Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1750/2025 23.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmanov Nazim Nəriman oğlunun, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 aprel 2024-cü il tarixli, 1(103)-842/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx.xx.2002-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam-orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Səccad” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı “Səccad” adlı şəxs və qeyrilərinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı gizlədiləcəyi yerdən götürüb özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul və narkotik vasitə vədinə əsasə n qeyd edilən narkotik vasitələri əldə etmək qərarına gəldikdən sonra xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanına gedərək orada İran İslam Respublikası vətəndaşı “Səccad” adlı şəxs və qeyrilərinin göndərdiyi külli miqdarda 6070 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı bir ədəd sellofan torbada satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 22:30-da ünvan 2 ünvanında saxlanılaraq ünvan 3aş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərək xx.xx.2023-cü il tarixdə saat 00:14-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən sol əlində saxladığı s arı rəngli sellofan torbanın içərisindən 1 ədəd bağlamada külli miqdarda təmiz çəkisi 6070 (altı kiloqram yetmiş qram) qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X12 (sədrlik edən), X6 və X2 ibarət məhkəmə tərkibində) 12 fevral 2024-cü il tarixli, 1(101)-721/2024 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 15 may 2 023cü il tarixdən hesablanması, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verərək, əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsini, barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət məhkəmə tərkibində) 9 aprel 2024-cü il tarixli, 1(103)-842/2024 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, onun CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün məhku m edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 aprel 2024-cü il tarixli, 1(103)842/2024 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlilləri qismində aşağı instansiya məhkəmələri tərəfindən gəlinmiş nəticələrə istinadlar edilərək qeyd edilmişdir ki, gənc olması, ilk məhkumluğunun olması, atasının 1-ci Qarabağ müharibəsi qazisi və İİ qrup əlil olması, özünü 2021-ci ildə antiterror əməliyyatında iştirak etməsini və digər yüngülləşdirici hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qeyd etdiklərinə əsasən məhkəmədən Bakı Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının 9 aprel 2024-cü il tarixli, 1(103)842/2024 nömrəli qərarının ləğv edilməsini və barəsində daha yüngül həddə cəza təyin edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
9. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:
10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum, tərəfindən verilmiş kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı İmanov Nazim Nəriman oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:
12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
13. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
15. Məhkum kassasiya şikayətində barəsində təyin edilmiş cəzanın ağırlığını mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
16. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 aprel 2024cü il tarixli, 1(103)-842/2024 nöm rəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
18. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
19. Cəzanın təyin edilməsinin ümumi əsas larını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
20. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
21. Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM- in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
22. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
23. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasları n məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
24. Qeyd olunan cinayət-hüquqi normalarının və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum ona münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
25. Belə ki, Məhkum əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsi və onun barəsində daha yüngül cəza təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 1(101)-721/2024 nömrəli hökmü ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.
26. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, məhkum edilmiş şəxs Məhkum cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran (müəyyən edilməmişdir) və yüngülləşdirən hallar (ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, qeydiyyat yeri üzrə müsbət xarakterizə edilməsi), onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Məhkum şəxsiyyəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha yüngül cəza təyin olunmasını qanunamüvafiq saymamış və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşmışdır.
27. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmayaraq hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.
28. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanıl ması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.
29. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CP M-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
30. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
31. Odur ki, məhkəmə kollegiyası məhkumun və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 aprel 2024-cü il tarixli, 1(103)-842/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 aprel 2024-cü il tarixli, 1(103)-842/2024 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.