Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1664/2023 26.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və Məhkum iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2023-cü il tarixli, 1(105)-184/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Abşeron Rayon Məhkəməsi nin 13 dekabr 2022-ci il tarixli, 1(012)-566/2022 nömrəli hökmü ilə (hakim S.M.Quliyeva ) 11 avqust 1975-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Əlincə məhəlləsi, ev-2A, mənzil 17də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay, CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla məhkuma q əti olaraq 02 ( iki) il 09 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 28 iyun 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən Məhkum apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2023-cü il tarixli qərarı ilə (hakim E.G.Rəhimov sədrliyi, hakimlər E.M.Əhmədov və R.Ə.Ağayevdən ibarət tərkibdə) verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2023-cü il tarixli qərarı qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Məhkum xx.xx.2022-ci il tarixdə saat 18 radələrində sərxoş vəziyyətdə Abşeron rayon Polis İdarəsinin qarşısında həmin idarənin istintaq şöbəsinin müstəntiqi Zərərçəkmiş şəxs ona avtomobil parklanması üçün pul ödəmədiyini bəhanə edib heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək Zərərçəkmiş şəxs RPİ-nin nəzarət buraxılış məntəqəsinin yanında saxlanılan "Passat CC” markal ı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön kopotunu qanunsuz olaraq əldə etdiyi və üzərində gəzdirdiyi 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən, "Kalaşnikov” konstruksiyalı "AK-47”, "AKM”, "AK-74” markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissələrinə aid olan süngü bıçağın tiyəsi əsasında əldə düzəlmə üsulu ilə dəstəklə komplektləşdirilmiş soyuq silah hesab edilən bıçaqla vurub zədələmiş, bundan sonra xuliqanlıq hərəkətlərini davam etdirərək Abşeron RPİ-nin inzibati binasının üçüncü mərtəbəsində yerləşən 304 nömrəli Zərərçəkmiş şəxs xidməti iş otağına daxil olub ictimai yerdə otaqda olan digər şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlədib otaqda olan stolları, stulları aşırmış və üzərində olan həmin bıçağı çıxarıb sonuncuya hücum edib, bıçaqla və təpiklə qoluna və ayağına qəsdən vuraraq sol saidin 1/3-nin arxa səthinin cızıq şəkilli, sıyrığı ilə müşayiət edilən xəsarət yetirib qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, əməlində hər hansı bir cinayətin tərkibi olmağı halda, saxta ittiham, həqiqəti əks etdirməyən sübutlar, o cümlədən uydurulmuş ifadələr əsasında obyektiv, tam və hərtərəfli araşdırmanın aparılmadığı məhkəmə baxışında törətmədiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinmişdir. Əslində, xx.xx.2022-ci il tarixdə hər hansı cinayət hadisəsi baş verməmiş, onda bıçaq olmamış, heç kimin avtomobilini ön kopotunu zədələməmiş və ən əsası Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlətməmiş, otaqda olan stol və stulları aşırmamış, bıçağı çıxarıb sonuncuya hücum edib ona xəsarətlər yetirməmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən barəsində olan cinayət işinə yenidən ədalətlə baxılmasını, yəni faktiki olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası m əhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və ya xud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələrin sübutları cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə tədqiq edib qiymətləndirmədiklərini, nəticədə cinayət törətməsi sübuta yetirilmədiyi və əməlində cinayət tərkibi olmadığı halda onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının çıxarıldığını iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, bəraətverici əsaslarla cinayət işi üzrə icraata xitam verilməsi barədə tələblərini məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibi nin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-h üquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən əmə ldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının, şəxsin təqsirinin) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, Məhkum hökmlə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı ilə ona istinad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətləri ilə qanunsuz əldə edib gəzdirdiyi soyuq silahla qərəzli xuliqanlıq cinayətini törətməsi və həmin əmələ görə Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə təqsirliliyi məhkəmələr tərəfindən Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyekti v araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Məhkum üzərində soyuq silah hesab edilən bıçağın olmadığı, ümumiyyətlə qərəzli xuliqanlıq hərəkətlərinə yol vermədiyi iddia etsə də, birinci instansiya məhkəməsinin müəyyən etdiyi (apellyasiya məhkəməsinin razılaşdığı) işin həqiqi halları bu iddianı təkzib edir. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Məhkum Abşeron rayon Polis İdarəsinin qarşısında həmin idarənin istintaq şöbəsinin müstəntiqi Zərərçəkmiş şəxs ona avtomobil parklanması üçün pul ödəməməsini bəhanə etməklə heç bir əsaslı səbəb olmadan sonuncuya məxsus avtomobilinin ön kopotunu qanunsuz olaraq əldə etdiyi və üzərində gəzdirdiyi 1 ədəd zavod üsulu ilə istehsal edilmiş soyuq silah hesab edilən bıçaqla vurub zədələmiş, bundan sonra xuliqanlıq hərəkətlərini davam etd irərək Abşeron RPİ-nin inzibati binasının üçüncü mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs xidməti iş otağına daxil olub digər şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlədib otaqda olan stolları, stulları aşırmış və üzərində olan həmin bıçağı çıxarıb sonuncuya hücum edib, bıçaqla və təpiklə qoluna və ayağına qəsdən vuraraq dərəcəsi təyin edilməyən xəsarət yetirib qərəzli xuliqanlıq etmişdir. Bu hallar Məhkum ibtidai araşdırma dövründə vermiş olduğu etirafedici ifadələri, zərərçəkmiş Zərərçəkmiş şəxs ifadələri, şahidlər Şahid3, X3, Şahid1 və digər şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1401 nömrəli rəyi, məhkəmə ballistik ekspertizasının 26 iyul 2022-ci il tarixli 3/909 nömrəli rəyi, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təsdiq olunur. Xuliqanlıq cinayətinin əsas tərkibini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında, habelə “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında xuliq anlıq cinayətinə verilmiş təfsirlərə görə xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən əməl olmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Eyni zamanda xuliqanlıq cinayətinin əsas (sadə) tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər ” kimi təsbit edilmişdir. Qərəzli xuliqanlığın tərkib əlamətləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda” kimi göstərilmişdir. CM-nin 221.3-ci maddəsinin mənasına görə, xuliqanlığın törədilməsi zamanı silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə bu maddədə nəzərdə tutulmuş nəticələrin baş verməsi – zərər çəkmişə qarşı fiziki zorun tətbiq edilməsi və ya əmlakın zədələnməsi və ya məhv edilməsi ilə müşayiət olunmalıdır. Bu o deməkdir ki, belə hallarda silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə nəticəsində zərər çəkmiş şəxsə fiziki ağrı və ya onun sağlamlığına dərəcəsi təyin olunmayan xəsarətlər və ya müxtəlif dərəcəli zərər yetirilməli, habelə onun əmlakı zədələnməli və ya məhv edilməlidir ki, əməlin CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilməsi və bu maddə ilə tövsif edilməsi üçün nəticəyə gəlmək mümkün olsun. Həmçinin Cinayət Məcəlləsinin 228-ci maddəsi “Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” adlanır. Bu normanın tərkib hissəsi olan 228.4-cü maddədə isə qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, sat ma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir olunmuş məhkəmələr tərəfindən müəyyən edilmiş hərəkətlərini CM-nin 221.3 və 228.4-cü maddələrinin dispozisiyasında əks olunmuş tərkib əlamətləri ilə müqayisə etdikdə görünür ki, onun birbaşa qəsdlə edilən hərəkətləri ilkin olaraq ona avtomobil parklanması üçün pul ödəməməsi ilə başlasa da, davamında qərəzli, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xarakter almış və soyuq silahdan istifadə etməklə qərəzli xuliqanlıq niyyəti ilə şərtləndirilmişdir. O, həmin hərəkətləri ilə ictimai yerdə ictimai qaydanı kobud şəkildə pozmuş, bu hərəkətlər soyuq silah hesab edilən bıçaqdan istifadə edilməklə zərərçəkmiş şəxsə məxsus əmlakının zədələnməsi, ona zor tətbiq olunması, onun sağl amlığına dərəcəsi təyin edilməyən zərərin vurulması ilə müşayiət olunmuşdur. Odur ki, məhkəmə kollegiyası işin faktiki hallarının müəyyən edilməsi, həmin hallara cinayət qanunu normasının tətbiqi (əməlin hüquqi tövsifi), Məhkum Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi və cəzalandırılması üzrə məhkəmələrin çıxardıqları nəticələri şübhə altına almaq üçün heç bir əsas görmür. Qeyd olunanlar hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6, 416.1.11-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, m əhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2023-cü il tarixli, 1(105)-184/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 28 mart 2023-cü il tarixli, 1(105)-184/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1664/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1664/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver