023-cü il tarixdə, saat 06 radələrində x2 ünvana gəlib həmin ünvanda yerləşən Zərərçəkmiş şəxsə məxsus olan və saxlanc yeri hesab edilən mebel sexinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq orada saxlanılan Zərərçəkmiş şəxsə məxsus olan bir ədəd 20 manat dəyərində qara rəngli çantanı, bir ədəd 60 manat dəyərində laqondanı, bir ədəd 40 manat dəyərində lobziki, hər biri 100 manat olan cəmi 200 manat dəyərində 2 ədəd dreli, hər biri 8 manat olan cəmi 10 ədəd 80 manat dəyərində latun metaldan olan qapı petlələrini ələ keçirib zərərçəkmiş şəxsə 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-969/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 02 may 2023-cü il tarixdən 04 may 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddətin ona təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 17 noyabr 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmün dən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib, maddi ehtiyacı olduğu üçün oğurluq etdiyini qeyd edərək birinci instansiya məhkəməsi tərəfindən zərərçəkmiş şəxslə barışmasının, dəymiş ziyanın ödənilməsinin və işin digər hallarının nəzərə alınmadığını vurğulayıb barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddində cəza təyin edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2433/2023 nömrəli, 27 dekabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-969/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilmiş qərarından hazırda Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyi və sonuncu ilə notarial qaydada təsdiqlənmiş barışığın əldə edildiyi nəzərə alınmaqla, təyin edilmiş cəza müddətinin 6 ay azaldılması və 2 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə qərarın qəbul edilməsi xahiş edilir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfi ndən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum verdiyi kassasiya şikayətində ona təyin edilən cəzanın ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2433/2023 nömrəli, 27 dekabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəc əsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

21. İnsan Hüquqla rı üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

22. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O c ümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

23. Məhkəmə kollegiyası Məhkumun ona təyin edilmiş cəzanın yüngülləşdirilməklə təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəmə sinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.

24. Belə ki, Məhkumun Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməli həmin Məcəllənin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmiş, maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

25. Azərbaycan Respublikası CM-nin 65.1 və 65.2-ci maddələrinin ümumi məzmununa görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hall ar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz.

26. Məhkum kassasiya şikayətində zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini və sonuncu ilə notarial qaydada təsdiqlənmiş barışığın əldə etməsinə baxmayaraq, məhkəmələr tərəfindən həmin yüngülləşdirici halın cəza təyin edilərkən nəzərə alınmadığını iddia etsə də, cinayət işinin materiallarında onun iddiasını təsdiq edən hər hansı sübut mövcud deyildir.

27. Eyni zamanda iş materiallarından görünür ki, məhkəmələr Məhkuma cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələnd irən halları, cəzasını yüngülləşdirən hal olaraq törətdiyi əməli etiraf edərək peşman olmasını, eləcə də cəzasını ağırlaşdıran hal olaraq əməlində cinayətin residivinin olmasını nəzərə alıb Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələblərini rəhbər tutmaqla ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının son həddinin yarısı həddində, yəni 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişlər. Bununla da cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir.

28. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

29. Yuxarıda göstərilənlərə ə lavə olaraq məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normaların tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

30. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

31. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, məhkum Məhkumnun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2433/2023 nömrəli, 27 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2433/2023 nömrəli, 27 dekabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar