Məhkəmə qərarları › İş №1(102)-1729/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1729/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1729/2023 16.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-55/2023 nömrəli, 28 fevral 2023-cü tarixli qərarından dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Döv lət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru – Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 08 avqust 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, işləməyən, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Salahlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamışdır. 2. 05 mart 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 18 mart 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsini n hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 30 noyabr 2021-ci il tarixdə, saat 18:30-da ünvan 2 ünvanda şəxsiyyəti məlum olmayan, üzdən tanıdığı Ruslan adlı şəxsdən qanunsuz olaraq külli miqdarda, yəni 3 ədəd sellofan kəsiyinə bükülmüş bükümdə hər birində 2 ədəd olmaqla, ümumilikdə 6 ədəd bükümdə narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq ünvan 3 ünvanın qarşısına daşımış, həmin tarixdə, saat 19:00-da qeyd olunan ünvanın qarşısında Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq həmin şöbəyə apar ılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarın arxa sağ cibindən pul kisəsinin içərisində olan 3 ədəd sellofan kəsiyinə bükülmüş hər birində 2 ədəd olmaqla, ümumilikdə 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,362 qram, 0,373 qram, 0,340 qram, 0,316 qram, 0,372 qram və 0,363 qram, ümumi təmiz çəkisi 2,126 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-834/2022 nömrəli, 31 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsind ə çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 30 noyabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti və şikayətə əlavə verib hökmün ləğv edilməsi, əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməklə ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-55/2023 nömrəli, 28 fevral 2023-cü tarixli qərarı ilə apellyasiya şikayəti və ona əlavə qismən təmin olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-834/2022 nömrəli, 31 may 2022c i il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, hökm apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya protestində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar çıxarılarkən cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəm iyyət kəsb edə biləcək sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilməmiş, nəticədə məhkum edilmiş şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə səhv tövsif edilmişdir. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)55/2023 nömrəli, 28 fevral 2023-cü tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilir.

10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətl ərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələri ndən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəmə si tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol verildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-55/2023 nömrəli, 28 fevral 2023-cü tarixli qərarını yoxlayıb, ar aşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ü mumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayə t əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

21. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası dövlət ittihamçısının Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

22. Belə ki, Məhkum əməlinin səhv olaraq Azərbayc an Respublikası CM-nin 234.1ci maddəsinə tövsif olunmasının mübahisələndirilməsi üzrə dövlət ittihamçısının hazırda irəli sürdüyü dəlillərinə məhkumun şikayəti və şikayətə əlavənin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi tərəfindən artıq ətraflı münasibət bildirilmiş, məhkəmə baxılmış sübutların məcmusuna və həmin sübutlara uyğun müəyyən edilmiş işin həqiqi hallarına əsaslanmaqla Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi faktının sübuta yetirilmədiyi haqqında nəticəyə gəlmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək müəyyən etmişdir ki, ibtidai istintaq orqanı Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürsə də, nə məhkəməyədək, nə də ki birinci instansiya məhkəməsində məhkəmə baxışı dövründə onun narkotik vasitələrin satışı ilə məşğul olmasını, bununla bağlı hər hansı şəxslə danışıq aparmasını və bu barədə sövdələşməsini, potensial müştərilərdən narkotik vasitələrin dövriyyəsi ilə bağlı sifarişlərin almasını və həmin sifarişləri icra etməsini, müştərilər çevrəsinə malik olmasını təsdiqləyən hər hansı bir sübut əldə edilməmişdir.

24. Qeyd edilənlərə əsaslanmaqla apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, şəxsin üzərindən 3 ədəd sellofan kəsiyinə bükülmüş hər birində 2 ədəd olmaqla, ümumilikdə 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,362 qram, 0,373 qram, 0,340 qram, 0,316 qram, 0,372 qram və 0,363 qram, ümumi təmiz çəkisi 2,126 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkarlanması faktı yuxarıda sadalanan digər mühüm halların müəyyən edilmədiyi halda, yalnız öz-özlüyündə həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq etmir.

25. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələ üzrə gəldiyi nəticə işin hallarının obyektiv araşdırılmasına və Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib edə biləcək dəlil gətiri lmədiyindən, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

26. Qeyd edilən nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

27. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqləni r və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayətprosessual qanunvericiliyində müəyyən edilmiş bu təməl qayda, həmçinin Konstitusiyanın 133-cü maddəsinin İ hissəsində nəzərdə tutulmuş Azərba ycan Respublikası Prokurorluğunun səlahiyyətlərinin mahiyyətindən irəli gəlir. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır, məhkəmədə dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, məhkəmə qərarlarından protest verir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 31 oktyabr 2022-ci il).

28. Tamamil ə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).

29. Məhkəmə kollegiyası xatırladır ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətin i yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 2, § 9, 4 mart 2011-ci il).

30. Avropa Məhkəməsinin formalaşmış presedent hüq uquna görə də, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020-ci il). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsinin qərarlarında qeyd edilən, eləcə də bir sıra, o cümlədən Rusiya və Ukrayna kimi dövlətlərin hüquq mühafizə orqanlarının geniş istifadə etdiyi, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarım bəndi ilə də nəzərdə tutulmuş, nəzarət qaydasında mal alınması qəbul edilmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021-ci il).

31. Belə, yəni aparılmış istintaq nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinin məhz satış məqsədi ilə həyata keçirildiyini təsdiqləyən heç bir sübut növünün məhkəməyə təqdim edilmədiyi halda, yalnız Məhkum üzərindən aşkar edilmiş narkotik vasitənin hər han sı həddə şəxsi istehlak miqdarından artıq miqdarda olduğuna görə, onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətdiyi əsasla cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı.

32. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair gəldiyi nəticəsi ilə razılaşır və hesab edir ki, hazırda mübahisələndirilən qərar maddi və prosessual cinayət-hüquqi normalarına, eləcə də məhkəmə təcrübəsinə uyğundu r.

33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir.

34. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

35. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, B akı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-55/2023 nömrəli, 28 fevral 2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-55/2023 nömrəli, 28 fevral 2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar