Məhkəmə qərarları › İş №1(102)-1665/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1665/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1665/2024 18.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Xamməd Nuriyev (sədrlik edən və məruzəçi) Oruc Cəlilov və Əli Əliyevdən ibarət tərkibdə) 1(099)-479/2023 nömrəli 24 avqust 2023-cü il tarixli hökmü ilə, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkum olunmamış, Lənkəran rayonu Mamusta kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.1-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəs ində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 07 fevral 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, dayısı oğlu X2 təxminən 1990-cı illərdə mərhum anası X1 borca 5000 (beş min) ABŞ dolları məbləğində pul alıb sonradan qaytarmaması, nəticədə anasının digər şəxslərə olan borcunu ödəyə bilməyib 30 mart 1999-cu il tarixdə intihar etməsini son üç il ərzində öyrənib həm dayısı oğlundan, həm də dayısı Zərərçəkmiş şəxs dəfələrlə həmin borcu istəmiş, lakin sonuncuların onun anasına heç bir məbləğdə borclarının olmamasını demələrindən sonra, 2023-cü ilin yanvar ayının sonlarından etibarən dayısı Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib, həmin niyyətini həya ta keçirmək üçün təsərrüfat-məişət təyinatlı bıçaqla silahlanıb, 07 fevral 2023-cü il tarixdə saat 11 radələrində Lənkəran rayonu Mamusta kəndində yerləşən Mamusta kənd Körpələr evi-uşaq bağçasının yaxınlığında, küçədə Zərərçəkmiş şəxs yaxınlaşaraq ondan anasına olan borcun qaytarılmasını tələb etdikdən sonra Zərərçəkmiş şəxs onun və oğlunun anasına heç bir borclarının olmamasını deyərək həmin borcu qaytarmaqdan imtina etməsindən qəzəblənərək əvvəlcə dayısının üz nahiyəsinə dirsəyi ilə vuraraq sonuncunu yerə yıxıb müqavimətini qırdıqdan sonra üzərində olan mətbəx bıçağı ilə onun bədəninin müxtəlif nahiyələrinə qəsdən bıçaq zərbələri endirərək döş qəfəsinə (sağ kürəküstü) nüfuz edən, hemopnevmatoraks, daxili və xarici qanaxma ilə müşayiət olunan, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, döş qəfəsinin 1 ədəd kəsilmiş-deşilmiş yarası, sol Xİİ qabırğanın (sınığı) zədələnməsi ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid, təpə, ənsə, döş qəfəsi, bel nahiyələrində 4 ədəd kəsilmiş-deşilmiş (daxilə nüfuz etməyən) yaralarla müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, onun bıçaq zərbələrinin təsirindən yerdə hərəkətsiz halda uzanan Zərərçəkmiş şəxs öldüyünü zənn edib, oradan uzaqlaşdığından və Zərərçəkmiş şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb vaxtında ixtisaslı tibbi yardım göstərilərək həyatı xilas edildiyindən, öz iradəsindən asılı olmayan həmin səbəblərə görə niyyətini başa çatdıra bilməyib, Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İsmayıl Əhmədov (sədrlik edən və məruzəçi) Məhəmməd Bağırov və Elşad Əliyev) 20 fevral 2024cü il tarixli 1(106)-35/2024 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2023-cü il tarixli 1(099)-479/2023 nömrəli hökmü dəyişdirilmiş, Məhkum əməli CMin 29,120.1-ci maddəsindən CM-in 126.1-ci maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə 3 (üç) il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmişdir. Dövlət i ttihamçısı3 kassasiya protesti verərək Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, həmin sübutlar məcmu qaydada qiymətləndirilməmiş və bunun nəticəsi olaraq yalnız məhkumun ifadəsinə əsaslanaraq Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif etməklə səhvə yol verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun gəlmir, məhkəmə qərar qəbul edərkən cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq etməmişdir. Dövlət ittihamçısı hesab edir ki, cinayət işinin halları və iş üzrə toplanmış sübutlar onu göstərir ki, Məhkum niyyəti Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə yönəlmiş, lakin öz iradəsindən asılı olmayan səbəblərə görə o, cinayəti başa çatdıra bilməmiş, yəni məhkumun CM-in 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Lakin məhkəmə kollegiyası ibtidai istintaq zamanı heç bir qanun pozuntusu olmadan əldə olunmuş və məhkəmə istintaqı zamanı tətbiq edilmiş yuxarıda qeyd olunan sübutlara (zərərçəkmiş şəxsin ifadələri, şahidlərin ifadələri, baxış, götürmə və digər istintaq hərəkətlərinin protokolları, ifadənin yerində yoxlanması protokolu, ekspertiza rəyləri) deyil, yalnız təqsirləndirilən şəxsin verdiyi özünü müdafiə xarakterli ifadəsinə, eləcə də öz subyektiv mülahizələrinə və ehtimallara əsassız olaraq üstünlük vermişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Nazim Nəriman oğlu İmanovun kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmalı, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya məhkəməsinə qaytarılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əs asən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. İşdən görünür ki, ittiham orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə, yəni qəsdən adam öldürməyə cəhd əməlinə görə ittiham verilmiş, birinci instansiyası məhkəməsi məhkumun ittihamı təsdiq etməklə Məhkum cəza təyin etmiş, lakin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini n hökmü ilə razılaşmayaraq, təqsirləndirilən şəxsin əməlini qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma kimi Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif etmişdir. Kassasiya protestinin başlıca dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırmaması, sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmaması və qiymətləndirilməməsi nəticəsində Məhkum əməlinin təqsirli bilindiyi CM-in 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsinin qanunsuz və əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, qəsdən adam öldürməyə cəhd əməlini qəsdən sağlamlığa ağır zərər vurma əməlindən fərqlə ndirən əsas amil onun subyektiv cəhətidir. Belə ki, birinci halda təqsirkar zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vuran əməli məhz sonuncunu həyatdan məhrum etmək məqsədi ilə törədir, ikinci halda isə təqsirkar bu əməli törədərkən zərərçəkmişi öldürmək istəmir. Ona görə də qəsdən adam öldürməyə cəhd yalnız birbaşa qəsdlə törədilir. Təqsirkar öz əməlinin ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən baş vermir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respu blikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İstintaq orqanı təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirini təsdiq etmək üçün məhkəməyə onun özünün ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi və məhkəmə-psixiatrik ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sübutlar təqdim etmişdir. Birinci instansiya məhkəm əsi ittihamın təqdim etdiyi sübutları məhkəmə iclasında tədqiq edərək Məhkum əməlinin tövsifi ilə razılaşmış və onun əməli Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə tövsif edərək onu həmin maddə ilə təqsirli bilinib barəsində ittiham hökmünü çıxarmışdır. Apellyasiya məhkəməsi cinayət işinə müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən baxaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, nəticəyə gəlmişdir ki, Məhkum əməlini Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarında məhkəməlkərə izah edilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi hə ll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş və mübahisə edilməyən hallardan görünür ki, X4 dayısı oğlu Anar Rufiyevin onun anasından borc pul alıb qaytarmadığına görə anasının 30 mart 1999-cu il tarixdə intihar etməsi barədə kənd camaatından öyrənib Anar Rufiyevdən və dayısı Zərərçəkmiş şəxs pulun qaytarılmasını tələb etmiş, lakin sonuncuların onun anasına heç bir borcun olmamasını demələrinə görə qisas almaq məqsədi ilə 07 fevral 2023-c ü il tarixdə Zərərçəkmiş şəxs bıçaqla bir neçə zərbələr vuraraq, digər xəsarətlərlə yanaşı döş qəfəsinə nüfuz edən, hemopnevmotoraks, daxili və xarici qanaxma ilə müşayiət olunan, insan həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran xəsarət yetirərək hadisə yerindən uzaqlaşmışdır. Zərərçəkmiş şəxs digər şəxslər tərəfindən xəstəxanaya çatdırılıb ona vaxtında zəruri tibbi yardım göstərildiyindən onun həyatı xilas etmək mümkün olmuşdır. Apellyasiya məhkəməsi cinayət işi üzrə sübutları araşdırıb nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs öldürmək məqsədi olmamışdır. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Məhkum cinayət işi üzrə həm ibtidai istintaq zamanı, həm birinci və apellyasiya instansiyası məhkəmələrində göstərmişdir ki, onun Zə rərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Həmçinin apellyasiya məhkəməsi qeyd etmişdir ki, hadisə baş verən zaman hadisə yerində yalnız məhkum və zərərçəkmiş şəxs olmuş, Məhkum zərərçəkmişi öldürməyə heç kim maneə etməmiş, lakin məhkum özü öz hərəkətlərini dayandıraraq, zərərçəkmişi öldürməmişdir. Apellyasiya məhkəməsinin qənaətinə görə işin bu halları Məhkum zərərçəkmiş şəxsi öldürmək niyyəti olmadığını göstərir. Məhkəmə kollegiyası cinayət işi üzrə sübutlara və işin hallarına nəzər salıb hesab edir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə cinayət işi üzrə toplanmış sübutlarla və işin halları ilə uzlaşmadığından əsaslı hesab edilə bilməz. Belə ki, Məhkum məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, qabaqcadan dayısı İltifatı ilə kənddə görüşmək və anasının intihar olmasın a səbəb olan borcun qaytarmamasına görə onu bıçaqla vurmaq planlaşdırmışdır. Bunun üçün o, mağazada bıçaq almış və Zərərçəkmiş şəxs izləmişdir. Hadisə günü o, bıçağı gödəkcəsinin cibinə qoyub Zərərçəkmiş şəxs yolunu kəsmiş və ondan borc haqqında soruşmuşdur. Zərərçəkmiş şəxs onun heç bir borcu olmadığını bildirəndə, İltifatının üzünə dirsəyi ilə vuraraq onu yerə yıxmış və özündə olan bıçaqla baş nahiyəsinə iki zərbə vurmuşdur. Bıçaq kəllə sümüyünə dəyərək daxilə keçməmişdir. Bundan sonra o, İltifatın kürəyi nahiyəsinə üç bıçaq zərbəsi vurmuş və İltifatın yerdə hərəkətsiz olduğunu görərək, bıçağı atıb hadisə yerində uzaqlaşmışdır. İbtidai istintaq zamanı isə Məhkum göstərmişdir ki, Zərərçəkmiş şəxs baş nahiyəsinə vurulmuş bıçaq zərbələrində sonra İltifat ayağa qalxmağa cəhd etmiş, lakin o, badalaq verərək, İltifatı yenidən üzü üstə yerə yıxmış və kürəyinə bıçaq zərbələri vurmuşdur. İltifatın yerdə hərəkətsiz olduğunu görərək, onun öldüyünü zənn etmiş və bıçağı atıb hadisə yerində uzaqlaşmışdır. Həbs olduqdan sonra isə bilmişdir ki, Zərərçəkmiş şəxs ölməmişdir. Zərərçəkmiş şəxs istintaq zamanı və birinci instansiya məhkəməsində göstərmişdir ki, 07 fevral 2023-cü il tarixdə Lənkəran rayonu Mamusta kəndində yerləşən “Oba” marketdən çay alıb çölə çıxdıqdan sonra Raminin yolun kənarında onu gözlədiyini görmüş, o digər yolla evlərinə tərəf gedərkən Ramin ona yaxınlaşıb anası Kəmalənin onu oğlu Anara guya 5000 ABŞ dolları məbləğində pul verməsini, həmin pulu ona qaytarmasını tələb etmişdir. Məhkum heç bir borcları olmadığını bildirdikdə o, dirsəyi ilə qəflətən onun üz nahiyəsinə zərbə endirmiş, ayağına badalaq vurub onu yerə yıxmışdır. O yerdə uzanıqlı vəziyyətdə olarkən Məhkum cibindən çıxardığı bıçaqla onu öldürmək məqsədilə ona bıçaq zərbələri vurmuş, zərbələrin təsirindən o, yerdə hərəkətsiz vəziyyətdə qalmışdır. Həmçinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən görünür ki, hadisədən əvvəl zərərçəkmiş şəxs öz oğlu ilə Lənkəran rayon İcra hakimiyyətinin Mamusta kəndi üzrə nümayəndəsi Şahid4 qəbuluna gələrək Məhkum onları öldürmək istədiyini və bunu üçün onları güddüyünü bildirmişlər. Cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 da həmin faktı təsdiq etmişdir. Məhkəmə-tibbi ekspertizasının 10 fevral 2023-cü il tarixli, 135 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - döş qəfəsinə (sağ kürəküstü) nüfuz edən, hemopnevmatoraks, daxili və xarici qanaxma ilə müşayiət olunan döş qəfəsinin 1 ədəd kəsilmiş-deşilmiş yarası, sol Xİİ qabırğanın (sınığı) zədələnməsi, təpə, ənsə, döş qəfəsi, bel nahiyələrində 4 ədəd kəsilmiş-deşilmiş (daxilə nüfuz etməyən) yaralar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər kəsici-deşici əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, ekspertizaya təqdim edilmiş bıçaqla xəsarət aşkar olunan nahiyələrə vurma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti tibbi sənəddə göstərilən tarixə, 07 fevral 2023-cü ilə uyğun gəlir və hər bir xəsarət ayrı ayrılıqda dərəcəsinə görə döş qəfəsinə (sağ kürəküstü) nüfuz edən, hemopnevmatoraks, daxili və xarici qanaxma ilə müşayiət olunan döş qəfəsinin 1 ədəd kəsilmiş-deşilmiş yarası h əyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya, sol Xİİ qabırğanın (sınığı) zədələnməsi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya, digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Bundan əlavə olaraq birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Məhkum 2023-cü ilin yanvar ayından istifadəsində olan ***-***-**-** saylı mobil telefonun "Whatsapp” proqramında dəfələrlə yazı şəklində status paylaşaraq anasının qisasını alacağını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun öz anasının intiharında zərərçəkmiş şəxsi günahkar bilib ondan qisas alacağını bəyan etməsi, hadisədən əvvəl zərərçəkmiş şəxsin məhkumun onu öldürmək is təməsi barədə icra hakimiyyət nümayəndəsinə şikayət etməsi, qisasını həyata keçirmək üçün məhkumun bıçaq əldə edib zərərçəkmiş şəxsi güdməsi və kəndin adamı olmayan yerdə yolu kəsib insanın həyatı üçün xüsusi əhəmiyyətli olan baş nahiyəsinə iki bıçaq zərbəsi vurması, həmin zərbələrin nəticəsində bıçağın kəllə sümüyündən içəri keçməməsini görüb, yenidən zərərçəkmiş şəxsin həyatı üçün xüsusi əhəmiyyətli olan nahiyələrinə - döş qəfəsinin kürək nahiyəsinə üç bıçaq zərbəsi vurması və yalnız zərərçəkmiş şəxsin hərəkətsiz yerdə qalması görəndən sonra bıçağı atıb hadisə yerində uzaqlaşması məhkumun zərərçəkmiş şəxsi öldürmək niyyətini təsdiq edən hallardır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, belə olan halda apellyasiya məhkəməsinin məhkumun zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmama sına dair gəldiyi nəticə işin materiallarına əsaslanmır və kassasiya protestinin bu barədə dəlilləri əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi bu nəticəyə yalnız məhkumun bıçaq zərbələrinin zərərçəkmişi öldürmək yox, qoxutmaq məqsədi ilə vurması barədə ifadəsinə əsasən işin yuxarıda göstərilən hallara qiymət vermədə gəlmişdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinin tələblərindən görünür ki, məhkəmənin qərarı qanuni və əsaslı olmalıdır. Azə rbaycan Respublikası CPM-in 349.4-cü maddəsinə əsasən məhkəmənin yekun qərarı Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin qərarı əsaslı hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əməlin tövsifi barədə nəticəyə gələrkən, cinayət işi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, onları müqayisəli sürətdə qiymətləndirməmiş, işin hallarını nəzərə almamışdır. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qərarı əsaslı hesab edilə bilməz. Beləliklə, kass asiya kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin məhkumun əməlinin tövsifi ilə əlaqədar gəldiyi nəticənin işin hallarına və toplanmış sübutlara uyğun olmadığı barədə kassasiya protestinin dəlilləri əsaslıdır, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən sübutların tədqiq edilməsi və qiymətləndirilməsi barədə cinayət prosessual qanunların normaları düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət prosesi tərəfindən təqdim etdiyi, irəli sürülmüş ittihamın tam, hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiy ası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqında 20 fevral 2024-cü il tarixli qərarı verilmiş kassasiya protestinə münasibətdə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya protesti təmin edilsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar