Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1736/2023 21.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, məhkumlar Məhkum1 və Məhkum2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-15/2023 nömrəli, 03 mart 2023-cü il tarixli qərarından Dövlət ittiha mçısı3 tərəfindən verilmiş kassasiya protestinə, məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum1 xx xxxx 1959-cu il tarixdə Xaçmaz rayonunda anadan olmuş, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Məhkum2 xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 2. 26 avqust 2021-ci il tarixli ittiham aktına görə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ittiham ela n edilmişdir. 3. 29 sentyabr 2021-ci il tarixdə Quba rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1 və Məhkum2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə: Məhkum1 01 may 2021-ci il tarixdə saat 18:20 dəqiqədə oğlu Məhkum2 ilə bir qrup şəxs halında Quba şəhəri, Həsən Əliyev küçəsində yerləşən “İlqaroğlu” marketin qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə qayını Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruqla zərbə vurub yerə yıxdıqdan sonra oğlu ilə birlikdə çoxsaylı yumruq və təpik zərbələri vuraraq Zərərçəkmiş şəxs alt dodaqda solda selikli qişada q ançır qansızma kimi sağlamlığa zərər vurmayan, baş-beyin silkələnməsi ilə müşayiət olunan hər iki göz altında qançır hematoma və burun sümüklərinin yerini dəyişməyən sınığı ilə müşayiət olunan burun belində əzilmiş yaralardan ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq törətmişdir. Məhkum2 01 may 2021-ci il tarixdə saat 18:20 dəqiqədə atası Məhkum1 ilə bir qrup şəxs halında Quba şəhəri, Həsən Əliyev küçəsində yerləşən “İlqaroğlu" marketin qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə dayısı Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruqla zərbə vurub yerə yıxdıqdan sonra atası ilə birl ikdə çoxsaylı yumruq və təpik zərbələri vuraraq Zərərçəkmiş şəxs alt dodaqda solda selikli qişada qançır-qansızma kimi sağlamlığa zərər vurmayan, baş-beyin silkələnməsi ilə müşayiət olunan hər iki göz altında qançır hematoma və burun sümüklərinin yerini dəyişməyən sınığı ilə müşayiət olunan burun belində əzilmiş yaralardan ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq törətmişdir.
5. Quba Rayon Məhkəməsinin 1(027)-4/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli hökmü ilə: Məhkum1 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılma sı cəzasına məhkum edilməsi, cəzanın icrası müddətinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması; Məhkum2 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzanın icrası müddətinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum2, onun müdafiəçisi Müdafiəçi4, təqsirləndirilən şəxs Məhkum1 və Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105) -15/2023 nömrəli, 03 mart 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 1(027)-4/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti, məhkumlar Məhkum1 və Məhkum2 ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
9. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəlilləri eynidir, dövlət ittihamçısı onları təkrarlayaraq kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1. 21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirib həmin əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-15/2023 nömrəli, 03 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.
10. Məhkumlar Məhkum1 və Məhkum2 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində əməllərində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin tərkib əlamətlərinin olmadığını iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, onlara bəraət verilməsini xahiş edirlər.
11. Kassasiya protestinə və kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası mə hkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Dövlət ittihamçısı kassasiya protestində Məhkum2 təyin edilmiş c əzanın yüngül olduğunu iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
17. Məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətlərində əməllərində cinayət tərkibinin olmadığını iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişlər.
18. Odur ki, məhkəmə kollegiyası hər üç kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bununla əlaqədar Sumqayıt Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-15/2023 nömrəli, 03 mart 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkum un islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkıldə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli q ərarları).
20. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məq sədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
21. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
22. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cə zanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
23. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində təsbit olunmuş, bu Məcəllənin 61.2-ci maddəsinə görə həmin Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində sadalanmış halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
24. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
25. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə m üəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
26. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.
27. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-nin 416.1.21ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instan siyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
28. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüng ül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.
29. Kassasiya protestində irəli sürülmüş dəlillər istinad edilən maddi və prosessual cinayət-hüquqi tələblərlə müqayisədə nəzərdən keçirildikdə müəyyən olunur ki, onlar Məhkum2 təyin olunmuş cəzanın yüngül olması haqqında nətic ə çıxarmaq üçün əsas vermir.
30. Belə ki, kassasiya protestində qeyd olunduğu kimi Məhkum2 törətdiyi və Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmişdir.
31. Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.
32. Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, yəni məhkum edildiyi Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlıqdan tam təcrid etmə ilə bağlı olmayan, lakin azad hərəkət etmənin qarşısını alan cəzanın yuxarı həddinə yaxın cəza təyin edilmişdir.
33. Birinci instansiya məhkəməsi həmin cəzanı Məhkum2 təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən hal kimi onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cəzasını yüngülləşdirən hallar kimi Məhkum2 da ilk dəfə az ağır cinayət törətməsini, gənc olmasını və anasının birinci qrup əlil olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almışdır.
34. Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsi tərəfindən də eyni əsaslarla təsdiqlənmişdir.
35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum2 cəza təyin edilməs inə aid mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur. Məhkəmələr törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumların şəxsiyyətini səciyyələndirən halları, cəzalarını yüngülləşdirən halların məcmusunu, məsuliyyətini ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini əsaslı olaraq nəzərə alıb, ona cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.
36. Məhkəmə kollegiyası məhkum İ.S. Mirəliyev barəsində daha ağır cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
37. Məhkəmə kollegiyası həmçinin məh kumlar Məhkum1 və Məhkum2 onların əməlində cinayət tərkibinin olmadığına dair kassasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
38. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
39. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmamas ı barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın dü zgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
41. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası məhkumlar Məhkum1 və Məhku m2 onların əməlində cinayət tərkibinin olmadığına dair kassasiya şikayətlərinin dəlillərini əsassız hesab edir.
42. Belə ki, apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutlar istinad edilən maddi və prosessual cinayəthüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrıayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, məhkumlar Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətmələrinin təsdiqi Məhkum1 qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübutlar, o cümlədən video görüntülərlə, məhkəmə-tibbi ekspertizaları nın rəyləri, eləcə də cinayət işinin materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
43. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlanılarkən sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə məhkumlar Məhkum1 və Məhkum2 hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onların əməllərində Cinayət Məcəlləsinin ittiham edildiyi həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu madd ə ilə onlarınn təqsirli bilinmələrini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
44. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası məhkumlar Məhkum1 və Məhkum2 cinayət əməlinin törədilməsində təqsirli olduqları barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
45. Qeyd edilənlər kassasiya protestinə və kassasiya şikay ətlərinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin müəyyən edilmədiyini, yəni həmin müraciətlərin təmin edilməsi, mübahisələndirilən qərarın isə ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
46. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayətləri təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-15/2023 nömrəli, 03 mart 2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti, məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqd a verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-15/2023 nömrəli, 03 mart 2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanılsın.