Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1746/2025 08.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 149.2.4 və 150.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiy a Məhkəməsinin Cinayət kollegiyasının 2024-ci il 16 aprel tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X1 (sədrlik edən), X9 və X4 qızından ibarət tərkibdə) 2023-cü il 30 noyabr tarixli, 1(101)-1142/2023 nömrəli hökmü ilə xx.xx.1981-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, 2-ci ünvan 2 yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 149.2.4 və 150.1-ci maddələrində nəzə rdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək, CM-in 149.2.4-cü maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 150.1-ci maddəsi ilə isə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsi ilə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2023- cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmdən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (X2 (sədrlik edən), X7 və X6 ibarət tərkibdə ibarət tərkibdə) 2024-cü il 16 aprel tarixli, 1(103)-333/2024 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, hökm həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkum xx.xx.2022-ci il tarixdə, saat 23:55 radələrində fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olduğu "Mercedes Benz E320” markalı, Az 10-UL971 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi adlanan ərazidə dayanıb müştəri gözləyən zaman, müştəri qismində ona yaxınlaşmış Zərərçəkmiş şəxs ilə digər müştəriləri də götürmək şərti ilə 10 manat müqabilində Şirvan şəhərinə aparacağına dair razılaşdıqdan sonra, avtomobilinə əyləşmiş Zərərçəkmiş şəxs təxminən bir saat müştəri götürmək adı ilə gözlətmiş, daha sonra sonuncu ilə cinsi əlaqədə olmaq qərarına gəlib, həmin niyyət ini həyata keçirmək üçün Zərərçəkmiş şəxs yalandan digər müştəriləri də şəhərin müxtəlif ünvanlarından götürərək Şirvan şəhərinə birlikdə gedəcəklərini bildirməklə aldadıb həmin avtomobili hərəkətə gətirərək xx.xx.2022ci il tarixdə saat 02 radələrində cinayət əməlini həyata keçirmək üçün münasib bildiyi yerə, yəni Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan yolu 32K nömrəli evin yaxınlığında yerləşən, ətrafda heç kimin olmadığı, qaranlıq əraziyə gətirib, idarə etdiyi avtomobili saxlayıb, sükandan düşərək Zərərçəkmiş şəxsmn avtomobildə əyləşdiyi arxa sağ oturacaq tərəfə keçib sonuncu ilə cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs buna qəti etirazını bildirdikdə, Zərərçəkmiş şəxs zor tətbiq edəcəyi ilə hədələyərək "problem axtarırsan özünə” ifadələrini işlətməklə eyakulyasiya (boşalmaq) olmaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs müqavimət göstərmək istədikdə üzərində gəzdirdiyi istintaqa məlum olmayan tiyəsi açılıb-qatlanan bıçağı çıxarıb aşkar nümayiş etdirib, öldürməklə hədələyəcəyinə işarə edərək, qorxudub müqavimətini sındırdıqdan sonra sonuncunun ağlamasına və yalvarışlarına məhəl qoymadan əvvəlcə sərtləşmiş cinsi orqanını zorla Zərərçəkmiş şəxsmn ağız boşluğuna salaraq oral yolla sonuncuya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş, daha sonra Zərərçəkmiş şəxs əynində olan paltarları çıxartmağa məcbur edib, sonuncunun iradəsinə zidd olaraq onunla cinsi əlaqədə olmuş, bununla da o, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs zor tətbiq etmə ilə hədələyərək ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş, habelə öldürmə və zor t ətbiq etmə ilə hədələyərək sonuncu ilə cinsi əlaqədə olmaqla zorlamışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ittiham tərəfi zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs tərəfindən hədələndiyini iddia edərək hazırki ittihamı irəli sürməkdədir ki, bu ittihamda iki “sübuta” əsaslanmışdır. Onlardan birincisi mövcud olmayan bıçaqdır ki, ittiham bunu əsaslı saymışdır. Maraqlıdır ki, bu dəfə də ittiham həmişə olduğu kimi “zərərçəkmiş həmişə haqlıdır” şüarına sadiq qalmışdır. İş materiallarına diqqət etsək zərərçəkmiş şəxsin kifayət qədər soyuqqanlı bir şəxs olmasının şahidi oluruq, bu şəxs ekstrimal şəraitdə belə özünü itirmir, mobil telefonu vasitəsilə 25 dəqiqəlik danışığı qeydə alı r. Yəni, bütün bu proses boyu təqsirləndirilən şəxsdən fərqli olaraq zərərçəkmiş şəxs gözəl bilirdi ki, aralarında olan danışıq yazılır. Bu zamanda təqsirləndirilən şəxsi cinsi əlaqədən çəkindirmək üçün özünün “SPİD” xəstəsi olması barədə deməyi belə özü-özlüyündə zərərçəkmişin hadisə zamanı adekvat qərarlar vermək qabiliyyətində olmasının sübutudur. Belə olan təqdirdə nədənsə 25 dəqiqəlik səs qeydində bıçaqla bağlı bircə söz belə eşidilmir. Özü də zərərçəkmişin deməsinə görə bıçaq hadisənin lap əvvəlində peyda olmuşdur. Həmin müddətdən sonra isə onun təqsirləndirilən şəxslə uzun dəqiqələr ərzində dialoqunda yenə də bıçaqla bağlı heç nəyə rast gəlinmir. Birmənalı olaraq bıçaq versiyasının zərərçəkmişin uydurması olmasının qənaətinə gəlmək olur. Təəssüf doğuracaq hal isə ittihamın ortada real əsaslar olmadan tək zərərçəkmişin sözünə istinadla müdafiəçisi olduğu şəxsə qarşı ağır ittiham irəli sürməsidir. Zərərçəkmiş şəxs DİN 102 xidmətinə etmiş olduğu zəng isə ümumiyyətlə araşdırılmamışdır. Müdafiəçisi olduğu şəxsin Zərərçəkmiş şəxs “problem axtarırsan özünə” ifadələrini işlətməsini ona qarşı zor tətbiq edəcəyi ilə hədələmə kimi dəyərləndirmə ittihamın ikinci “sübutudur”. Buna dair izah təqsirləndirilən şəxs tərəfindən verilmişdir. O izah etmişdir ki, bu sözü Salmanova ilə birlikdə olduğu maşının yaşayış evlərinə çox yaxın olmasına görə işlətmişdir. Çünki gecə saatları olmasına rəğmən ərazidə yaşayanların evlərinə gəlməsi yaxud evlərindən çıxması gözlənilən idi ki, bu zamanda təbii ki, xoşagəlməz vəziyyət yaşanması-yəni problem yaranması labüd idi. Yəni, bu ifadənin təqsirl əndirilən şəxs tərəfindən işlədilməsində qeyri-adi heç nə yox idi və bunun təhdid, hədə kimi dəyərləndirilməsi absurddur. İstintaqın bu məqsədlə linqivistik ekspertiza rəyi almaması, zərərçəkmişin psixoloji durumu ilə bağlı ekspertizanın mövcud olmaması dediklərini bir daha təsdiqləməkdədir. Dediklərini habelə digər fakt da təsdiq etməkdədir ki, zərərçəkmiş şəxs yetərincə ayıq-sayıq, çətin durumlarda aciz vəziyyətdə qalmayan bir şəxsdir. Müdafiəçisi olduğu şəxs hadisə yerini xatırlamamışdır, ondan fərqli olaraq isə zərərçəkmiş şəxs həyatında birinci dəfə, özü də gecə radələrində gördüyü ərazini detallı təsvir etmişdir. Halbuki müdafiəçisi olduğu şəxs həmin əraziyə yaxın yaşasa da o, bu yeri səhv salaraq doğru göstərə bilməmişdir. Bu elə özlüyündə zərərçəkmişin qorxu, həyəcan içində olmadığ ının əyani sübutudur. Əks halda o, doğurdan da, qorxu, həyəcan, çaşqınlıq içində olsa idi, nə ərazini, nə getdiyi marşurutu, nə də digər xüsusatları dəqiqliklə yadda saxlaya bilməzdi. Yetərincə diqqətcil və ayıq-sayıq olan bu şəxs, hətta təqsirləndirilənin maşının şəklini də çəkmək istəmişdir. Habelə, zərərçəkmiş şəxs heç bir halda köməksiz vəziyyətdə olmamışdır. Bütün müddət ərzində onun mobil telefonu daim özündə olmuşdur, həmin telefon aktiv olmaqla işlək vəziyyətdə idi. Zərərçəkmişin telefonuna mütəmadi zənglər gəlmişdir. Hətta “zorlama” baş verməmişdən öncə də ona zəng gəlmişdir ki, zərərçəkmiş şəxs zəng etmiş şəxsə daha sonra zəng edəcəyini bildirərək danışığı öz istəyi ilə, bəli məhz öz istəyi ilə sonlandırmışdır. Halbuki bu zaman zərərçəkmiş ona zəng etmiş yaxın qohumuna düşdüyü du rumu izah edərək kömək istəyə, yaxud polis çağırmasını xahiş edə bilərdi. Həmçinin, avtomobilin qapıları xarab olduğundan ümumiyyətlə bağlanmamışdır, qapılar açıq olmuşdur. Ərazi mərkəzi yola çox yaxın olmaqla, yaşayış evlərinin bir neçə metrliyində idi. Zərərçəkmişin əl-qolu açıq idi, hər hansı bir müqavimət göstərməmiş, qaçmağa, qışqırmağa, kömək çağırmağa cəhd etməmişdir. Buna mane olacaq durum yox idi. Mobil telefonu daima özündə olmuşdur. Telefon vasitəsilə də mesaj, zəng etməklə heç kimdən kömək istəməmişdir. Bununla yanaşı təqsirləndirilən şəxs bildirmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə birlikdə özünə məxsus avtomobildə söhbət edən zaman sonuncunun rəftarları həddən ziyadə səmimi və təhrikedici olmuşdur. Söhbət əsnasında razılaşdıqları kimi o, Zərərçəkmiş şəxs Şirvan şəhərinə evlərinə aparacaqdı və eləcə də ona öz üzərində az miqdarda pulu olduğundan kartından çıxarıb pul verəcəkdi. Sonradan bu vədlərinin heç birini yerinə yetirmədiyinə görə Zərərçəkmiş şəxs tərəfindən əvvəlcədən düşünülmüş planlı şəkildə oynanmış oyunda hazırkı vəziyyətə düşmüşdür. Belə ki, sonradan zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş səs yazısına qulaq asdıqda o məsələnin nə yerdə olduğunu anlamışdır. Çünki zərərçəkmiş şəxs həmin səs yazısını yazan zaman səs qeydində olan dediklərinin əksi olaraq başqa hərəkətlər etmişdir. Təbii ki, indiki şəraitdə həmin edilmiş hərəkətlərin nə videogörüntüsü yoxdur, nə də ki zərərçəkmişin reallığı demək həvəsi mövcud deyildir. Zərərçəkmişə iki dəfə digər maşınla Şirvan şəhərinə getmək təklifindən imtina etməsidə maraq və diqqət çəkən nüansdır. Maşı nda arxa oturacaqda söhbət edən zamanda zərərçəkmiş şəxs onun ayaqlarını, digər bədən əzalarını əlləri sığallamış, lakin bu zaman da paralel olaraq səs yazısında əks edilmiş danışıqları etmişdir. Bunun səbəbini də sonradan anlamışdır. Çünki o, zərərçəkmişə zor tətbiq etməmişdir, zor tətbiq etmək niyyəti də olmamışdır və ya zor tətbiq edəcəyi ilə də hədələməmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2024-cü il 16 aprel tarixli 1(103)-333/2024 nömrəli qərarının ləğv edilməsini və Məhkum barəsindəki cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 149.2.4 və 150.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-ci il 16 aprel qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kass asiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya in stansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və ona bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını k assasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. H əqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübut a yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməs ində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında yoxlanılaraq qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkə n törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddələrin sanksiyaları həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16.4.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublik ası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 30 noyabr tarixli, 1(101)-1142/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4 və 150.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-ci il 16 aprel tarixli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1746/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1746/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver