Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1765/2025 17.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-274/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx xxx-ci il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, x-də daimi yaşayış qeydiyyatında olmaqla ünvan 1 ünvanında yaşayır. 2. 30 iyul 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, 21 fevral 2024-cü il tarixdə, saat 12 radələrində ünvan 2 ünvanında yerləşən “X” kafesinin mətbəxində onunla eyni kafedə xadiməçi kimi çalışan Zərərçəkmiş şəxs ilə aralarında cüzi səbəbdən yaranmış mübahisə zamanı öz şəxsiyyətini Zərərçəkmiş şəxs üstün tutması fövqündə h eç bir əsaslı səbəb olmadan ucadan səs-küy salaraq Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə 3-4 dəqiqə ərzində səs-küyün yaranmasına səbəb olmuş, həmin səsə görə toplaşmış şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək hərəkətlərini davam etdirməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək mətbəxdən götürdüyü silah qismində istifadə etdiyi şüşə külqabı ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən vuraraq sonuncuya burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan, burunun şişkinliyi və sə thi əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və üst dodağın şişkinliyi, içəri səthinin qançırı və səthinin əzilmiş yarası ilə müşayiət olunan, bu dodağın səthi əzilmiş yarası kimi sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə, həmçinin ağzında olan 600 manat dəyərində diş protezinin sınaraq yararsız hala düşməsi ilə nəticələnən xəsarət yetirmiş və bundan sonra xuliqanlıq hərəkətlərini davam etdirərək X” kafesinin yerləşdiyi Zivərbəy Əhmədbəyov küçəsinə çıxaraq orada olan insanların gözü qarşısında yüksək səslə nalayiq ifadələr işlədib Zərərçəkmiş şəxs saçlarını yolmaqla qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. 3. 16 avqust 2024-cü il tarixdə Bakı şəhəri Yasa mal Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Məhkum törədiyi əməldə xuliqanlıq cinayətinin motivləri olmamış, zərərçəkmiş şəxsə yetirdiyi bədən xəsarətləri yüngül zərər vurmaya aid olduğundan onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkibini yaradır.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-475/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli hökmü ilə Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən eyni Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə təqsirli bilinib, 01 (bir) il müddətə azadlığın məhdudlaşd ırılması cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Hökmdən Zərərçəkmiş şəxs apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasına əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və ona dəymiş 6.000 (altı min) manat məbləğində maddi ziyanın ödənilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-274/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-475/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin qərarından Zərərçəkmiş şəxs kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, zərərçəkmiş şəxs onları təkrarlamaqla əlavə olaraq qeyd etmişdir ki, məhkəmələr cəza təyin edərkən onun müalicəsinə və diş protezini yenidən düzəltməsinə, eləcə də belində olan fəqərə yırtığına ümumilikdə 6000 (altı min) manat olmaqla çəkdiyi xərcin, yəni vurulmuş zərərin ona geriyə ödənilməməsini nəzərə almamışlar. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-274/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsində Azərbaycan Respublikası C M-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması və vurulmuş 6000 (altı min) manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı obyektiv araşdırma aparılması üçün işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təş kil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, nəticədə Məhkum əməlinin düzgün tövsif edilmədiyi, ona vurulmuş maddi ziyanın ödənilmədiyi və məhkuma yüngül cəza təyin edildiyi iddia edilir, kassasiya xahişi fakt iki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-274/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
17. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan R espublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
18. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Qərarı, 18 mart 2025-ci il).
19. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetinı hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
20. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya şikayətində bildirilənlərdən fərqlənmir, kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarında gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və nəzərə alır ki, aşağı instansiya məhkəmələrinin qərarlarında kassasiya şikayətində istinad edilən məsələlərə dair artıq müvafiq ətraflı əsaslandırılmış cavablandırma verilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticə şikayət müəllifinin dəlillərinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hə r hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.
22. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərara münasibətdə kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə təkrar araşdırma aparılmadan həmin qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
23. Kassasiya şikayətinin 6000 (altı min) manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsinə dair tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında zərərçəkmiş şəxs tərəfindən cinayət təqibinin heç bir mərhələsində məhkum edilmiş şəxsə qarşı mülki iddia tələbinin irəli sürülməsi müəyyən edilməmişdir.
24. Halbuki, Azərbaycan Respublikası CPM 179.1-ci maddəsində təsbit edilmiş qaydaya görə, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.
25. Azərbaycan Respublikası CPM-nin 183.1 və 183.3-cü maddələrinin ümumi tələbinə görə isə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddi a verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır.
26. Zərərçəkmiş şəxs tərəfindən mülki iddia ərizəsi ilə müraciət olunmadığından məhkəmələr tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı məsələnin mümkünlüyü, müvafiq olaraq mülki iddianın həlli məsələsi araşdırılmamış, hökmün nəticəvi hissəsində mülki iddianın verilməməsi faktı öz əksini tapmış, apellyasiya şikayətində maddi ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürülsə də, lakin mülki iddia tələbi olmadığından, apellyasiya instansiyası məhkəməsi tərəfindən bununla bağlı əsaslı olaraq heç bir araşdırma aparılmamışdır.
27. Hazırki qərarın 12 və 13-cü paraqrafında qeyd edildiyi kimi isə, birinci və apellyasiya instansiyası məhkəmələ rindən fərqli olaraq, qanunverici kassasiya instansiyası məhkəməsinə nəinki əlavə məhkəmə istintaqı aparıb yeni sübutların əldə edilməsi istiqamətində tədbir görülməsi, hətta, cinayət işində mövcud olan sübutlara qiymət verilməsi səlahiyyətini verməmiş, cinayət işinin kassasiya araşdırmasını hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisəsi aparılan hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsinin yoxlanılması ilə məhdudlaşdırmışdır.
28. Təsvir edilənlərə əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada cinayət mühakimə icraatında mülki iddia tələbi ilə müra ciət etmədiyindən, kassasiya şikayətinin müvafiq dəlilləri mümkünsüz hesab edilməklə təmin edilməməlidir.
29. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-274/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-274/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.