Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1717/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçiləri, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Həsənov Fəxrəddin Cəfi oğlunun və “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Orucov Vüsal Əkbər oğlunun iştirakları ilə x xxxxx 1962-ci il tarixdə Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının Xəzər rayon təhsil şöbəsinin məsləhətçisi işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 may 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkil Orucov Vüsal Əkbər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: R.Ə.Sadıxov (sədrlik edən), A.İ.Paşayev və N.A.Kərimov) Məhkum - Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 12 dekabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi və məhkumun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən), M.Ə.Abbasov və R.A.Qaraqurbanlı) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 de kabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmü əsasən, Məhkum 12 dekabr 2020-ci il tarixdə saat 11 radələrində, yaşadığı ünvan 2 ünvanında ailə münaqişəsi zəminində qisas niyyəti ilə kürəkəni - xx xxxx 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.1986-cı il tarixli 242 saylı şəhadətnamə ilə özünə məxsus olan 12 kalibrli, (“MÜ 21-12” markalı),“N 7672” nömrəli, 4 ədəd patron tutumuna malik, özüdolduran (avtomatik doldurma mexanizmli), yivsiz təklüləli ov silahından fasiləsiz olaraq dalbadal 3 dəfə atəş açmaqla zərərçəkmişə sağ ağciyərin zədələnməsi kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sağ yarısının orta üçdə birinin döş boşluğuna nüfuz edən 1 ədəd kor odlu silah-qırma yarası, sol ağciyərin, ürək kisəsinin və ürəyin sol məd əcik əzələsinin, dalağın zədələnmələri, kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının orta üçdə birinin döş boşluğuna nüfuz edən 1 ədəd kor odlu silah - qırma yarası, sağ qaşüstü nahiyənin səthi əzilmiş yarası (1 ədəd), döş qəfəsinin arxa səthinin sol yarasının aşağı üçdə birində - sol kürəkaltı nahiyəsinin daxilə nüfuz etməyən kor odlu silah – xırda qırma yaraları yetirməklə Zərərçəkmiş şəxs, yəni başqa şəxsi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 may 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, Məhk um haqqında birinci instansiya məhkəməsinin hökmü və həmin hökmün dəyişdirilmədən qüvvədə saxlanmasına dair apelyasiya instansiya məhkəməsinin qərarı iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmadan, maddi və prosessual normaların kobud şəkildə pozulması ilə çıxarılmışdır. Belə ki, Məhkum hadisədən əvvəl yalnız zərər çəkmiş şəxsin onu təhqir və təhdid etməsini xatırlayır. Bundan sonra, onun başında sanki qığılcım qopmuş və bundan sonra baş verənləri qəti olaraq xatırlamır. Bütün bunlar onu göstərir ki, bu əlamətlərin təhlili heç bir halda ambulator qaydada aparılan araşdırmanın nəticəsi üzrə rəyə gəlməyə əsas vermir. Müdafiəçi hesab edir ki, Məhkum psixoloji durumu hadisəni törədərkən affekt vəziyyətinin əlamətlərinə uyğun olmuşdur. Belə ki, o, zərərçəkmiş şəxs tərəfindən edilən ağı r təhqir, qanunsuz və əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində hadisəni törətmiş və hadisəni törətdiyi anı belə dəqiq olaraq xatırlamır. Ona görə də iş üzrə məhz məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallar əsasında komisyon qaydada məhkəmə-psixoloji ekspertiza təyin edilməli olması ilə bağlı məhkəməyə vəsatət verilsə də, heç bir əsas olmadan vəsatəti təmin edilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi ilə bağlı müdafiəçi V.Orucovun və F.Həsənovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlin in çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilm işdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində apelyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi və təqsirləndirilən şəxs Məhkum cinayət törədərkən güclü ruhi-həyəcan vəziyyətində olub-olmamasının müəyyən edilməsi üçün işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin edilməsi xahiş olunur. Kassasiya şikayətində Zərərçəkmiş şəxs Məhkum tərəfində n qəsdən öldürülməsinin sübutları mübahisələndirilmədiyindən məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutların təkrar şərh edilməsini zəruri hesab etmir. Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi di qqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətb iq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən bi ri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin ha llarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əsassız olaraq Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə məhkum edildiyi qeyd olunur. Hesab edilir ki, Məhkum törətmiş olduğu cinayət ə məli Azərbaycan Respublikası CM-in 122.1-ci maddəsinə tövsif edilməsi üçün komisyon məhkəmə psixoloji ekspertizası keçirilməli idi. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilləri ilə razılaşmayaraq cinayət qanunvericiliyinin müvafiq norma və müddəalarına əsaslanmaqla aşağıdakıları qeyd edir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tö vsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qüvvədə olan cinayət qanunvericiliyində nəzərdə tutulur ki, zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə Azərbaycan Respublikası CM-in 122-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır. Bu, ilk növbədə o deməkdir ki, təqsirkarın əməlinin Azərbaycan Respublikası CM-in 122-ci maddəsinə tövsif edilməsi üçün güclü ruhi həyəcan vəziyyəti qəflətən yaranmalıdır. Güclü ruhi həyəcan vəziyyətinin qəflətən yaranması dedikdə, zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir, sair qanunsuz və ya əxlaqsız əməllər nəticəsində təqsirkarda onu öldürmək hissinin müəyyən müddətdən sonra deyil, dərhal əmələ gəlməsi başa düşülür. Başqa sözlə zərərçəkmiş şəxsin qətlə yetirilməsi ilə güclü ruhi həyəcan vəziyyətinin yarandığı an arasında müəyyən zaman fasiləsi keçməməlidir. Əgər güclü ruhi həyəcan vəziyyətinin yaranması anından müəyyən müddət keçmişdirsə, bu halda zərərçəkmiş şəxsin qətlə yetirilməsi, bir qayda olaraq, əməlin qisas motivi ilə adam öldürmə kimi tövsif edilməsinə əsas verir. Belə ki, məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» Publik Hüquqi Şəxsindən verilmiş xx.xx.2021-ci il tarixli 386 saylı kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən müəyyən olunur ki, Məhkum hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Məhkum əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrind ə onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Məhkum törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Məhkum ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-ni n 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, Məhkum məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkum cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixiemosional vəziyyətdə olmamışdır. Məhkum cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt halında) olmamışdır. Azərbaycan Respublikası CPM-in 124.2.2-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 140.0.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi ilə müəyyən edilə bilər. Məhz yuxarıda qeyd edilən səbəbdən də məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 122.1-ci maddəsinə tövsif edilməsi üçün heç bir hüquqi əsas mövcud deyildir. Məhkum təyin edilən cəza məsələsinə gəlincə, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiy yətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə uyğun qanuni cəza təyin etmiş, həmçinin hökmdə məhkuma təyin edilmiş cəzanı da əsaslandırmışdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iy ul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, onun könüllü gəlib təqsirini boynuna almasını və cinayətin alətini könüllü təqdim etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş və cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kasassiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 may 2022-ci il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1717/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1717/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver