Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1766/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-421/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qə bul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1983-cü il tarixdə Abşeron rayonunun Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. 2. 09 avqust 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 16 sentyabr 2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Qobu qəsəbəsinin ərazisində yerləşən 30 sentyabr 2021-ci il tarixli ********** nömrəli çıxarışla verilmiş X.Y.Tarverdi oğlunun xüsusi mülkiyyətinə verilmiş torpaq torpaq sahəsini öz sahəsi kimi göstərib, həmin sahənin 0,24 ha olduğunu, hər 0,01 hektarını 2000 manata olmaqla 48.000 manata satacağına və 27.000 manatı dərhal, qalan 21.000 manatı isə hissələrlə verəcəklərinə yalandan vəd verib aladaraq bu niyyətlə 2022-ci ilin yanvar ayının əvvəlində Abşeron rayonu Qobu qəsəbəsi ərazisində 500 manat, 11 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən 43 saylı notariat ofisində 21500 manat, 14 yanvar 2022-ci il tarixdə yenidən eyni notariat ofisində 4500 manat və 15 yanvar 2022-ci il tarixdə Abşeron rayonu Qobu qəsəbəsi ərazisində 500 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 13500 manat, Zərərçəkmiş şəxs2 13500 manat pulunu alıb, ümumilikdə 27.000 manat pulu ələ keçirmiş və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ümumilikdə 27.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
5. Abşeron Rayon Məhkəməsinin 1(012)-61/2023 nömrəli, 30 may 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Yusifov Elvin İbadət oğlu apellyasiya şikayəti verib, hökmün cəzanın müddəti hissəsində dəyişdirilməsi, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının minimum həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-421/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 1(012)-61/2023 nömrəli, 30 may 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilm ədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkumun cinayət təqibinin bütün mərhələlərində törətdiyi əməlini səmimi etiraf edib peşman olması, himayəsində biri xəstə olmaqla 2 uşağının olması, yaşadığı yer üzrə müsbət xasiyyətləndirildiyi, dəymiş ziyanı tam ödədiyi, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığına dair cəzasını yüngülləşdirən halların olması məhkəmələr tərəfindən kifayət qədər nəzərə alınmamış, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası minimum həddindən yuxarı müddətə təyin edilmişdir. Hesab edir ki, ona 1 il müddətə azadlığın m əhdudlaşdırılması cəzasının təyin edilməsi mümkün olduğu halda 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ədalətli olmamışdır. Məhkəmənin cəza təyini ilə bağlı mövqeyi işin faktiki hallarına və onun əməlinin ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və əməlinin xarakterinə uyğun deyildir. Göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-421/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin 1(012)-61/2023 nömrəli, 30 may 2023-cü il tarixli hökmünün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti hissəsində dəyişdirilməsi və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının minimum həddində təyin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübah isə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. M əhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum kassasiya şikayətində ona təyin edilən cəzanın həddinin ağırlığını mübahisələndirməklə daha yüngül həddə cəza təyin edilməsini xahiş edərək, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-421/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyə ti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
22. Təsvir edilən maddi hüquq normaların məzmunun dan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə u yğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
23. Məhkəmə kollegiyası Məhkum azadlığın məhdudlaşdırılması növündə cəzasının mimimum həddində cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.
24. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aid edilmiş, maddənin sanksiyasında dörd min manatdan yedd i min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
25. İş materiallarından göründüyü kimi, məhkəmələr Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni cinayətin az ağır cinayətlər kateqoriyasına aid edilməsini, onun şəxsiyyətini səciyyələndirən hal olaraq yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hallar olaraq əməlindən səmimi peşmançılıq keçirməsini, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi təqdirdə cəzanın məqsədlərinə nail olunacağı qənaətinə gələrək yekunda ona Cinayət Məcəlləsinin bu maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının orta həddində - 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmiş, bununla da Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.
26. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
27. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prins iplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
28. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
29. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, tə svir edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-421/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-421/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.