Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1735/2025 17.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-293/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 22 avqust 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 19 sentyabr 2023-cü il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının adını bilmədiyi vətəndaşının və qeyrilərinin satış məqsədi və tamah niyyəti ilə istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə göndərdikləri qanunsuz olaraq külli miqdarda 5.750,00 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 2.435,00 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 3.030,00 qram çəkidə narko tik vasitə tiryəyi, külli miqdarda 1.010,00 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 4 qram olan 100 ədəd narkotik vasitə metadon həbini əldə edib üzərində daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 17 fevral 2023-cü il tarixdə, saat 00:10-da Yevlax rayonu, Quşçu kəndində Yevlax-Ağdaş avtomobil yolunun sağ tərəfində yerləşən giriş qapısının yanına “Şeyx İmamverdi Baba” Ziyarətgahı yazılmış qəbiristanlığının qarşısında olan yolun kənarında saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada həmin gün, s aat 01:40-dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlində saxladığı bir ədəd göy rəngli üzərində fars əlifbasının hərfləri ilə yazılar olan polietilen kisənin içərisindən 05 ədəd sellofan bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1.095,00 qr, 1.085,00 qr, 1.135,00 qr, 1.155,00 qr və 1.280,00 qr olmaqla ümumi təmiz çəkisi 5.750,00 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd sellofan bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1.125,00 qr və 1.310,00 qr olmaqla ümumi təmiz çəkisi 2.435,00 qram olan narkotik vasitə heroin, 02 ədəd sellofan bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1.545,00 qr və 1.485,00 qr olmaqla ümumi təmiz çəkisi 3.030,00 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd sellofan bağlamada külli miqdarda təmiz çəkisi 1.010,00 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd kağız qutuda 10 ədəd üzərlərində “Methadone 40” yazısı olan blisterlərdə ümumilikdə 100 ədəd külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 4 qram olan narkotik vasitə metadon həbi aşkar edilərək götürülmüşdür.
5. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-52/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 17 fevral 2023-cü il tarixdən h esablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, hökmün ləğv edilməsini və barəsində daha ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-293/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-52/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkum narkotik vasitə istifadəçisidir, heç vaxt satış və ya daşıma ilə məşğul olmamışdır. O, məcbur olub polis əməkdaşının dediklərini öz etirafı kimi çəkilişlə boynuna almışdır. Məhkəmə iclaslarında bu faktları bildirsə də, məhkəmələr buna məhəl qoymadan ədalətsiz qərar qəbul etmişlər. İttiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi də öz təsdiqini tapmamış, buna dair heç bir sübut təqdim edilməmişdir. Məhkəmələr cəzasını yüngülləşdirən halları, ilk məhkumluğunu, yaşlı və xəstə valideynlərinin olmasını, himayəsində bir azyaşlı övladının olmasını və arvadının rəhmətə getməsini, əməlini səmimi etiraf etməsini nəzərə almadan ona ağır cəza təyin etmişlər. Göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-293/2024 nömrəli, 24 iyul 2024-cü i l tarixli qərarının ləğv edilməsi, məsuliyyətini yüngülləşdirən xüsusatları və işin faktiki hallarını nəzərə almaqla verilən ittiham üzrə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin xaric edilməsi, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin həmin Məcəllənin 234.1-ci maddəsi ilə əvəz edilməsi və həmin maddə ilə nəzərdə tutulmuş cəza təyin edilməsi xahiş edilir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının pre dmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüq uqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum törətdiyi cinayət əməlinin səhv tövsif edildiyini, həmçinin ona təyin edilmiş cəzanın ağır olduğunu iddia etməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan görür və bu müraciətlərlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)293/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
17. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respubli kası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
20. Şərh edilən maddi və prosessual cinayət-hüququ normaların tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Azərbaycan Respublikası Ali M əhkəməsi Plenumunun tövsiyələrini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
21. Belə ki, məhkumun birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi aparılan qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqs irli bilməsə də, onun həmin cinayəti törətməkdə təqsiri məhkəməyədək icraat dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, video çəkilişdən istifadə etməklə keçirilmiş şəxs axtarış və baxış protokolu, digər istintaq və məhkəmə hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübuta, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
22. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətləri nin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulan cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddələr ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığı ndan, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.
24. Məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin dəyişdirilməsi nəticəsində cəzasının yüngülləşdirilməsinə dair kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, əməlin hüquqi tövsifinin düzgün müəyyən edilməsi ilə yanaşı məhkuma təyin edilmiş cəzaya münasibətdə də apellyasiya instansiyası məhkəməsi əsaslı nəticəyə gəlmişdir.
25. Belə ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın islah olunmasına və ailəsin in həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hallar olaraq yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə - 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmiş, birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsi tərəfindən eyni əsaslarla təsdiqlənmişdir.
26. Məhkum daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etməyən məhkəmə kollegiyası həmin məhkəmələrin cəza təyin edilməsinə dair mövqeyi ilə razılaşır və hesab edir ki, onların bu hissədə gəldiyi nəticə yuxarıda istinad edilən maddi və pro sessual cinayət-hüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə xidmət edir.
27. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində dövründə məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Re spublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
28. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
29. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-293/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən veri lmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-293/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.