Məhkəmə qərarları › İş №1(102)-1662/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1662/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1662/2024 25.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X7 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X7 və analitik təhlil şöbəsinin prokuroru X24 qızının iştirakı ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 1(106)-45/2024 nömrəli hökmündən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı5 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Bəraət almış şəxs X8 26 iyul 1972-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Lənkəran rayonu Liman şəhəri, X25 küçəsi ev 173/3-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.

2. Bəraət almış şəxs X6 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 2023-cü ilin aprel ayının ortalarında, Lənkəran şəhəri mərkəzi bazarında, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 7,031 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, 13 aprel 2023-cü il tarixdə saat 20 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X17 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu Liman şəhəri X25 küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis bölməsinin ünvanı ünvan 1 və üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibində olan siqaret qutusunun içərisindən qeyd edilən çəkidə və bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür.

3. Lənkəran Rayon Məhkəməsinin (səd rlik edən hakim: X15) 27 sentyabr 2023-cü il tarixli, 1(049)-293/2023 nömrəli hökmü ilə X4 CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, X4 13 aprel 2023-cü ildən 15 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) günün CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanması və onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin başlanğıcının onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, yaşadığı Lənkəran rayonu, Liman şəhəri, X25 küçəsi ev 173/3 ünvanında yerləşən fərdi yaşayı ş evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbirinin hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi naroloji kabinetində profilaktik qeydiyyata alınması müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləlri də həll edilmişdir.

4. Hökmdən məhkum X4 müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərə k, X8 barəsində Lənkəran Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 1(049)293/2023 nömrəli hökmünün ləğv edilməsini və CM-in 234.1-ci maddəsi ilə onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X11 və X12 ibarət məhkəmə tərkibində) 30 yanvar 2024-cü il tarixli, 1(106)-45/2024 nömrəli hökmü ilə X4 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 1(049)-293/2023 nömrəli hökmünün X4 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən ləğv edilməsi, X6 Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilməd iyinə görə CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi, X8 barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbirinin ləğv edilməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

6. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Dövlət ittihamçısı5 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:

7. Dövlət ittihamçısı kassasiya protestində cinayət işi materiallarında öz əksini tapan sübutlar siyahısına və bir sıra qanunvericilik normalarına istinadlar edərək, protestin dəlilləri qismində qeyd etmişdir ki, cinayət əməlinin Sultan Tahirov tərəfindən törədilməsi iş materiaları ilə sübut edilmişdir. Apellyasiya instansiya məhkəməsi iş üzrə toplanıl mış sübutlara heç bir əhəmiyyət vermədən, Sultan Tahirovun özünümüdafiə xarakteri daşıyan və işin faktiki hallarına uyğun olmayan ifadələrində göstərdikləri xüsusatları əsas götürərək onun ittihamda göstərilən əməllərin sübuta yetirilməməsi barədə səhv qənaətə gəlmişdir.

8. Bununla da, kassasiya protestinin müəllifi apellyasiya instansiya məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv araşdırma aparılmadığını, yalnız təqsirləndirilən şəxsin ifadəsinin əsas götürülməklə barəsində bəraətverici hökm çıxarılmasını, ittiham tərəfindən verilmiş apellyasiya protestində irəli sürülən dəlillərə və tələblərə düzgün cavab verilməməsini, bu dəlillər üzrə sübutların yenidən tam, obyektiv və hərtərəfli araşdırılmasının labüd olmasını qeyd edərək, kassasiya protestində göstərilənləri Azərbaycan Respu blikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 1(106)-45/2024 nömrəli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.

9. Kassasiya protestinə qarşı bəraət almış şəxs X4 müdafiəçisi Müdafiəçi tərəfindən yazılı etiraz verilərək, kassasiya protestinin dəlillərinin əsassız və formal xarakterli olması səbəbindən, apellyasiya instansiya məhkəməsinin X4 barəsində olan yekun hökmünün dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.

10. Hökmdən bəraət almış şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraa tı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X24 qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. IV.Hüquqi məsələlər:

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

13. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgü nlüyünü yoxlayır”.

14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

15. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X8 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübut a yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 1(106)-45/2024 nömrəli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.

18. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.

19. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əmə lin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

20. Apellyasiya instansiya məhkəməsi isə belə nəticəyə gəlmişdir ki, X1 məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda – 7,031 qram qurudulmuş marixuana narkotik vasitəsini əldə etmə, saxlama və daşıma cinayətini törətməkdə təqsirliliyinin sübuta yetirilmədiyindən, X4 CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutları təşkil etdiyindən, habelə ilkin, təməl sübutların qanun pozuntusu və təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması yolu ilə əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan X6 CM-in 234.1-ci maddəsi ilə bəraət verilməldir.

21. Apellyasiya instansiyası məhkəməsi bəraət hökmü çıxararkən aşağıdakı əsaslarla çıxış etmişdir.

22. Belə ki, bəraət almış şəxs X8 birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilmir. O, Lənkəran rayonu, Liman şəhərində yaşayır və taksi fəaliyyəti ilə məşğul olur. Liman şəhəri ərazisində günorta radələrində çayxanada olarkən Liman şəhər Polis bölməsinin əməkdaşları onu saxlayaraq qara rəngli maşınla polis bölməsinə aparmışlar. Saxlanıldığı tarixi dəqiq xatırlamır. Bundan sonra həmin gün polis əməkdaşları onunla birlikdə yaşadığı evə gedərək, orada axtarış aparıblar və heç nə tapmayıblar. Polis bölməsində olarkən polis əm əkdaşları ona marixuana verərək, çəkiliş zamanı həmin narkotik vasitənin ona məxsus olduğunu boynuna alamasını bildiriblər və deyiblər ki, əgər boynuna almasa üzərinə başqa bir narkotik vasitə qoyacaqlar. Polis tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır. O, qorxduğu üçün çəkiliş zamanı həmin marixuananın özünə məxsus olduğunu bildirmişdir. Özü siqaret belə çəkmir və narkotikdən heç vaxt istifadə etməmiş, lakin spirtli içki qəbul etmişdir. Onu bir gün polis bölməsində saxladıqdan sonra videoçəkilişlə üzərinə baxış keçiriblər. Polis əməkdaşları tərəfindən ona heç bir fiziki zor tətbiq edilməmişdir. Saxlanıldığı gündən sonrakı gün o, polislər tərəfindən Lənkəran Polis İdarəsinə və X3 aparılmışdır.

23. Apellyasiya instansiya məhkəməsində aparılan məhkəmə istintaqı zam anı X8 birinci instansiya məhkəməsində verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək, əlavə olaraq bildirmişdir ki, əvvəlki məhkəmə iclasında tutulma tarixini xatırlamadığını bildirsə də o, polis əməkdaşları tərəfindən 12 aprel 2023-cü il tarixdə təxminən günorta vaxtı tutularaq X21 aparılmışdır. O, polis əməkdaşlarının nəzarəti altında olsa da, təbii ehtiyaclarını ödəmək üçün ayaqyoluna gedən zaman tək və sərbəst olmuşdur. Onun üzərində narkotik vasitə hesab edilən marixuana olsaydı, ittihamda qeyd edilən bir bükümdə olan marixuananı ayaqyoluna ataraq və ya başqa yolla məhv edərək bundan azad ola bilərdi. Marixanadan istifadə etmənin qanunla qadağan olduğunu bildiyi halda 7,031 qram olan narkotik vasitə qurudulmuş marixuananı polis bölməsində bir gün ərzində üzərində saxlaması inandırıc ı deyil.

24. X4 ibtida istintaq zamanı “etirafedici” ifadələrinin işin faktiki halları ilə uzlaşmadığından və işin gerçək hallarını əks etdirmədiyindən apellyasiya instansiyası məhkəməsi onun məhkəməyədək vermiş olduğu ifadəsinə şübhə ilə yanaşmış və bu ifadələrin ittihamı təsdiq edən sübut kimi qəbul etməkdən imtina etmişlər.

25. Apellyasiya instansiya məhkəməsinin X4 birinci instanisya və apellyasiya instansiya məhkəmələrində məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini daha inandırıcı və mötəbər qəbul etmələri ilə bağlı qənaəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında təqsirləndirilən şəxsin müxtəlif məzmunlu ifadələrin tədqiqinin xüsusiyyətləri ilə verilmiş izahları ilə də üst-üstə düşür.

26. Belə ki, adı ç əkilən Qərarda qeyd olunur ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.

27. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən çıxış edərək sübutların ədalətli qiymətləndirilməsini həyata keçirmiş və X8 həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrini qarşılıqlı təhlil etmiş və sonuncunun məhkəmə iclasında vermiş olduqları ifadələri cinayət iş materiallarında olan digər sübutlarla uzlaşmasını əsas tutaraq daha mötəbər hesab etmişdir.

28. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin əsası qismində qeyd etdiyi, apellyasiya instansiya məhkəməsinin əsassız olaraq X8 barəsində bəraət hökmü çıxarmasına dair mülahizələrinə münasibətdə qeyd edir ki, faktiki olaraq kassasiya protestinin dəlilləri qismində apellyasiya instansiya məhkəməsinin hökmünün qanunsuz və əsassız olmasına dəlalət edən konkret heç bir fakta istinad edilməmişdir. Kassasiya protestinin dəlilləri qismində yalnız X4 ibtidai istintaq zamanı, birinci instansiya və apellyasiya instansiya məhkəmələrində məhkəmə istintaqı zamanı verilmiş ifadələrinə, həmçinin cinayət işi üzrə şahidlər Şahid1, Şahid2, Şahid3 ifadələrinə və eyni zamanda “şəxsi axtarış və götürmə aparılması” haqqında xx.xx.2023-cü il tarixli protokol və ekspertiza rəylərinə istinadlar edilərək, apellyasiya instansiya məhkəməsinin X4 barəsində bəraət hökmü çıxararkən yalnız onun ifadələrinə üstünlük verdiyi qeyd edilmişdir.

29. Halbuki, cinayət işi materialları ilə müəyyən edilir ki, apellyasiya instansiya məhkəməsi X4 məhkəmə istintaqı zamanı vermiş ifadəsini qismən məhkəmə istintaqı keçirməklə əldə edilmiş çoxsaylı sübutların əlaqəli və qarşılıqlı təhlili nəticəsində araşdıraraq X6 qarşı irəli sürülmüş ittihamda təqsirlili yinin sübuta yetirilməməsi əsası ilə barəsində bəraət hökmü çıxarılması qənaətinə gəlmişdir.

30. Belə ki, cinayət işi materialları ilə müəyyən edilir ki, X4 12 aprel 2023-cü il tarixdə tutularaq polis nəzarəti altında saxlanması barədə verdiyi ifadəsi onun istifadəsində olan mobil telefonun anten dairəsi ilə müəyyən edilmiş məlumatlarla öz təsdiqini tapmışdır.

31. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 15184 nömrəli məktubuna əlavə edilmiş CD diskdəki məlumatlardan görünür ki, X4 istindadə etdiyi ***-***-**-** saylı mobil nömrə 12 aprel 2023-cü il tarixdə həmin ərazinin əhatə dairəsində hərəkətsiz qeydə alınmışdır.

32. Halbuki həmin məlumatlardan müəyyən edilir ki, 12 aprel 2023-cü il tarixdən əvvəl və 15 aprel 2023-cü il (15 aprel 2023-cü il tarixdə Sultan Tahiro vun barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad olunmuşdur) tarixdən sonra onun telefonunun anten dairəsi Lənkəran rayonunun fərqli ərazilərinin və Bakı şəhərində yerləşən radio-baza stansiyalarının əhatə dairəsində qeydiyyata alınmışdır.

33. Cinayət işi materiallarında olan, müdafiə tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə olunmuş mobil telefondan çəkilmiş ekran görüntüsü ilə müəyyən edilir ki, “WhatsApp” proqamı vasitəsi 12 aprel 2023-cü il tarixi saat 22:57 və 23:00-da adı (ləqəbi) “Sozan S” adı yazılmış şəxsdən adı “Vuqar vəkil nar” adlı şəxsə ümumilkdə üç dəfə zəng olunaraq danışıq aparılmışdır.

34. Apellyasiya instansiya məhkəməsi məhkəmə kollegiyasında aparılan məhkəmə istintaqı zamanı müəyyən etmişdir ki, X 4 X17 əməkdaşları tərəfindən 13 aprel 2023-cü il tarixdə saat 20 radələrində deyil, 12 aprel 2023-cü il tarixdə günorta vaxtı saxlanılaraq həmin Polis Bölməsinin inzibati binasına aparılması barədə verdiyi ifadəsi iş üzrə şahidlər Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid8, Şahid10, X13 və Şahid9 Mirmehdi qızının birinci və apellyasiya instansiya məhkəmələrində vermiş olduqları ifadələri, "xxxx" MMC-dən daxil olmuş 13 iyul 2023-cü il tarixli, 15184 nömrəli məktuba əlavə edilmiş CD diskdə öz əksini tapan radio-baza stansiyalarının əhatə dairəsində qeydiyyata alınmış məlumatlar və X4 istifadəsində olan +**********25 nömrədən 12 aprel 2023-cü il tarixdə edilən zənglərin siyahısı ilə öz təsdiqini tapmışdır.

35. Bununla da, müəyyən edilmişdir ki, X4 barəsində şəxsi axtarış və götürmə faktiki olaraq onun tutulduğu tarixdən bir gün sonra həyata keçirilmişdir.

36. Qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, X4 12 aprel 2023-cü il tarixdən 13 aprel 2023-cü il tarixədək üzərində olması ehtimal edilən 7,031 qram olan narkotik vasitə qurudulmuş marixuananı X10 zaman üzərindən kənara atması və ya digər yolla məhv etməsi üçün kifayət qədər vaxtının və imkanının olmasına baxmayaraq, həmin narkotik vasitəni üzərində saxlaması məhkəmə kollegiyasının qənaətinə görə ağlabatan deyildir. Təqsirləndirilən şəxsin saxlanılması ilə baxışın keçirilməsi arasında bir gündən çox vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı şübhələr yaratmış, çünki həmin müddət təqsirləndirilən şəxs polisin nəzarəti altında olmuşdur. Təqsirləndirilən şəxs Sult an Tahirovun saxlanılmasından dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud olmamış, onun saxlanılması tarixi və vaxtı heç də istintaq sənədlərində əks edilmiş qaydada olmamışdır.

37. Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.

38. CPM-in 144-cü maddəsinə ə sasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərətərfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”.

39. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1 və 144-cü maddələri ilə müqayisəsindən görünür ki, həmin sübutların yolverilməzliyinə dair nəticəyə gəlməklə məhkəmələr qeyd olunan normaların tələblərini pozmamışlar.

40. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildi yi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir.

41. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5).

42. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətlənd irilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).

43. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

44. X8 verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə apellyasiya instansiya məhkəməsinin ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verməsi Avropa İnsan Hüquqları Məhkəməsinin h üquqi mövqeyinə, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir.

45. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

46. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı X24 qızının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli və X2 təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 1(106)-45/2024 nömrəli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 1(106)-45/2024 nömrəli hökmü dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı5 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar