Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1647/2025 26.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət məhkəmə tərkibində, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkumun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli 1(101)-1100/2024 nömrəli (hakimlər: Hüseynov Cavid İbadulla oğlu (sədrliyi), İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx 1977-ci il tarixdə Gürcüstan Respublikası, x rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180. 1-ci maddəsi ilə təqsirli bilinib, CM-in 67.1-ci maddəsinə əsasən 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.5-ci maddəsinə əsasən Məhkum Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli hökmü üzrə qəti olaraq təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının hazırkı hökmlə təyin olunan 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılması və ona qəti olaraq 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli hökmü üzrə Məhkum tərəfindən çəkilən cəzanın qəti cəza müddətinə hesablanması, onun cəzaçəkmə müddətinin əvvəlinin 19 iyul 2023-cü il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Allahverdiyev Elbəy Hidayət oğlu (sədrliyi və məruzəsi ilə), Məmmədov Məmməd Allahverdi oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) 5 aprel 2024-cü il tarixli 1(103)821/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkə məsinin 16 fevral 2024-cü il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, silah qismində istifadə olunan əşyanı tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq hədəsi ilə bağlı olan basqın edib quldurluq etmişdir. Belə ki, Məhkum 11 iyul 2023-cü il tarixdə, saat 15 radələrində tamah niyyəti ilə özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə ünvan 1-də yerləşən «Ucuzluq» kişi-qadın və uşaq geyimləri mağazasına müştəri qismində daxil olub, mağaza da masanın üzərində olan pul kisəsini görüb onu açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə götürərək bunu görmüş mağazanı işlədən Zərərçəkmiş şəxs qışqırıb səsini çıxarmayıb susması üçün özündə olan müəyyən edilməmiş bıçağı silah qismində istifadə edib tətbiq etməklə hədələyib sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq hədəsi ilə bağlı olan basqın edərək Zərərçəkmiş şəxs masanın üzərinə qoyduğu özünə məxsus 3 manat dəyərində üzərində «MCSOHİNO» yazısı olan pul kisəsini içərisində olan 1 ədəd 8 qram çəkidə, 500 manat dəyərində 583 əyarlı qızıl üzüyü, ümumilikdə 10 qram çəkidə, 700 manat dəyərində 1 cüt 583 əyarlı sırğanı və 1 ədəd 583 əyarlı üzük dəstini, 12 qram çəkidə, 1200 manat dəyərində 1 ədəd 750 əyarlı bilərziyi, 4 qram çəkidə, 250 manat dəyərində 1 ədəd 583 əyarlı q ızıl boyunbağını və 97 manat nəğd pulu silah qismində istifadə olunan əşya bıçaq tətbiq edib hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq hədəsi ilə bağlı olan basqın etməklə quldurluq edib Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla 2750 manat məbləğində əmlakını ələ keçirmişdir, yəni qeyd olunan bu hərəkətləri ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərar ədalətsiz və əsassızdır, işin faktiki halları tam araşdırılmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə və Bakı Apellyasiya Məhkəməsinin qərarında təqdim ol unan sübutlar qeyri-konkret və şübhəlidir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2024-cü il tarixli qərarının dəyişdirilərək, əməlinin CM-in 181.2.5-ci maddəsindən, həmin Məcəlləsinin 177.1-ci maddəsinə tövsif edilməsi və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi dair barədə qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, zərərçəkmiş şəxslə barışmaq niyyətində olduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elç in Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin 5 aprel 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təs bit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 181.2.5-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozuldu ğu iddia edilmiş və mübahisələndirilən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegi yasının 5 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilə n şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüqu qi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübut ların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını d inləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş silah qismində istifadə olunan əşyanı tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq hədəsi ilə bağlı olan basqın edib quldurluq etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqi q edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 nömrəli qərarına əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndində qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin Plenum qərarının 23-cü bəndində isə qeyd edilir ki, CM-in 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə ifadə oluna bilər. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-in 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Təqsirli şəxsin əməli CM-in 181.2.5-ci maddəsi ilə tövsif edildikdə, məhkəmələr basqın zamanı tətbiq edilmiş predmetin canlı qüvvənin və ya digər hədəfin vurulması üçün yararlı silah olub-olmamasını ekspert rəyi əsasında müəyyən etməlidir. Qanunda göstərilən hallar mövcud olduqda, belə şəxsin ə məli, əlavə olaraq CM-in 228-ci maddəsi ilə də tövsif edilməlidir. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa (məsələn, silah ma keti, oyuncaq xəncər və i.a.), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri CM-in 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Zərərçəkmiş silahın yararsız və ya doldurulmamış olmasını, yaxud da silah tətbiq etmə görüntüsü yaradılmasını başa düşmüşsə, dərk etmişsə, əməl soyğunçuluq kimi tövsif edilməlidir. Məhkum kasassiya şikayətində quldurluq cinayət ilə heç bir əlaqəsinin olmadığını, onun tərəfindən oğurluq cinayət əməlinin törədildiyini qeyd etsə də, cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə Məhkum zərərçəkmiş şəxsə qarşı silah qismində istifadə olunan əşyanı tətbiq etməklə quldurluq cinayətini törətməsi öz təsdiqini tapır. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məh kum CM-in 181.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsinin zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi, «şəxsi tanınmaya təqdim etmə barədə» 18 sentyabr 2023-cü il tarixli protokol, Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs Məhkum arasında keçirilmiş üzləşmədə dindirmə protokolu, ifadənin yerində yoxlanılması haqqında 19 sentyabr 2023-cü il tarixli protokol, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 oktyabr 2023-cü il tarixli 3-16-16/2-9/7261/2023 nömrəli rəyi, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Kassasiya məhkəmə kollegiyası həmçinin Məhkum zərərçəkmiş şəxsə qarşı sadəcə olaraq oğurluq cinayət əməlini törətmiş olduğuna dair verdiyi ifadələrinə aşağı instansiya məhkəmələrinin tənqidi yanaşması və özünü m üdafiə üsulu kimi qiymətləndirməsi barədə gəldikləri nəticə ilə razılaşaraq, hesab edir ki, apellyasiya məhkəmə kollegiyası haqlı olaraq Məhkum ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək obyektiv həqiqəti əks etdirməsi və ona görə də həmin ifadələri sübut növü kimi qəbul edilməməli olması, Məhkum özünü müdafiə etmək, cinayət məsuliyyətinin yüngülləşdirilməsi məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. Belə ki, cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs Məhkum arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, istintaq hərəkəti aparılarkən zərərçəkmiş Zərərçəkmiş şəxs sərbəst ifadəsində təqsirləndirilən şəxs Məhkum ona qarşı törətdiyi cinayət barədə gös tərdiyi xüsusatları, o cümlədən təqsirləndirilən şəxsin onun əmlakını taladıqdan sonra ona yaxınlaşmaması və qışqırmaması üçün cibindən bıçaq çıxararaq ona tərəf uzadıb «sus» deməklə qaçıb getməklə cinayəti başa çatdırmasını sonuncunun üzünə qarşı da deyərək bir daha təsdiq etmişdir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum CM-in 181.2.5-ci maddəsi ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətinin də lillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum CM-in 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmədə tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur və apellyasiya instansiyası məhkəməsi tərəfindən də haqlı olaraq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə dəyişdirilmədən saxlanılmışdır. Məhkum ona hökm ilə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq apellyasiya instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutlar ın məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinl əmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 181.2.5-ci maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Kassasiya məhkəmə kollegiyası şikayətinin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, məhkəmələrin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Məhkuma təyin edilmiş cəzaya münasibətdə kassasiya məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olmaması, ağırlaşdıran halın (əməlinin cinayətlərin residivinin olması) isə olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbay can Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya in stansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1647/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1647/2025
26.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver